AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbir AMEA Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda qonaq qismində TÜRKSOY-un baş katibi, Qazaxıstan Respublikasının mədəniyyət naziri Düsen Kaseyinov, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şöbə rəhbəri Akif Maarifli iştirak ediblər.
Əvvəlcə qonaqlar Əlyazmalar İnstitutunda mühafizə olunan Nizami Gəncəvi əsərlərinin əlyazmalarından, Nizaminin əsərlərindən çəkilmiş miniatürlərdən və “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-da nəşr olunan kitablardan ibarət sərgilərlə tanış olublar.
Düsen Kaseyinov Nizami irsinin öyrənilməsində töhfələri ilə fərqlənən AMEA-nın alim və mütəxəssisləri tərəfindən ərsəyə gələn kitabları, Əlyazmalar İnstitutunda təşkil olunan sərgiləri yüksək qiymətləndirib. O, böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə təsis edilmiş “Nizami Gəncəvi” medalını AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyliyə təqdim edib.
İ.Həbibbəyli Azərbaycan ziyalılarına göstərilən diqqət və etimada görə təşəkkürünü bildirib.
Sonra Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin açılış mərasimi olub. Tədbirdə çıxış edən natiqlər yeni yaradılan şöbənin dahi şairin həyat və yaradıcılığının öyrənilməsi və təbliğinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Daha sonra “Nizami Gəncəvi əlyazmalarının Bakı nüsxəsi” kitabının təqdimatı keçirilib. Qonaqlara AMEA-nın müvafiq institut və təşkilatları tərəfindən hazırlanan Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan nəşrlər hədiyyə edilib.
Konfransın açılış mərasimində giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar AMEA-da silsilə tədbirlərin keçirildiyini vurğulayıb. “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfransın bu qəbil tədbirlərdən olduğunu ifadə edən alim AMEA tərəfindən 40-a yaxın nəşrin hazırlandığını, ilin sonunda daha bir kataloqun işıq üzü görəcəyini nəzərə çatdırıb.
Akademik İsa Həbibbəyli bu yaxınlarda “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının nəşr edildiyini söyləyib. Bildirib ki, şairin həyat və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki reallıqlardan və bəşəri dəyərlərdən bəhs olunan kitabda yer alan araşdırmalar on dildə təqdim olunur. Azərbaycan, türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində isə ixtisarladır. Nizami Gəncəvinin həyatı, lirikası, poemaları, Azərbaycan renessansı məsələsi, dahi şairin yaradıcılığında azərbaycançılıq kimi mövzular kitabda öz əksini tapıb.
Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı “Nizami Gəncəvi haqqında söz” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan xalqının iftixarı olan dahi şairimizin həyat və yaradıcılığına həsr olunan konfransın əhəmiyyətini vurğulayan alim görkəmli ədibin “Xəmsə”sinin dünyanın tanınmış elmi mərkəzlərinin, nüfuzlu kitabxanalarının bəzəyi olduğunu, rəssamlıq və xəttatlıq sənətlərinin inkişafında əhəmiyyətli rol oynadığını ifadə edib.
Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli “Nizami Gəncəvi irsi Əlyazmalar İnstitutunun xəzinəsində” mövzusunda məruzəsində 2021-ci ilin həm torpaqlarımızın azadlığı uğrunda müharibədə möhtəşəm Qələbəmizin ildönümü, həm də “Nizami Gəncəvi İli” kimi yadda qaldığını vurğulayıb. Dövlət başçısının müvafiq Sərəncamının dahi şairin ədəbi irsinin dərindən öyrənilməsinə və dünya səviyyəsində geniş təbliğinə daha böyük imkanlar yaratdığını qeyd edən alim bildirib ki, Nizami yaradıcılığı milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayıb. Dünya ədəbiyyatının bir çox klassiklərinin yaradıcılığına təsir göstərən Nizami müsəlman intibahının ən qüdrətli nümayəndələrindən biri olaraq, ilk növbədə, mənsub olduğu Azərbaycan-türk xalq ədəbiyyatından, etiqad etdiyi İslam dininin humanist ideyalarından, təmsil etdiyi Şərq elminin nailiyyətlərindən bəhrələnərək dünya mədəniyyəti xəzinəsinə unikal yaradıcılıq örnəkləri bəxş edib. Alim Nizaminin irsinin toplanması, nəşrə hazırlanması, tədqiqi və təbliği istiqamətində rəhbərlik etdiyi elmi müəssisədə görülən işləri nəzərə çatdırıb.
“Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” mövzusunda məruzə ilə çıxış edən Hüseyn Cavidin ev-muzeyinin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-nın müvafiq institut və təşkilatları tərəfindən əhəmiyyətli layihələrin həyata keçirildiyini vurğulayıb. Bu baxımdan muzey tərəfindən ərsəyə gələn “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabının dəyərli töhfə olduğunu ifadə edib. Alim bildirib ki, yeni nəşrdə muzeyin fondunda mühafizə olunan və Ərtoğrol Cavidin dahi Nizami irsinə böyük məhəbbətini, heyranlığını ifadə edən materiallar toplanıb. Gülbəniz Babaxanlı bu nadir materialların Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi musiqi əsərlərinin not yazılarını, onun topladığı və görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun repertuarında istifadə edilmiş Nizami yaradıcılığı nümunələrini əhatə etdiyini qeyd edib.
Konfransda, həmçinin Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənzadə “Nizami Gəncəvi irsi orta əsr miniatürlərində” mövzusunda məruzəsini təqdim edib.
Tədbirin sonunda çıxış edən akademik İsa Həbibbəyli qüdrətli söz və fikir ustadının irsinin daha dərindən öyrənilməsi, tədqiqi və təbliği baxımından konfransda təqdim olunan elmi məruzələrin əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına yeni elmi nailiyyətlər arzulayıb.