- Dil

Elçin İsmayılov: “Şirin dilimizi, ana dilimizi dəyişməyə yox, inkişaf etdirməyə çalışmalıyıq”

Naşir Şahbaz Xuduoğlunun kitab biznesində arzu etdiyi rentabelliliyə nail olmadığı üçün ölkəmizdə Azərbaycan ədəbi dilini türk dili (Türkiyə türkcəsi) ilə əvəz etmək təşəbbüsü (oxu: tənəzzülü – red.) cəmiyyətdə birmənalı hiddət doğurub. Nəsimi adına Dilçilik İnstitutunun Toponimika sektorunun müdiri Elçin İsmayılov məsələ ilə bağlı “kamilinfo”ya bunları deyib:

“Azərbaycan dilinin Türkiyə türkcəsi vasitəsi ilə zənginləşməsi, saflaşması baş verməli, olmalıdır. Yəni lazım olan sözlər alınmalı, bizdən də ora keçməlidir. Tək Tütkiyə türkcəsinddən yox, ümumiyyətlə, türk dillərindən. Sibirdə ilkin formasını saxlamış o qədər ləhcələr var ki…  O ləhcələrin icində də bizə lazım olan çoxlu sözlər var.  Məsələn, tuva tayfaları sahil əvəzinə yaxa işlədirlər (çayın yaxası, dənizin yaxası). Belə sözlər çoxdur.

Amma dilimizi Türkiyə türkcəsi ilə əvəz etmək fikri absurddur. Qətiyyən qəbul eləmirəm. Ümumiyyətlə, ortaq dilin nə vaxtsa yaranacağına da inanmıram. Türk xalqları öz aralarında hansısa bir dildə ünsiyyət tapa bilərlər. Əvvəllər bu, rus dili idi, indi Türkiyə türkcəsi onu aradan çıxarar, yəqin ki, tam çıxaracaq. Qaldı əlifbada bəzi hərflərin siradan çıxsrılması, bunu da qəbul etmirəm. Əlifba uzun müzakirədən sonra qəbul olunub. O müzakirələrdə Azəbaycanın ən görkımli alimləri iştirak ediblər. T.Hacıyev, A. Axundov, Q. Kazımov, Y. Seyidov.və s. kimi şəxsiyyətlərin müzakirəsi, rəyi ilə qəbul edilmiş qərar hər hansı bir təkliflə yeksan ola bilməz. Yəni əlifba təsadüfən qəbul olunmayıb ki, kiminsə sözü ilə, məsələn, Şahbazın sözü ilə dəyişiklik edilsin. Əlbəttə, Azərbaycan dili zənginləşməlidir. Bizim dilimizdə həddindən artıq əcnəbi söz, ərəb-fars ifadələri var. Onlar tədricən azalmağa doğru getməlidir. Qardaş türk dilləri və dialekt sözlərindən mənbə kimi istifadə edərək dilimizdən saysız-hesabsız alınmaları, lüzumsuz alınmaları, qarşılığı dilimizdə tapıla bilən alınmaları çıxartmaq lazımdır. Əlbəttə, çıxartmaq da belə baş vermir ki, sərəncamla deyək, hamısı birdən çıxsın. Dil canlı orqanizm kimi bir şeydir, dili göstərişlə idarə etmək olmur. Təbii qaydada, yəni dilə yazıçılar, şairlər, mətbuat sözü istifadəyə gətirir, söz vətəndaşlıq qazanır və o biri sözü əvəz edir. Bəzən də paralel işlənir. Paralellikdə də qorxulu bir şey yoxdur. O da dilin zənginliyinə xidmət edir. Doğrudur, termin paralelliyi yaxşı hal deyi, amma eyni mənanı bildirən sözlərin paralelliyində mənfi heç nə yoxdur. Şirin dilimizi, ana dilimizi dəyişməyə yox, inkişaf etdirməyə çalışmalıyıq. Bunu hər bir ziyalı, naşir, mətbuat işçisi unutmamalıdır.