“Dövlət Dil Komissiyasının tərkibinə yenidən baxılmalı, yeni üzvlər seçilməlidir”. Bunu “ilkxeber.org”a açıqlamasında “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlı deyib.
Dövlət Dil Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanına görə, bu komissiya “Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə” yaradılıb. “Dövlət dili haqqında” qanunun həyata keçirilməsinin əlaqələndirilməsi üçün komissiyanın tərkibinə dövlət və hökumət strukturlarının rəhbərləri də daxil edilib.
Həmin şəxslər vəzifədən çıxarılanda Komissiyaın tərkibində dəyişiklik edilməlidir. Amma bu, baş verməyib.
Belə ki, artıq Komissiya sədrinin dörd müavinindən ikisi vəzifədən gedib. Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Akif Əlizadə həmin tarixdən AMEA-nın prezidenti deyil. Bundan başqa, Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı, Mikayıl Cabbarov Təhsil naziri, Əbülfəs Qarayev Mədəniyyət naziri, Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsini itirib. Komissiya üzvü Vasim Məmmədəliyev isə 13 oktyabr 2013-cü ildə dünyasını dəyişib.
V.Sadıqlının fikrincə, ümumiyyətlə, komissiyanın işi qənaətbəxş sayıla bilməz.
“Bir çox komissiya üzvləri tutduğu vəzifəni öhdəsindən gəlmir, “Dövlət dili haqqında” qanunun həyata keçirilməsinə ciddi nəzarət edilmir. Qanunvericiliyə əsasən, orfoqrafiya lüğəti 5 ildən bir təkmilləşdirilib yenidən nəşr edilməlidir. Amma 2004-cü ildən bu günə iki dəfə (2012-ci və 2013-cü ildə) buna uğursuz cəhd edilib. 2012-ci ildə nəşr edilən lüğət “ciddi nöqsanlara görə” satışdan yığışdırılıb, 2013-cü ildə nəşr edilən lüğət isə orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən çap edildiyi üçün hüquqi qüvvəsi olmayan elan edilib. Hər iki lüğətin üzərində Dövlət Dil Komissiyası adı var. Bu, yarıtmaz bir fəaliyyətin göstəricisidir”, – deyə FADMM sədri qeyd edib.