- Maraqlı

Dövrə vuran dərvişlərin rəqsi

Hətta heç vaxt Türkiyədə olmasanız belə, əminik ki, başlarına hündür papaq qoyan, dövrə vuraraq rəqs edən ağ libaslı kişilərin foto və ya videosunu həyatınızda, heç olmazsa, bir dəfə görmüsünüz. Onlar dərvişdir, çox maraqlı həyat tarixçəsi və ayinləri olan müsəlman zahidləridir. İndi Türkiyədə bir çox tamaşalarda dərvişlərin rəqsini görmək olar. Bəs “dərvişlərin rəqsi” nə deməkdir? Dərvişlər kimdir? Bu sənət necə yaranıb?

Dərvişlər barədə bildiklərimizdən başlayaq. Dərviş farscadan tərcümədə “yoxsul” və “miskin” deməkdir. Dərvişlər İslam dinində mistik cərəyanın – sufizmin ardıcıllarıdır. Sufilərdə “mənim” anlayışı yoxdur. Yəni dərviş heç vaxt “mənim papağımdır” deməz. Dünyada elə bir şey yoxdur ki, dərvişin olsun, çünki hər şey Allaha məxsusdur. Müxtəlif təriqətlərə məxsus dərvişlərin libasının rəngi və parçası fərqlənərdi. Amma onların hamısı xirqə adlanan üst geyimi geyinər, başlarına mahud və ya keçədən müxtəlif formalı çalma papaqlar qoyardılar. Xirqənin altından daha bir paltar geyinərdilər.

Dərviş libasının hər bir detalı mistik məna kəsb edirdi. Dərviş olmaq üçün bir sıra sınaqlardan keçmək lazım idi. Bu sınaqlar 1001 gün davam edərdi. Gələcək dərviş hər gün öz şeyxinə nəfsinə necə qalib gəldiyindən danışmalı idi. İslam ölkələrinin çoxunda sufi təriqətləri mövcud idi. Sufi-dərvişlərin bir qismi səyahət edər, bir qismi isə xanəgahlarda yaşayardı. Evlənib oğul-uşaq sahibi olmalarına, öz ailələri ilə yaşamalarına icazə verilirdi. Amma həftədə iki dəfə birgə ayinlərdə iştirak etmək üçün xanəgahlara toplanmalı idilər.

Ən məşhurları sufi təriqətləri Mövləvi (dövrə vuran dərvişlər) və Bektaşi təriqətləridir. Böyük sufi şairi və filosofu Mövlanə Cəlaləddin Rumi XIII əsrin ortalarında Türkiyənin Konya şəhərində “Mövləvi” adlı dövrə vuran dərvişlər təriqətinin əsasını qoyub. İslam dünyasının qoynunda yaranan, hazırda geniş yayılan sufizm qədim mənəvi kamilləşmə ənənəsidir. Amma bəzi sufi şeyxləri deyirlər ki, sufizmi nə müəyyən din, nə müəyyən tarixi dövr, nə müəyyən cəmiyyət, nə də müəyyən dil ilə məhdudlaşdırmaq olar.

Mövləvi təriqətində əsas ayin dərvişin Allaha qovuşmasına imkan verən dövrə vurmaq, yaxud fırlanmaq ayinidir. Sufilərin fikrincə, Allah hər bir insanın qəlbindədir.

Hər il Türkiyənin Konya şəhərində Mövləvi təriqətinin banisi Cəlaləddin Ruminin xatirəsinə həsr olunmuş festival keçirilir. Dünyanın hər yerindən sufilər və sufilər kimi dövrə vuran adamlar müqəddəs “Səma” rəqsi vasitəsilə Allaha qovuşmaq ayininin iştirakçısı olmaq üçün bura gəlirlər. Qeyd edək ki, Türkiyədə sufi təriqətləri 1925-ci ildə Atatürk tərəfindən qadağan edilib. Amma ötən əsrin 50-ci illərində bu mədəniyyəti yenidən dirçəlməyə başlayıblar.

Sufizmdə musiqi və rəqslər böyük rol oynayır. Dərvişlər hesab edirdilər ki, insan təkcə musiqi ilə müşayiət olunan ayinlər sayəsində Allaha qovuşub aydınlığa çıxa bilər. Hər bir rəqs hərəkətinin müəyyən mənası var. “Səma” rəqsi uzun müddət qanundan kənar olub və gizli şəkildə icra edilib. Möhtəşəm şoularda rəngarəng çıxışların təqdim olunduğu müasir dövrümüzdə bu rəqs islam dininin bir çox ardıcılları üçün hələ də diqqəti Allaha məhəbbət üzərində tam cəmləşdirmək imkanı olaraq qalır.

Sufi-dərvişlər təkkələrdə keçirilən səma məclislərinə toplaşarmışlar. Onların oturduqları böyük salon səmanaxa adlanırdı. Səma məclisləri İslam dini üçün müqəddəs sayılan gecələrdə, cümə günləri və Mövlanənin vəfatının ildönümünün qeyd olunduğu gün – dekabrın 17-də keçirilir.

Belə gecələrdə ibadət edilir, ayinlər icra olunur, sonra səmazənlər (rəqqaslar) salonda öz yerlərini tutur və şeyxin icazəsindən sonra dövrə vurmağa başlayırlar. Səmazənlərin rəqsi həmişə rəhbər tərəfindən idarə olunur. Rəqqasların başında başdaşı rəmzi olan hündür çalma var. Səmazənlər kəfənin rəmzi olan ağ cübbə geyinirlər. Amma rəqsə başlayan kimi cübbəni çıxarırlar. Bu da onu göstərir ki, səmazən ruhun təmizlənməsi ayininə hazırdır. Səmazən əllərini sinəsində çarpazlayır. Bu da vahid Allahın rəmzidir. Sonra səmazən qollarını geniş açaraq dövrə vurmağa başlayır. Bu isə o deməkdir ki, o, bütün dünyanı qucaqlamağa hazırdır.

Rəqs Mustafa İtrinin bəstələdiyi musiqinin sədaları altında başlayır. Zərb aləti Allahın Kainatı yaratmaq fərmanının rəmzidir. Mahnıda Mövlanənin məziyyətlərindən danışılır. Dövrə vuran dərviş sanki ilahi enerji qəbul edirmiş kimi sağ əlini yuxarı, bu enerjini insanlara ötürürmüş kimi sol əlini aşağı yönəldir. Başını sağ çiyninə doğru əyir. Dərvişlər öz ətraflarında, eyni zamanda dairə üzrə dövrə vururlar. Dövrənin birinci hissəsi fani dünyanın, ikinci hissəsi haqq dünyasının simvoludur. Bunun ardınca səmazənlər üç dəfə dövrə vururlar ki, bu da onların mənəvi səyahətə hazır olduqlarına işarədir. Rəqs başa çatanda bütün dərvişlər və tamaşaçılar Allaha qovuşduqlarını hiss edirlər. Ayinin sonunda onlar diz çökürlər. Bununla da göstərirlər ki, şüurları açılıb və onlar daha saf və fikirləri aydınlaşmış halda insanlara dönüblər.

portal.azertag.az