Paytaxt Bakıda 400-ə yaxın park salınıb və hazırda on yeni meqaparkın tikintisi aparılır.
“Report” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sinqapurda 9-cu Dünya Şəhərləri Sammitində deyib.
Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Bakı şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib:
“Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzi digər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir sira göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaq gələn çoxsaylı turistlər qeyd edirlər”.
Eyni zamanda Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Sinqapurun davamlılıq və ətraf mühit naziri Greys Fu ilə görüşü keçirilib. Eldar Əzizov nazirə Bakı şəhəri haqqında nəşrləri təqdim edib.
Qeyd edək ki, Banqkok, Qlazqo, Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla ümumilikdə 87 ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusu şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub. Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam olması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlər müzakirə edilib.