Britaniyalı rəssam Saşa Cefriyə (Sacha Jafri) məxsus “The Journey of Humanity” (“Bəşəriyyətin səyahəti”) əsəri Dubay şəhərində dünən keçirilən hərracda 62 milyon ABŞ dollarına satılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, əsərin alıcısı, yerli sakin Andre Abdon (Andre Abdoune) kriptovalyuta satışı ilə məşğul olan şirkətin rəhbəridir.
Qeyd edək ki, 70 çərçivəli bölümdən ibarət, 1 595,76 kvadratmetr ölçülü (dörd basketbol sahəsinə yaxın) həmin əsər “Guinness World Records” tərəfindən dünyanın kətan üzərində ən böyük ölçülü sənət əsəri olaraq təsdiqlənib. Bu əsər üzərində rəssam Dubaydakı “Atlantis” mehmanxanasında 7 ay ərzində çalışıb və sentyabr ayının sonunda başa vurub. İlkin olaraq əsərin 70 hissəsini ayrı-ayrılıqda müxtəlif ölkələrdə 6 hərracda satıb 30 milyon dollaradək vəsait əldə etmək nəzərdə tutulubmuş.
Əsərinin satışından əldə etdiyi vəsaiti rəssam beynəlxalq təşkilatların uşaqlara yardımla bağlı xeyriyyə layihələrinə sərf edəcəyini bildirib: “Biz 200 milyon uşağın həyatını xilas edib onlara dünyanı dəyişmək imkanı vermək arzusundayıq… Hər uşağın internet üzərindən təhsil almaq imkanı olmasını istəyirik. Məqsədimiz ən kasıb ölkələrdə də internetə girişin hamı üçün açıq olmasıdır”.