Dəfələrlə qeyd etdiyim kimi, kinoteatrlarımızda filmlər, əsasən rus dilində nümayiş etdirilir. Ən yaxşı halda Azərbaycan dilində altyazı görə bilərik. Amma altyazı nə altyazı. Görünən budur ki, rus dilindəki mətni Google translate proqramına verib, nəticəni redaktə etmədən filmin altyazısına yerləşdirirlər. Rus dilində səslənən nitqlə Azərbaycan dilində altyazını müqayisə etdikdə tüklərin biz-biz olur.
İlk dəfə bunun şahidi olduqdan sonra əlimdə dəftər-qələm filmlərə getməyə başladım. Bütün bu “mükəmməl tərcümə” nümunələrini qeyd etdim. Nəticəsini görmək, düşünürəm ki, çoxlarınıza maraqlı olar. Son illər Yeni il bayramı ərəfəsində “Yolki” adlı rus filmi kinoeatlarımızda nümayiş etdirilir. Bu il də istisna olmadı və bu silsilənin 8-ci filmi “Yolki 8”-lə feyziyab olduq. Qeyd etməliyəm ki, film xoş əhval-ruhiyyə yaradan bir filmdir və əgər dublyaj və ya heç olmazsa, normal altyazı ilə verilsəydi buna ancaq sevinmək olardı. Lakin heyif ki, altyazı nə filmdən zövq almağa imkan verdi, nə də gözəl əhval yaratmağa. Burada həmin filmə baxarkən qeyd etdiyim tərcümə nöqsanlarını və orfoqrafik səhvləri Sizlərə təqdim edirəm :
Подруга – qız dost (rəfiqə olmalıdır)
Суховато- qurufasondu ( tərcümə çox “orijinal”dır, sonda r yoxdur)
Оставь ключи на вахте – açarı vaxtada saxla (niyə saxla?)
Тебе показалось – sənə görünmüşdür (sənə elə gəlib olmalıdır)
Рад был бы – şad idim (şad olardım olmalıdır)
Замечательный – möhtəşəm (Bu sözün lüğətdə tərcüməsi belədir: прил. 1. qəribə, təəccüblü, əcayib; 2. çox gözəl, çox yaxşı, çox qəşəng; 3. görkəmli (şəxs); 4. əlamətdar, önəmli (hadisə və s.). Yəni möhtəşəm sözü yoxdur, kontekstə uyğun olaraq bu tərcümələrdən biri seçilir).
Со мной все предрешено – Mənimlə hər şey bəllidir. (hərfi tərcümə verilib, halbuki kontekstə uyğun frazeologizm və ya cümlə seçilməli idi. Məsələn, “Mənim taleyim artıq həll olunub” ) .
Растрескалась – çatlamışdır (çatlaq-çatlaq olub olmalıdır)
Зачарованный – heyran olunmuş (ovsunlanmış olmalıdır)
Если ты не против – Əgər sən narazı deyilsənsə. (Bu cümlənin dilmizdə yetərincə qarşılıq variantları mövcuddur. Seçilmiş tərcümə isə adamın ətini tökür).
Не ной – zırıldanma (zarıma olmalıdır )
Məncə tərcümənin səviyyəsi haqqında təsəvvür yaratmaq üçün bu qədər nümunə yetərli olar.
Keçək orfoqrafik səhvlərə:
Atamnan qaçıram (atamdan olmalıdır. Bu sözün və bunun kimi bir çox sözlərin necə yazılmalı olduğu haqqında danışdığım üçün xəcalət çəkirəm. Bunları da bilməmək olarmı?)
Heçnə (heç nə olmalıdır)
Doğurdan (doğrudan olmalıdır)
Papağ (papaq olmalıdır)
əyər (əgər olmalıdır)
otağdayam ( otaqdayam olmalıdır)
xaiş (xahiş olmalıdır)
bəsti (bəsdir olmalıdır)
məhşur (məşhur olmalıdır)
məndə (mən də olmalıdır)
əsil dost (əsl olmalıdır)
ayağ (ayaq olmalıdır)
təəsürat (təəssürat olmalıdır)
yada (ya da olmalıdır)
əlbətdə (əlbəttə olmalıdır)
sənnən (səndən olmalıdır)
Petr (ad kimi) (Pyotr olmalıdır)
Filmdə Lüsi obrazının adı subtitrlərdə gah Lyusi, gah Lüsi yazıldı. Görünür ki, ya bu sözün necə yazılmalı olduğu haqqında razılığa gələ bilməyib kompromis variant kimi növbəli vermək qərarına gəliblər, ya da hər hissəni fərqli adamlar yazıya alıb və hərə bildiyi kimi yazıb.
Bu və ya digər halda gəldiyim nəticə budur ki, başdansovdu şəkildə edilib tez-tələsik nümayişə çıxarılır. Görünür, “Gəlir olan yerdə nə “Dövlət dili haqqında” qanun, nə sərəncam və s.” fikrinə üstünlük veriıir.
Bu yalnız bir filmdə gördüklərimdir. Deyirəm, bəlkə bütün filmləri belə araşdırıb yazaq, yazaq, yazaq… Qoy adımız da demaqoq çıxsın, eybi yoxdur.
Təki nəticəsi olsun! Sizcə, olmaq ehtimalı nə qədərdir?!