Dünyanın tərsinə, yaxud baş-ayaq döndüyü bir vaxtda ayrı-ayrı platformalarda qarşıma biri XX əsrin başlanğıcında ailəli qadınlar üçün “nəsihətnamə”, digəri də XXI əsrin ultra yeniliklərindən olan robotlarla bağlı video çıxdı.Bu ikisi arasında bir bağlılıq, eyni zamanda da mənhus ziddiyyət (əgər varsa, başqaları da belə görürsə) diqqət çəkir.
“Nəsihətnamə”ni aşağıda oxuyacaqsınız, amma videonun məzmununu qısaca ərz edim: Realbotiks adlı robot-qadınlar artıq 175 min dollara açıq satışa buraxılıb. Bu robot-qadınlar eynilə nəsihətnamədəki kimi davrana biləcəklər. Kiberqızlar (belə də adlandırırlar) yüksək keyfiyyətli materiallardan hazırlanıb, toxunuşda canlı insan təsiri bağışlayırlar, yaxşı həmsöhbətdirlər, müxtəlif mövzularda müzakirələr aparmağa qabildirlər və ən əsası, emosiya nümayiş etdirmək “qabiliyyət”ləri də var. Daha nə istəyirsiniz? “İstədiyiniz yar idi, yetirdi pərvərdigar” deyib keçmək olardı, amma deyə bilmirəm, demək istəmirəm. Çünki biz, deyəsən, doğrudan da canlı insan erasının sonuna yaxınlaşırıq. Bundan sonrasını, sizləri deyə bilmərəm, mən görmək istəmirəm. Dünyanın sonu bu imiş…
ƏRİN EVDƏN QAÇMAMASI ÜÇÜN ARVAD ÖZÜNÜ NECƏ APARMALIDIR
Rusiya, 1906-cı ildə çap olunub.
Qadınlara tövsiyələr
- Ər restoranda yeməsin deyə, arvad evdə yeməkdən sonra onun ağzını və bığlarını salfet ilə silərək könlünü xoş etməli və üzündən öpməlidir.
- Arvadlar iş gününün sonuna yaxın ərlərinin iş yerlərinə gedib qapının ağzında gözləməli və kişiləri evə qədər müşayiət etməlidirlər.
- Ərin diqqətinin başqa yerə dağılmaması üçün arvad müxtəlif geyimlərdə və vəziyyətlərdə onun qarşısında özünü göstərməlidir.
- Arvad nahardan sonra mürgüləmək istəyən ərin ayaqlarını yun şal ilə örtməli və yuxuya gedənə qədər ona kitab və ya qəzet oxumalıdır. Kişi yuxulayanda isə oyanana qədər başının üstündə dayanıb ağcaqanad və milçəkləri qovmalıdır.
- Ər axşamlar vint (kart oyunu) oynamaq üçün evdən çıxmasın deyə arvad tanış qız və dul rəfiqələrini tez-tez evə dəvət etməli və əri ilə vint oynamaq üçün şərait yaratmalıdır.
- Əgər vint oyunu üçün yuxarıdakı plan alınmırsa, onda arvad ərini musiqi ilə, mahnı oxumaqla və rəqs etməklə əyləndirməli, könlünü xoş etməlidir.
- Arvad ikiyəhərli velosipedlə əri ilə gəzintiyə çıxmalı, amma kişinin üzünə toz, külək, yağış və qar dəyməsin deyə, kürəyini sipər edib ərini qorumalıdır.
- Bayram günləri vaxtını daha şən keçirsin deyə, arvad əri üçün səhər yeməyini və qəhvəni yatağa gətirməli, onun üçün səhər qəzetlərini oxumalıdır.
- Bərbərə gedərkən, ər yolda dostuna-tanışına ilişib evə gec gəlməsin deyə, arvad özü saç, bığ və saqqalı təraş etməyi öyrənməli və ərinin saçını, bığ-saqqalını özü qaydaya salmağı bacarmalıdır.
Giriş hissə və rus dilindən tərcümə: Aygün ƏZİZ