- Dil, Manşet, Müsahibə

Elçin ŞIXLI: “Ana dilini bilmədən bu torpağı duymaq və sevmək hər adamın işi deyil”

“kamilinfo”nun bu dəfəki qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır. Onunla ədəbi dilmizin indiki vəziyyəti, qloballaşma şəraitində ədəbi dilimiz üçün təhdidlər, o cümlədən küçə və prospektlərimizin “əcnəbiləşməsi” barədə danışdıq.

– “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” yarandığı gündən ana dilinin qorunmasi və saflığının təmin edilməsi uğrunda mücadilə edir. Bu işə Bakının küçə və prospektlərində dövlət dili haqqında qanuna əməl edilməsinin monitorinqi ilə başladıq. Araşdırmalara görə, 7 il əvvəl Bakının mərkəzi küçələrində ticarət, və xidmət obyektlərində lövhələrin 43 faizi əcnəbicə imiş. Bu gün mərkəzdə bu göstərici 70-80 faizə, Rəsulzadə küçəsində 99,99 faizə çatıb. Paytaxtın belə sürətlə “işğalı”, Sizcə, nə ilə bağlıdır?

– Bu sualın cavabını Dil Monitorinqi Mərkəzi daha yaxşı bilməlidir. Məncə isə, əsas səbəb bürokratik əngəllər və hamının qazanc dalınca qaçaraq milli mənliyə tüpürməsidir.

– Bu mənfi dinamikanın qarşısı necə alına bilər?

– Milli mənlik hissinin nə demək olduğunu ictimaiyyətə anlatmaq gərəkdir. Qüruru olmayan insan kimi, qüruru olmayan millət də özgələrinin əlində oyuncağa çevrilir və məhvə sürüklənir.

– Azərbaycan Yazıçılar Birliyi yeni orfoqrafiya qaydalarının müzakirəsi zamanı təklif edilən cəfəng dəyişikliklərə münasibət bildirmədi, dövlət dili haqqında qanunun pozulması ilə bağlı 800-dən çox ziyalının bir neçə ay əvvəl göndərilən müraciətinə cavab vermir. Bu məsələyə həssas bir vətəndaş kimi öz yanaşmanızı oxuculara açıqlaya bilərsinizmi?

– Səbəbini söyləyə bilməsəm də, düşünürəm ki, belə həssas məqamlara laqeyd münasibət təqdirəlayiq deyil. Məktublara isə mütləq cavab vermək lazımdır.

– Tərcümə ədəbiyyatının dilindən çox şikayətlər var…

– Şikayətlər haqlıdır, çünki tərcümə yaradıcı fəaliyyətdir. Bu işə zavod konveyerindəki iş kimi yanaşmaq olmaz. Özünə tərcüməçi deyənlərin çoxunun nə tərcümə etdikləri dildən başı çıxır, nə də ana dlini dürüst bilirlər.Bu isə ən acınacaqlısıdır. Qazanc xatirinə “xaltura”ya qol qoymaq və göz yummaq olmaz.

– Elçin müəllim, məlumdur ki, bədii ədəbiyyatda mənfi obrazların vulqar ifadə tərzi, varvarizmlərdən istifadəsi normaldır. Bəs radio, televiziya verilişlərində aparıcı və iştirakçiların belə danışmasına necə baxırsınız? MTRŞ bu işə niyə nəzarət etmir?

– Pis baxıram. Bütün bunlar savad və mədəniyyət kasadlığından irəli gəlir. Səbəb isə nepotizmdir. MTRŞ-nın bi işə nəzarət etməməsi də eyni səbəblərdən irəli gəlir, çünki insanlara bacarıqlarına görə deyil, sadıqliklərinə görə qiymət verilir. Sadıqlərsə, mütləq şəkildə bacarıqsızlardır.

–  Bu gün çox sayda qəzetlər nəşr olunur, saytlar fəaliyyət göstərir. KİV-də dil, üslub, qrammatik xətalar jurnalist Elçin Şıxlını narahat edirmi və bunun qarşısını almağın bir yolu yoxdurmu?

– Təbii ki, narahat edir. Qarşısını almaq üçünsə uşaq bağçası və orta məktəblərdən başlamaq lazımdır. Savadsızlıq ibtidai məqamlardan başlayır. Savadsız adamın mədəni səviyyəsi aşağı, dünya görüşü məhdud olur və ona elə gəlir ki, hər şeydən başı çıxır. Və beləliklə, o, həyasızlaşır, özü kimiləri ətrafına yığır və hər şeyi məhv edir. Bir sözlə, uşaqları düzgün tərbiyə etmək, onlara bacarıqlarına görə qiymət vermək lazımdır ki, onlarda da həyata münasıbətdə bu meyarlar üstünlük təşkil etsin. İnzibati ölçülər götürməklə problemi yalnız müvəqqəti həll etmək mümkündür.

– Əlavə dil öyrənmək təqdirəlayiqdir. Amma bu gün xarici dildə təhsil alanların çoxu dövlət dilində danışa bilmir. Bu cür təhsilə necə baxırsınız?

– Münasibətim mənfidir. Ana dilini bilmədən bu torpağı duymaq və sevmək hər adamın işi deyil.

– Lap yaxın günlərdə FADMM ictimai birliyinin fəaliyyətə başlamasının bir ili tamam oldu. Bizə ürək sözlərinizi eşitmək istərdik.

– Bu çətin işdə uğurlar və səbr diləyirəm.

 FADMM üzvü Sima Cəfərova