- Cəmiyyət, Manşet

Dünya azərbaycanlıları Şuşada birləşdi…

Bu yaxınlarda Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələrinin Şuşa şəhərinə növbəti səfəri təşkil olundu. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşən səfərdə iştirak edən diaspor fəalları işğaldan azad olunmuş əzəli torpaqlarımızda tarixi anlar yaşadılar.

Xaricdən təşrif buyuran soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtının baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, habelə digər mühüm yerləri ziyarət etdilər.

Daha sonra diaspor təmsilçilərinə Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verildi.

Ölkəmizi xaricdə təmsil edən həmvətənlərimiz birgünlük Şuşa səfərindən xoş təəssüratla qayıtdılar.