- Manşet, Mədəniyyət

Erməni vandalizmi: faktların dili ilə (XII hissə). 2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş dini abidələrimiz

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Gəncə şəhərindəki “İmamzadə Ziyarətgah” Kompleksi və “Aleksandr Nevski” adına
rus pravoslav kilsəsinə ciddi ziyan dəymişdir. “İmamzadə”də pəncərələrin şüşəsi sınmış, insanların ziyarət etdikləri yerdə asılmış çilçıraq yerə düşərək yararsız hala gəlmiş, həmçinin ziyarətgahın ətrafındakı məzarlar zədələnmişdir. Aleksandr Nevski adına kilsənin isə divarlarında çatlar əmələ gəlmiş və içərisindəki ikonalar sınmışdır.
1
“Aleksandr Nevski” adına rus pravoslav kilsəsi

Bununla yanaşı, Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlıqdakı “Şeyx Babı” türbəsinə və Tovuz rayonunun Ağdam kəndindəki “Alı Dədə” türbəsinə ciddi ziyan dəymiş, həmçinin düşmən tərəfindən atılan mərmi Beyləqan rayonundakı “Cərcis peyğəmbər” ziyarətgahının yaxınlığına düşmüşdür. Eləcə də Tərtər, Ağcabədi rayonunda qəbiristanlıqlar artilleriya atəşinə tutulmuş, nəticədə çoxsaylı qəbirlər ya tam dağılmış, ya da ciddi zərər görmüşdür.
Bundan əlavə qeyd olunmalıdır ki, işğaldan azad edilmiş Zəngilan rayonundakı məsciddə ermənilərin donuz saxlaması Ermənistanın dini-mənəvi abidələrimizə qarşı vandalizmini bir daha təsdiqləyir.
Şeyx Babı türbəsi. Şeyx Babı Yaqubun dəfn olunduğu bu türbə 1273–1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə ağ daşdan hörülüb və üstü səkkizgüşəli çatma günbəzlə örtülüb. Xalq arasında “Şıxbaba türbəsi” adı ilə tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqda yerləşir. Hazırda xanəgahın yeraltı yolları, həmçinin həmin minarələrdən biri ciddi zədələnmiş halda qalmaqdadır. İndi bu unikal memarlıq abidəsindən ancaq türbə və minarə qalıb. Şeyx Babı türbəsi 2020-ci il sentyabrın 29-da Qarabağda baş verən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində ciddi şəkildə zədələnib.
Alı Dədə türbəsi. Ermənistanın törəttdiyi yanğınların Azərbaycanın nəzarətində olan cəbhəyanı əraziyə keçməsi nəticəsində cəbhə xəttinin yaxınlığındakı qəbiristanlıq və Azərbaycanın tarixi yerləri siyahısında olan “Alı dədə” abidəsi kimi tanınan, yerli əhalinin ziyarətgahı olan Ağa Mir Əli türbəsi yanıb.
“Cərcis Peyğəmbər” ziyarətgahı — Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimalşərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşir. Cərcis Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Ziyarətgah İsa peyğəmbərdən sonra, təxminən III-IV əsrlərdə yaşamış və 77 il ömür
sürmüş əslən Fələstindən olan Cərcis ibn Anaq adlı peyğəmbərin adı ilə bağlıdır. Hal-hazırda bu ziyarətgah Azərbaycanın bütün bölgələrindən, eləcə də Gürcüstandan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir. Ermənistan ordusu tərəfindən atılan mərmi “Cərcis peyğəmbər” ziyarətgahının yaxınlığına düşmüşdür.
2
“İmamzadə Ziyarətgah” Kompleksi.
Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Kərpicdən tikilmiş türbənin
ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, onun
ətrafına daş və kərpicdən hasar çəkilmişdir. Kompleksin içərisində xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi
tanınan türbə yerləşir. Ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilən türbədə beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunmuşdur. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə, türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal olunur. Ermənistan tərəfinin ağır artilleriyadan istifadə edərək atdığı atəş nəticəsində “İmamzadə”də kompleksinin pəncərələrinin şüşəsi sınmış, insanların ziyarət etdikləri yerdə asılmış çilçıraq yerə düşərək yararsız hala gəlmiş, həmçinin ziyarətgahın ətrafındakı məzarlar zədələnmişdir.
“Aleksandr Nevski” adına rus pravoslav kilsəsi. Məbəd 1887-ci ildə köhnə qəbirstanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Mənbələrə görə 1916-cı ildə, bu məbəd bir kafedral statusuna sahib idi. Bina Bizans üslubunda
plint kərpicdən tikilmişdir. Ermənistan tərəfinin ağır artilleriyadan istifadə edərək atdığı atəş nəticəsində Aleksandr Nevski adına kilsənin isə divarlarında çatlar əmələ gəlmiş və içərisindəki ikonalar sınmışdır. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və
saxtalaşdırılmasına yönəlmiş qanunazidd əməllər beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilir. Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.