- Dil, Manşet, Müsahibə

Dürdanə RƏHİMZADƏ: “Yeni sözlərin böyük bir hissəsini nəinki izahlı lüğətdə, heç orfoqrafiya lüğətində də görmürük”

Kamilinfo.net saytının bugünkü qonağı Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadədir.

– Dürdanə xanım, lüğətlərimizin vəziyyəti haqqında nə deyə bilərsiniz?

– İlk növbədə ana dilimizlə bağlı bir vətəndaş, bir dilçi kimi bizi narahat edən məsələlərdən danışmaq imkanı üçün Sizə öz  təşəkkürümü bildirmək istərdim.

Məlumdur ki, dilin lüğət tərkibini özündə əks etdirən ən əlçatan vasitə  lüğətlərdir, ilk növbədə orfoqrafiya lüğəti, sonra izahlı lüğət, sonra da digərləri. O da bəllidir ki, əslində  hər beş ildən bir həm orfoqrafiya lüğəti, həm də buna uyğun olaraq izahlı lüğət həmin dövrdə dilə daxil olan  yeni sözləri özündə əks etdirərək yenilənməlidir. Yəni həmin beş il ərzində  müvafiq qurum yeni sözləri araşdırmalı, qarşılığını vermək mümkündürsə, verilməli, mümkün deyilsə, söz olduğu kimi saxlanılaraq lüğətə daxil edilməlidir.  Gəlin bu sahədə bizdəki vəziyyətə baxaq: Orfoqrafiya lüğətimiz uzun illərdən sonra bu il yeniləndi, həmçinin orfoqrafiya qaydaları da yeniləndi. Qaydalar  barədə bir qədər sonra bəhs edərik. Qayıdaq  lüğətlərə.

Beləliklə, orfoqrafiya lüğətinə yeni sözlər, o cümlədən alınmalar bu və ya digər şəkildə əlavə edildi. Yeni sözlərin əksəriyyəti Avropa alınmalarıdır, yəni bu sözlərin mənaları hamı üçün aydın olmaya bilər. Belə olan halda, mənaları aydın olmayanları tapmaq üçün hansı lüğətə müraciət etməliyik? Əslində bunun üçün izahlı lüğət var. Bizim izahlı lüğətimizin ən son nəşri 2011-ci ildə olub, o da tərkibindəki sözlərə görə 2006-cı ildəki nəşrdən, demək olar ki, fərqlənmir. Bilirik ki, izahlı lüğətin funksiyası sözün dildə işlənmə mənalarının izahı və bu mənaların müasir canlı dildən götürülmüş nümunələrlə  təsdiqlənməsidir. Əlimizdə olan izahlı lüğət 1966-1987-ci illərdə böyük  zəhmət nəticəsində ərsəyə gəlmiş qiymətli bir əsərdir. Bu lüğətin latın əlifbası və yeni sözlərin əlavə olunması ilə yenilənmiş variantı mərhum dilçimiz, ən sevimli müəllimim, professor Ağamusa Axundovun rəhbərliyi ilə hazırlanaraq 2006-cı ildə nəşr edilmişdir. O dövrdən indiyə 15 ildən çox vaxt keçir. Dilin leksik tərkibinin yenilənməsi dinamikası  lüğətlərin tərtibi məsələsində həddən çox gecikməyimizi şərtləndirir. Son 15 ildə dilə yeni sözlərin gəlməsi sürətini əvvəlki illərlə müqayisə etsək görərik ki, bu müddət  daha öncəki, bəlkə də 60 ilin ekvivalentidir. Yəni dilə yeni sözlərin gəlməsi sürəti son 15 ildə öncəki 60 ildən qat-qat yüksəkdir. Təəssüf ki, yeni sözlərin böyük bir hissəsini biz nəinki  izahlı lüğətdə , heç orfoqrafiya lüğətində də  görmürük.

– Dilimizin lüğət tərkibinin yenilənməsinin tənzimlənməsi barədə nə deyə bilərsiniz?

– Dilimizin lüğət tərkibinin yenilənməsini daha çox dil özü tənzimləyir, desək, daha doğru olar, məncə. Əslində, lüğət tərkibinin yenilənməsi necə tənzimlənməlidir?  Məlumdur ki, hər bir dilin leksikası onun ən çevik hissəsidir. Müasir həyat tempini də nəzərə alsaq, leksikanın hansı sürətlə yenilənməsini təsəvvür etmək çətin deyil. Aydın məsələdir ki, bu proses tənzimlənməsə,dildə çox böyük pərakəndəlik hökm sürə bilər. Bizdə bununla bağlı vəziyyət, bildiyimiz kimi, o qədər də ürəkaçan deyil. Burada bir neçə istiqaməti qeyd edə bilərik. Bunlardan birini “gecikmiş sözlər” adlandıra bilərik.  Məsələ burasındadır ki, dildə aktiv işlənən bir çox alınmaların qarşılığını biz çox gec düşünürük. Məsələn, on illərlə şpilka, zaryadka, rozetka, kupalnik  və s. kimi  sözlərin işlənməsi  normal qəbul olunubsa və söz dildə böyük işləklik qazanıbsa, ona nə qarşılıq fikirləşirsənsə fikirləş, işləklik qazanmayacaq, çünki bu sözlər artıq dildə oturuşmuşdur və biz gecikmişik.

Başqa bir qrup söz var ki, bu sözlər də uzun illərdir işlənir, amma bunların qarşılığı nəinki gecikib, heç düşünülmüş belə deyil.  Məsələn, avtomobil hissələri, kosmetoloji vasitələr, gündəlik məişətə aid sözlər və s.: (avtomobil ehtiyat hissəsi kimi) nakladka (rusca-azərbaycanca lüğətdə tərcüməsinin 7 mənası verilsə də, ehtiyat hissəsi kimi tərcüməsi yoxdur), kolqotka,  broşka, zakolka (bu sözlərin vurğusunu    azərbaycanlaşdırmışıq), haylayter, aylayner… . Bu qəbildən olan sözlər az deyil. Bunları mən “havada qalmış sözlər” adlandırıram. Yəni bunlar işlənir, amma nə qarşılığı düşünülüb, nə də lüğətdə var.

 – Yeni sözlərin lüğət tərkibinə daxil olunmasının prinsipləri nədir?

– Yeni sözlər, artıq qeyd etdiyimiz kimi, çox böyük sürətlə yaranır və dilimizə daxil olur. Bunu bir çox proseslər stimullaşdır. Bir tərəfdən yeni texnologiyalar, digər tərəfdən sosial şəbəkələlərin yeni növləri və onlarla bağlı yeni anlayışların yaranması və s.. Bu anlayışlar o qədər sürətlə artır ki, operativ şəkildə dəyərləndirilməsə, bayaq haqqında danışdığımız “havada qalmış” sözlərə çevrilir və vaxtında qarşılığı seçilməzsə dilə o qədər dərin yeriyir ki, qarşılığı verilsə belə, işlədilmir. Bunları da “potensial havada qalmış sözlər” adlandıra bilərik. Gəlin belə sözlərdən bəzilərini nəzərdən keçirək: ketrinq sözü  uzun müddətdir ki, dilimizdə işlənir, təxmini mənası “səyyar restoran xidməti”dir. Costik – virtual oyunlar üçün alət, taq və ya təq  (etmək) – sosial şəbəkələrdə olan paylaşımı kiminsə görməsi üçün  onu  qeyd etmək,  layfhak – hər hansı işin ən asan yolla görülməsi üsulu (sosial şəbəkələrdə çox geniş işlənən ifadədir), direkt – sözün hərfi mənası “birbaşa”dır, instaqramda mesencerin yazışmalar üçün olan növüdür; storis – instaqramda foto və ya videoçarxların 24 saatlıq paylaşımıdır və ya məşhur smaylik sözü və s.. Bu cür sözlərin sayı xeyli miqdardadır  və sürətlə  artır. Bunların ya qarşılıqları düşünülməli, ya da olduğu kimi lüğətə daxil edilməlidir. Lüğət dedikdə, ancaq orfoqrafiya lüğəti yox, həm də izahlı lüğət və digər ikidilli lüğətlər nəzərdə tutulur.

Bu yerdə bir məsələ haqqında da danışmaq yerinə düşərdi. Bilirik ki, izahlı lüğətdə sözlərin mənalarının izahı bədii əsərlərdən nümunələrlə təsdiqlənir. Hazırda dilə daxil olan sözlərin əksəriyyəti virtual aləmdə  yaranan yeni anlayışlarla bağlı olduğu üçün (buraya instaqramda , yutubda işlənən yeni anlayışlar da daxildir) bədii əsərlərin dilində bu sözlərə aid misallara, yəqin  ki, rast gəlmək mümkün olmayacaq.  Başqa sözlə desək, yeni izahlı lüğət hazırlanarkən nümunələr üçün materialın daha geniş planda seçilməli olduğunu düşünürəm .

– Bəs lüğətlərdə olan, lakin heç kim tərəfindən işlədilməyən sözlər haqqında nə deyə bilərsiniz?

– Bu sözləri də gəlin “unudulan sözlər” adlandıraq. Bu gün dilimizdə çox sayda söz vardır ki, dilimizdə ola-ola qarşılığı alınma sözlə ifadə edilir. Bu qəbildən olan sözləri də iki yerə ayıra bilərik, uğursuz tərcümələr  və haqsız olaraq unudulanlar. Uğursuz tərcümələrə mən işıqfor sözünü aid edərdim. Bu sözün hələ kiminsə tərəfindən işlədildiyini görməmişəm. Halbuki bu qədər qəlizliyə getməkdənsə, türk dilində olduğu kimi işıq və ya yol işığı, ya da farsların işlətdiyi kimi çıraq işlədə bilərdik. Asan olduğuna görə də bu sözlər işləklik qazanacaqdı. Ümumiyyətlə, rus dilindən kalka üsulu ilə tərcümə edilən sözlər ən uğursuz və az işlədilən sözlərdir. Buraya soyuducu, dondurucu, tozsoran və s. sözləri aid etmək olar. Razılaşarsınız ki, bunların əvəzinə rusca sözlər işlədilir, özü də eybəcərləşdirilmiş formada.

Digər qrup isə  bəzi ərəb mənşəli sözlərdir ki, haqsız bir şəkildə işlədilmir  və yerinə, yenə də rus dilindən keçmə varvarizmlər  işlədilir. Məsələn: təlqin, təəssüb, təftiş, təhqiq, təhrif, təhrik, ehkam, eyham və s. kimi sözlərin əksəriyyətinin mənasını bəlkə də əhalinin 20 faizindən daha az hissəsi bilir və işlədir. Əvəzində yenə də rus və ingilis alınmaları və “dilimizin ən universal vahidi” adlandırdığım köməkçi feillərlə düzələn bir “kompozisiya” bol-bol işlədilir: “layk etmək”, “taq etmək”, “reviziya eləmək”, “follou etmək” … və s.

– Orfoqrafiya qaydalarındakı boşluqlar haqqında fikirlərinizi eşitmək maraqlı olardı.

– Bildiyimiz kimi,  orfoqrafiya qaydaları yenidən çap edildi. Bu qaydalarla bağlı bəzi məqamlara toxunmaq istərdim, o zaman “boşluqlar” dedikdə nəyin nəzərdə tutulduğu aydın olacaq.

2.5-ci bənddə oxuyuruq:

Mənbə dildə birhecalı sözlər iki cür yazılır:

2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.

2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.

Burada diqqətinizi sondakı “və s.”  yazısına çəkmək istərdim. Bu qeyd, adətən o vaxt verilir ki, qaydada meyar verilsin, yəni filan meyara uyğun olan sözlər filan cür yazılmalıdır və ona aid misallar verilərkən  “və s.” yazılır, çünki meyar bəllidir. Burada isə, gördüyümüz kimi, meyar yoxdur və nəyə əsasən istifadəçinin bu sözü bir saitlə və ya iki saitlə yazmalı olduğu göstərilmir. Ona görə də “və s.” yazılmadan bu qəbildən olan sözlərin hamısının siyahısı verilməlidir.

Yeri gəlmişkən, həmin siyahıdan iki sözə, şeir və feil sözlərinə i saitinin bu yaxınlarda əlavə olunduğunu bilirik. Bununla bağlı iki məqama toxunmaq istərdim: 1) iki saitlə yazılan sözlərə saitlə başlayan şəkilçi artırılarkən son saitin düşməsi prinsipi feil və şeir sözlərinə də tətbiq edilirmi? Bu məsələ ilə bağlı qeydə heç yerdə rast gəlməmişəm.

2)   Dilimizin iltisaqi dillərdən olduğu bəllidir və iltisaqiliyin öz prinsipləri vardır. Bunlardan biri də söz daxilində bir neçə saitin və ya bir neçə samitin yanaşı işlənməsinin xarakterik olmamasıdır. Əslində,  fonetik hadisələrin, yəni səs artımı, səs düşümü hadisələrinin əsas səbəbi də elə budur.  Bu qəbildən olan digər sözlərə baxsaq, görərik ki, həmin sözlərə sait səsin artırılması, məhz bu prinsipə riayət etmə ehtiyacından yaranıb. Yəni mənbə dildə bu sözlərdə iki samit yanaşı işləndiyinə görə, bunun isə dilimiz üçün xarakterik hal olmadığına görə bu sözlər dilimizə uyğunlaşdırılıb. Daha dəqiq desək, söz daxilində sait-samit növbələşməsi dilimiz üçün xarakterik olduğuna görə  iki samitin arasına sait artırılıb (zehn-zehin;  səbr-səbir; meyl-meyil və s.). Şeir və feil sözlərində isə proses tam əksinə gedir, yəni   iki sait  süni şəkildə yanaşı işlədilir. Fikrimizcə, bu sözlərə saitin  artırılması aqlütinativlik prinsiplərinə ziddir. Qeyd edim ki, yeni  orfoepiya lüğətində də qoşasaitli sözlərin tələffüzü  qaydalarında bu prinsip pozulur.

“Alınma sözlərdə samitlərin yazılışı” adlanan  3-cü bölmənin  3.1-ci bəndində oxuyuruq:  Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.;

Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır.

Burada diqqəti istisnalara cəlb etmək istərdim. İstisna sözləri müəyyən etmənin  meyarı yoxdursa, “və s.”  yazılması  məntiqsizdir. İstifadəçi bu sözü necə müəyyən etməlidir? Fikrimizcə, bu siyahıda belə sözlərin hamısı  verilməlidir. Məsələn, şnitsel sözü də ts ilə yazılır. Yəqin ki, bu qəbildən olan  sözlər yenə var.

4.6-cı bənddə göstərilir:  Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər (apellyasiya sözü istisnadır) bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, vat və s..

Buradan belə aydın olur ki, bu qəbildən olan sözlərdən  apellyasiya sözündən başqa  qoşa l ilə yazılanı yoxdur. Halbuki, yeni orfoqrafiya lüğətində alleqoriya, allergiya, alleya, alliterasiya, allofon və s.  sözlər  qoşa ll ilə verilmişdir. Deməli, isitisna kimi  bu sözlər də verilməli idi.

4.7–ci bənddə göstərilir:  Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s.

Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.

Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız -siz şəkilçisi artırdıqda, kökdəki s samitlərindən biri ixtisar olunur.

Diqqətinizi bu qeydə yönəltmək istərdim. Yəqin ki, bu sözlər istisna kimi ona görə qeyd edilib ki, bir samitlə yazılsa, başqa mənalı sözlə omonim olar. Onda gərək bütün omonimləri bir-birindən  fərqləndirmək üçün nə isə fikirləşək. Bilirik ki, omonim sözlərin  mənası mətn daxilindən anlaşılır. Burada hiss sözünü istisna kimi verməyə, sonra isə hisssiz formasında olmaması, yəni üç samitin yanaşı işlənməməsi üçün istisnadan istisna kimi verməyə nə ehtiyac var idi? Hiss və küll sözlərinə də digər sözlərə tətbiq olunan qayda aid edilə bilərdi.

7.2.2 –ci bənddə  oxuyuruq:

İkihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün və s.

Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: qatarla, qələmlə və s.

2. Etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə sözləri bitişik yazılır. Göründüyü kimi ilə qoşmasının bitişik yazıldığı sözlərin siyahısında “və s.” qeydi yoxdur. Bu da o deməkdir ki, istisna halı yalnız bu sözlərə aiddir. Belə çıxır ki, “vaxtilə” sözü”vaxtı ilə” yazılmalıdır, halbuki lüğətdə bu söz bitişik verilir. Hesab edirik ki, bu bənddə sözlərin siyahısı dəqiq verilməlidir və bu qəbildən olan bütün sözlər siyahıya daxil edilməlidir.

Ümid edirəm ki, dilimizlə bağlı bizi narahat edən məsələlər tezliklə öz həllini tapacaq.

– Geniş və hərtərəfli müsahibə üçün, təşəkkür edirəm, Dürdanə xanım. Ümid edirəm ki, bu əməkdaşlığımızı gələcəkdə də davam etdirəcəyik.

Gülyaz Əliyeva