Azərbaycan Respublikası Nazirlər Kabinetinnin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarı ilə qəbul edilmiş yeni orfoepiya normaları cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. “Kamilinfo” Elxan Ağayevin normalar haqda tənqidi fikirlərini təqdim edir. Qeydlər müəllifin feysbuk səhifəsindən götürülüb.
“Orfoepiya normaları”nda tam razılaşmadığım məqamlar olsa da, ümumilikdə bəyəndim. Niyə? Hər şeydən əvvəl, ayrı-ayrı test tərtibçilərinin subyektiv hoqqabazlığına son qoyulacağına ümid edirəm. Çünki rəsmi bir sənəd olmadığından belə müxtəlif mövqelərin olması təbii idi. İndi hamımızın qəbul etməyə məcbur olduğumuz bir sənəd var. Həm də rəsmi sənəd! Digər bir bəyəndiyim məsələ :adamın bəzən zorla deyə bildiyi loru tələffüzlərə son qoyulmasıdır.
Əlbəttə, hələ əksini tapmayan hallar da vardır. İlk addım olduğundan müəyyən nəzərdənqaçmaların və xətaların gələcəkdə aradan qaldırılacağına və sənədin daha da təkmilləşəcəyinə inanıram. Sözsüz ki, illərdən bəri alışdığımız bəzi qaydalarla vidalaşmaq ilkin mərhələdə çətin olsa da, zaman keçdikcə adiləşəcək və öyrəşəcəyik. Əsas odur ki, qeyri-rəsmi qaydalardan fərqli rəsmi ,,Normalar” var. Mən bu addımı böyük uğur kimi qiymətləndirirəm!
Lakin, bununla belə, ilk baxışda diqqətimi cəlb edən bəzi iradlarımı bildirmək istəyirəm.
1.Şəkilçilərin tələffüzü bölməsinin 4.6.7.maddəsində deyilir: “laqşəkilçisi [dax] kimi tələffüz olunur: duzlaq [duzdax], qışlaq [qışdax], otlaq [otdax] və s.”. Belə çıxır ki, bundan sonra yaylaq, ovlaq, çaylaq sözlərini yaydax, ovdax, çaydax kimi tələffüz etməliyik.
2.Normaların 4.4. bəndində deyilir: “-dan2 çıxışlıq hal şəkilçisi m, n hərfləri ilə bitən sözlərə qoşulduqda, [-nan2]kimi tələffüz olunur: adamdan [adamnan], bədəndən [bədənnən], gözümdən [gözümnən], meydandan [meydannan] və s.”
Eyni fakir 4.10-da təkrar olunur: “M və n samitləri ilə bitən sözlərdən sonra işlənən –dan2 çıxışlıq hal şəkilçisi [-nan2] şəklində tələffüz olunur: qardaşımdan [qardaşımnan], məndən [mənnən], oğlandan [oğlannan], ondan [onnan], sözümdən [sözümnən], üzümdən [üzümnən], vətəndən [vətənnən] və s.”
3. “Bənd 3.13. Rus və Avropa mənşəli iki və daha çox hecalı sözlərdə k hərfi özündən sonra incə sait gəldikdə [k] kimi (anket, buket, okean və s.), qalın sait və samit gəldikdə isə [k¢]aronavirus], aktual [ak’tual] və s.¢ kimi tələffüz olunur”.
İndi qaydaya görə, biz texniki, mexaniki sözlərini [k] ilə, konka sözündə son samiti [k’], konki sozündə [k] kimi tələffüz etməliyik?
4. Fikrimizcə, 3.2 bəndinin ikinci hissəsi ilə 3.7 bəndi eyni qaydanı ifadə edir.
“3.2. Söz ortasında eynicinsli qoşa kar samitin (kk, pp, tt) və ya müxtəlifcinsli iki kar samitin (st, xt, sk, tkvə s.) ikincisi cingiltili tələffüz olunur: səkkiz [səkgiz], təşəkkür [təşəkgür], guppultu [gupbultu], hoppanmaq [hopbammax], əlbəttə [əlbətdə], xəttat [xətdat], taxta [taxda], tüstü [tüsdü], usta [usda], kəskin [kəsgin], ötkəm [ötgəm] və s.”
“3.7. Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin ikincisi əsasən, cingiltili tələffüz olunur: axtarış [axdarış], asfalt [asvalt], bəxtiyar [bəxdiyar], böhtan [böhdan], dəftər [dəfdər], dəstə [dəsdə], kəşfiyyat [kəşviyat], məftil [məfdil], məxfi [məxvi], müştəri [müşdəri], püstə [püsdə], saxta [saxda], şaftalı [şafdalı], taxta [taxda], təşkil [təşgil] və s.”
5. Maraqlı burasıdır ki, söz sonunda k hərfinin [k ‘] kimi tələffüzü qeyd kimi yalnız birhecalı sözlərə aid edilib. “Normalar”da akademik, kauçuk, seysmik, statistik və s.kimi çoxhecalı sözlərin tələffüzü haqqında heç bir qayda verilməyib.
6. Bənd 4.1. “Üçüncü şəxsin təkini bildirən -dır4xəbərlik şəkilçisi [-dı4]kimi tələffüz olunur: ağıllıdır [ağıllıdı], doludur [doludu], gözəldir [gözəldi], gözləməlidir [gözdəməlidi], istəyəsidir [isdiyəsidi], səfərdədir [səfərdədi], üstünlükdür [üsdünnüx’dü], yaxınlıqdadır [yaxınnıxdadı], yaxşıdır [yaxşıdı] və s.”
Bu bənddə yalnız vacib və lazım şəkilndə olan feillər nümunə göstərilib. Məlumdur ki, bu şəkilçilər idi hissəciyi ilə ya ayrı (gözləməli idi), ya da bitişik yazıla bilir və hər iki halda [gözdəməliydi ] kimi tələffüz edilir və bu, -dır şəkilçisinin tələffüzündən fərqlənir. İndi belə cümlələrin tələffüz variantına diqqət edək: [Uşax dərsə hazırlaşmışdı və ya hazırraşacaqdı ]
Cümlə necə yazılmalıdır: “Uşaq dərsə hazırlaşmışdı?, yoxsa “hazırlaşmışdır”? Axı bunlar fərqli mənaları ifadə edir. Və ya: Uşaq dərsə hazırlaşacaqdı, yoxsa hazırlaşacaqdır? Ona görə də, məncə, bu qaydanın nəqli keçmiş və qəti gələcək zamana aid edilməməsi qeyd olunmalıdır. Çünki [dı] kimi tələffüz məna dəyişməsi ilə nəticələnir.
7. Bənd 4.12. “Qoşa kar samitlə bitən təkhecalı sözlərdən ( həkk, şəkk, xətt və s.) sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə qoşa kar samitin ikincisi cingiltili tələffüz olunur : şəkkin [ şəkgin ], şəkk etmək [ şəkg etməx’ ], həkk olunmaq [ həkg olummax ], xəttin [ xətdin ], xəttat [ xətdat ], xətt üstündə [ xətd üsdündə ] və s.
Məlumdur ki, sonu kar samitlə bitən təkhecalı sözlər azdır : uff, qəşş, hiss, stress və tapp, gupp, şapp kimi təqlidi sözlər.
Aydındır ki, qayda bu sözlərdən yalnız pp ilə bitənlərə şamil edilə bilər. Bu barədə qeyd yazılmalı idi.
8. -araq şəkilçisinin tələffüzü həm 4.8, həm də 4.16; -ərək şəkilçisinin tələffüzü isə həm 4.9, həm də 4.16 bəndlərində təkrarən verilib:
“4.8. Q samiti ilə bitən şəkilçilər (-ıq, -uq; -aq, -q; -lıq, -luq; -laq; -caq; -cıq; -araq; -acaq; -anaqvə s.) söz sonunda və ya samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [x] kimi tələffüz olunur: bolluq [bollux], bozaraq [bozarax], daraq [darax], dayanacaq [dayanacax], oyuncaq [oyuncax], saçaq [saçax], tozanaq [tozanax], yaylaq [yaylax] və s”.
“4.9. K samiti ilə bitən şəkilçilər (-ik, -ük; -ək, -k; -lik, -lük; -lək; -cək; -cik, -cük; -ərək; -əcək; -ənək və s.) söz sonunda və samitlə başlayan digər şəkilçidən əvvəl işləndikdə, [x’] kimi tələffüz olunur: bəzək [bəzəx’], biçənək [biçənəx’], döşək [döşəx’], evcik [evcix’], əlcək [əlcəx’], əzik [əzix’], gələcək [gələcəx’], gəlincik [gəlincix’], işlək [işdəx’], sönərək [sönərəx’], sönük [sönüx’], şənlik [şənnix’], üzlük [üzdüx’], yelləncək [yelləncəx’] və s.”
“4.16. -dıqda,-dikdə, -duqda, -dükdə; -dıqca,-dikcə, -duqca, dükcə; -araq, -ərək şəkilçilərindəki q hərfi [x] kimi, k hərfi isə [x’] kimi tələffüz olunur: dincəldikcə [dincəldix’cə], gəldikdə [gəldix’də], qalaraq [qalarax], gördükcə [gördüx’cə], oxuduqca [oxuduxca], öyrənərək [öyrənərəx’] və s.”
9. “Bənd 4.13. Müxtəlifcinsli samitlərlə bitən elm, fəhm, həcm, hökm, rəhm, rəsm, sehr, səhm, sədr, üzr, üzv, zəhm, zülm kimi ərəb mənşəli təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda, tələffüz zamanı söz kökündəki samitlər arasına qapalı sait əlavə edilir: elmli [elimli], hökmdar [hökümdar], hökmsüz [hökümsüz], rəhmli [rəhimli], sehrli [sehirri], sədrlik [sədirrix′], səhmdar [səhimdar], üzrsüz [üzürsüz], üzvlük [üzüvlüx’], zəhmli [zəhimli] və s.”
Sual yaranır: Bəs belə sözlərdən sonra samitlə başlayan söz gələndə necə tələffüz olunmalıdır? Məntiqlə yanaşsaq, bu sözlərdən sonar samitlə başlayan söz gələndə 3 samitin yanaşı gəlməsi tələffüzü ağırlaşdırır. Məs: Hökm verildi. Məncə, [höküm verildi] kimi tələffüzü doğrudur. Yaxşı olardı ki, bu qeyd “Normalar”a əlavə edilsin.
10.“Normalar”ın 2.5.1 bəndində deyilir: “ai, ia, iə, əi, ioyanaşı saitlərinin işləndiyi alınma sözlərin tələffüzü zamanı həmin saitlərin arasına [y] səsi artırılır: ailə [a:yilə], dairə [da:yirə], vəsait [vəsa:yit], dialekt [diyalek’t], dialoq [diyalok’], faciə [fa:ciyə], müdafiə [muda:fiyə], təbiət [təbiyət], radio [radiyo], stadion [stadiyon], zəif [zəyif] və s.” Aydın deyilib. “Normalar”ın 2.5.3 bəndində isə deyilir: “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uəyanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom [aerodrom], aeroport [aeroport], okean [okean], realizm [realizm], teatr [teatr], fəaliyyət [fəaliyət], səadət [səadət], teorem [teorem], müalicə [müalicə], müavin [müavin], müəllim [müəllim], müəllif [müəllif], aktual [aktual], aul [aul], dua [dua], duel [duel], maneə [maneə], məcmuə [məcmuə], mətbuat [mətbuat], pauza [pauza], Rauf [Rauf], taun [taun], Zaur [Zaur] və s.; Qeyd. Yanaşı üa, üə saitlərində ü səsi qısa tələffüz olunur”.
Sual yaranır: Heç bir bənddə qeyd edilməyən aü, ui, iu (yəqin, başqaları da var) saitlərinin yanaşı gəldiyi laübalı, naümid, sui-qəsd, natrium, kalsium, podium və s. sözlərin tələffüzü necə olmalıdır?
Redaksiyadan: “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarına dair İzahında deyilir ki, Nazirlər Kabinetinnin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarı ilə qəbul edilmiş normaların ilkin variantına mütəxəssislər tərəfindən “müsbət rəylər verilmiş və iradlar nəzərə alınmış”, eləcə də “orfoepiya normaları layihə şəklində rəy üçün Təhsil Nazirliyinə, Terminologiya Komissiyasına, Mətbuat Şurasına, Ədliyyə Nazirliyinə təqdim edilmiş və müəyyən iradlarla müsbət rəylər alınmışdır”. Görünür, kimsə belə mühüm sənədə lazımi məsuliyyətlə diqqət yetirməyib. Yoxsa deyilən kobud səhvlər olmazdı…