Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində “Dualı Sultan köynəkləri” sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova sərgidə Osmanlı sultanlarının geyindikləri dualı köynəklər əsasında hazırlanan əsərlərin nümayiş olunduğunu qeyd edib.
“Osmanlı sultanları dualı köynəkləri müharibələrdə qələbə qazanmaq, bədnəzərdən qorunmaq, şəfa tapmaq və mənəvi güc almaq üçün geyinirdilər. Həmin köynəklər süls, kufi, celi, ruqə xətləri ilə işlənmiş ayə və dualarla, həmçinin “Qədəm-i Şərif”, “Süleyman möhürü”, “Zülfüqar qılıncı” kimi xüsusi məna daşıyan motivlərlə bəzədilirdi. Onlar təkcə sultanlar, şahzadələr üçün deyil, həm də uşaqlar və digər şəxslər üçün nəzərdə tutulur, sahibinin ilahi tərəfindən qorunduğuna zəmanət kimi qəbul edilirdi”,- deyə Ə.Məlikova əlavə edib.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç diqqətə çatdırıb ki, bu köynəklər mədəni irsin bir hissəsidir. Köynəklərin mühüm arxiv sənədləri, həmçinin yeni yaradılmış kolleksiyanın istinad mənbəyi olduğunu vurğulayan Karakılıç deyib: “Üzərində Məhəmməd peyğəmbərə ithaf edilmiş qəsidələrin, “Ayətül-kürsi” və “Müavvizəteyn” kimi müqəddəs mətnlərin yer aldığı köynəklər Osmanlı imperiyası dövründən bu günə qədər gəlib çatıb. Burada xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və onların birgə çalışdığı komanda tərəfindən yaradılan, Osmanlı dövrünün tarixi koloritini əks etdirən 30-a qədər nümunə yer alıb”.
Sərginin kuratoru Mehmet Vanlıoğlu komandanın on beş il boyunca sərgilərlə müntəzəm şəkildə məşğul olduğunu bildirib.
Onun sözlərinə görə, həndəsi formalar və mənalı motivlərlə yanaşı, surələrin də əks olunduğu köynəklər incəsənət və estetika baxımından unikal əhəmiyyətə malikdir.
Bədii hissədə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı Osmanlı musiqilərindən ibarət kompozisiya təqdim edib.
Sonda sərginin rəsmi açılış lenti kəsilib, qonaqlar eksponatlarla yaxından tanış olublar.
Sərgi dekabrın 20-dək davam edəcək.