- Mədəniyyət

Dünyanın ən yaxşı kitabxanası Barselonadadır

Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyası (IFLA) “Вiblioteca García Márquez” Barselona kitabxanasını 2023-cü ildə dünyanın ən yaxşı kitabxanası adlandırıb.

AZƏRTAC ispan KİV-lərinə istinadla xəbər verir ki, bu il finalda Barselonanın rəqibləri Sloveniya, Avstraliya və Çinin kitabxanaları olub.

Barselona kitabxanası San-Marti rayonunda yerləşir və heyranedici memarlıq və innovativ dizaynı ilə fərqlənir.

“Вiblioteca García Márquez” İspaniyada beynəlxalq miqyasda tanınan ilk kitabxanadır. O, bu yaxınlarda – 2022-ci ilin may ayında açılıb, lakin artıq hamını dərhal heyran etməyə nail olub. Açılış ilində kitabxana memarlıq sahəsində Barselona Şəhər mükafatına layiq görülüb və nəticələri 2023-cü il oktyabrın 19-da məlum olacaq memarlıq və dizayn sahəsində FAD mükafatının finalçısıdır.

“Вiblioteca García Márquez” kitabxanası 6 mərtəbəlidir, sahəsi 4 min kvadratmetr təşkil edir, orta hesabla gündə onu təxminən min nəfər ziyarət edir.

Burada tez-tez konfranslar, kitab klubları və dünyanın müxtəlif guşələrindən olan yazıçılarla görüşlər keçirilir.