Mayın 13-də Heydər Əliyev Fondunun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində IX “Muğam” Televiziya Müsabiqəsinə start verilib. Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə yeniyetmə və gənclər iştirak edir.
Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov AZƏRTAC-a açıqlamasında bildirib ki, layihədə 10 azyaşlı və 20 böyük yaş qrupuna aid ifaçı iştirak edir. Üç ay ərzində bölgələrə səfərlər təşkil olunub və bu səfərlər nəticəsində istedadlı gənc ifaçılar seçilib. “Düşünürəm ki, çoxlu yeni və maraqlı səslər kəşf etmişik. Bu həm bizi, həm də xalqımızı sevindirəcək. Muğamımıza yeni nəfəs gəlir, bu da onun inkişafına böyük töhfə verir”, – deyə Mənsum İbrahimov vurğulayıb.
Xalq artisti Vamiq Məmmədəliyev isə bu il müsabiqənin 20 illiyinin tamam olduğunu bildirib. Onun sözlərinə görə, ötən illər ərzində “Muğam” Televiziya Müsabiqəsi sayəsində çox sayda istedadlı sənətkar yetişib və bu gün onlar muğam sənətimizin layiqli təmsilçilərinə çevriliblər.
“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyətimizə və ən əsası muğamımıza böyük diqqət ayırır. Muğam Azərbaycan xalqının əsas musiqisidir”,- deyə Xalq artisti əlavə edib.
Gecənin aparıcıları Mümtaz Xəlilzadə və Xədicə Sənanqızı diqqətə çatdırıb ki, bu il 200 namizəd arasından 30 finalçı seçilib. Yarış həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamları Azərbaycan Televiziyasının və “Mədəniyyət” TV-nin canlı efirində yayımlanacaq. Əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutacaq və hər kateqoriya üzrə qaliblər müəyyən olunacaq.
Müsabiqənin açılışı günündə Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışında səsləndirdiyi dəyərli fikirləri əks etdirən videoçarx təqdim olunub.
Yarışmanın ilk günü 13 müsabiqə iştirakçısı öz məharətini göstərib. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndiriblər. Müsabiqənin respublikanın regionları da daxil olmaqla 15 həftə ərzində keçirilməsi planlaşdırılır.
Müsabiqənin münsiflər heyətinin üzvləri arasında Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Müsabiqədə iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edir.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə səsləndirir, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edirlər.
Avqust ayının sonunda isə IX “Muğam” Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.