Kimsəsiz ada deyiləndə yadımıza Robinzon, Robinzon deyəndə daha çox Daniel Defonun “Robinzon Kruzo” əsəri düşür. Deyilənə görə, bu mövzuda Avropada 40-a yaxın əsər yazılıb. Bədii filmlər də az deyil. Ən çox diqqətimi cəlb edən Tom Henksin baş rolda oynadığı “İzqoy” və Paolo Villacionun baş rolda oynadığı “Sinyor Robinzon” adlı parodiya filmidir.
Amma çoxları bilmir ki…
İlk dəfə kimsəsiz adaya düşüb yaşamaq mübarizəsi aparan insan haqda əsəri Qərbdə Abubaser adı ilə tanınan əndəluslu Əbubəkr Məhəmməd ibn Əbdülməlik ibn Tüfeyl (1110 – 1185) yazıb. İspaniyada Qranada şəhərində doğulan ibn Tüfeyl fəlsəfə, tibb və astronomiya üzrə tanınmış alim olub. Onun qələmə aldığı “Həyy bin Yəkzan” əsəri bəşər tarixində ilk fəlsəfi roman, bu əsərin qəhrəmanı Həyy bin Yəkzan ilk “Robinzon” hesab edilir.
Birinci “Robinzon” – “Diri Ayıq oğlu”
Əsərin süjeti nağılvaridir. Belə ki, körpə uşaq kimsəsiz bir adaya düşür. Onu balasını itirmiş Ceyran əmizdirib böyüdür. Əvvəlcə özünü heyvanlardan biri sayan Həyy bin Yəkzan (Diri Ayıq oğlu) Ceyran yenidən doğanda onun öz anası olmadığını dərk edir. Həyy eyni zamanda insanlığın simvoludur. 7 yaşında çılpaqlığından utanır və özünə paltar hazırlayır (Adəm kimi). Qarğanın ölü qarğanı basdırdığını görüb “anası” öləndə onu basdırır (Qabil qardaşı Habili basdıran kimi). Ağlının gücü ilə ov etməyi, oddan istifadəni öyrənir. Həyy təfəkkür yolu ilə Allahın var olduğunu dərk edir. Onun zaman və məkandan münəzzəh olduğunu anlayır. Belə qənaətə gəlir ki, metafizik dünya ilə maddi dünyanın bir arada olması mümkün deyil. İnsan haqq dünyasını seyr etmək üçün hiss dünyasından azad olmalıdır: “Bu iki dünya bir yerə sığmır, bunlar iki arvad kimidir: birini razı salanda o biri qəzəblənir”.
Nəhayət, bir gün adaya daha bir insan gəlir. Bu, insanlardan uzaq olub ömrünün son günlərini kimsəsiz adada keçirmək istəyən Absal adlı qocadır. Onlar rastlaşır. Absal Həyyə danışmaq öyrədir. Ömründə bir insan belə görmədiyi halda yüksək dini təsəvvürə malik olduğunu öyrənib heyrətə gəlir. Əsərin əsas ideyası budur ki, insan təkbaşına Allahın varlığını dərk edə bilər, hətta buna mükəlləfdir. İlahi kitabların göndərilməsi Allahın rəhmətindən doğur. Bu fikir ibn Tüfeyldən öncə əbu Hənifə tərəfindən irəli sürülüb. Əbu Hənifə hesab edirdi ki, “Ağıl məxluqa baxaraq Böyük Yaradıcını bilməyin aləti olduğu üçün Allahı bilməməkdə heç kimin bəhanəsi ola bilməz”.
İkinci Robinzon
Robinzon Kruzo nə Həyy bin Yəkzan kimi metafizik araşdırmalar aludəsidir, nə Don Kixot kimi ədaləti təmin etmək fikrinə düşən xəyalpərəst, nə də Hamlet kimi intellektual. Onun qayğısı tipik burjua idealıdır – qazanc əldə etmək. Eqoizmi də varlanmaq ehtirasının nəticəsidir. Cüməni özünə tabe edib özünə hakimiyyət qurur. Adanın sahibinə çevrilir. O, Cümənin ağası olmaqda özünü haqlı sayır və qürur duyur. Ən çox sevdiyi söz “mənim”dir. “Cüməyə “ağa” sözünü tələffüz etmə-yi öyrətdim və başa saldım ki, bu, mənəm”. O özünə sual vermir ki, Cüməni köləyə çevirmək, qul ticarəti ilə məşğul olmaq haqqı varmı?
Sinyor Robinzon
İyirminci əsrin Robinzonu olan Robi tekstil maqnatıdır. Onun günü səhər yeməyi üçün banka, butulka və qutuların açılması ilə başlayır. Böyük şəhərin rifahından məhrum olan kimsəsiz adaya düşəcəyi ağlına belə gəlmir. Filmin əsas ideyası budur: sivilizasiyanın komfortuna adət etmiş adam ibtidai dünyada aciz qalır. O, od əldə etmək, özünə gecələmək üçün yer, ov silahı düzəltmək üçün çalışır və hər dəfə gülünc vəziyyətə düşür.
Göründüyü kimi, hər bir Robinzon öz dövrünün möhü-rünü yaşayır. Birincisi islam renessansı dövrüdür. Düşüncələri ən çox məşğul edən Allah razılığına nail olmaqdır. İkinci Robinzon müstəmləkəçilik dövrünün məhsuludur və əsas olan utilitar maraqlardır. Üçüncüdə meqapolis insanının zəifliyi tənqid edilir.