Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hesabat”ın təqdimatı keçirilib. 109 səhifəlik hesabatın müəlliflərindən biri, Din və Demokratiya Mərkəzinin sədri Vasif Sadıqlı ilkxeber.com-a bu mövzuda müsahibə verib.
– Vasif bəy, hesabatı “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovla birgə hazırlamısnız…
– Bəli, işin çoxunu Faiq müəllim görüb.
– Bir qədər ətraflı məlumat verərdinizmi?
– Hesabatda Ermənistan tərəfindən işğal edilən ərazilərdə əzəli görkəmindən məhrum edilən memarlıq abidələri, erməni vandalizminə uğramış arxeoloji abidələr, bağ-park, monumental qurğular və xatirə abidələri, işğal altındakı ərazilərindən oğurlanıb Ermənistana aparılmış muzey eksponatları və digər mədəni irs nümunələri, şəhər və kəndlərin adlarının dəyişdirilməsi, inşa edilən erməni xaç rəmzləri, qanunsuz inşa edilən erməni kilsələri və nəhayət, 2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş dini abidələrimiz barədə ətraflı məlumat verilir. Hesabata 180 foto əlavə edilib ki, bunların mühüm hissəsi Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı tərəfindən əldə edilib.
– İşğal dövrü Azərbaycan ərazilərində inşa edilən erməni xaç rəmzləri barədə ətraflı danışardınız..
– Ermənilər Azərbaycan ərazilərində məqsədli şəkildə mədəni irs nümunələrimizi ya tamamilə dağıdıb məhv edirlər, ya da sadəcə, erməniləşdirirdilər. O cümlədən, Hadrud rayonunun Ballıca (ermənilər Daşuşen adlandırırlar) kəndi yaxınlığında adsız bir dağın zirvəsində 2016-cı ildə “şəfəq saçan xaç” quraşdırıblar. Qurğu dəmirdən hazırlanıb, hündürlüyü 50 metrdir. Bu xaç simvolu gecələr işıq saçaraq Qarabağın bütün regionlarından görünür. Belə abidələr çoxdur. Azərbaycan ərazilərini erməniləşdirmə onların dövlət siyasətinin təzahürlərindən biridir və beynəlxalq hüquqa görə, müharibə cinayətidir. Bununla Qarabağdakı separatçılıq, işğalıçılıq fəaliyyətinin xristian-müsəlman qarşıdurması müstəvisinə çıxarmaq, Qərb ölkələrindən dəstək almaq istəyirlər. Ermənilər etnik fundamentalizm ideologiyasının əsiridirlər və yaxın və ortamüddətli perspektivdə xilas olacaqları gözlənilmir.
– Etnik fundamentalizm nədir?
– Bu sahə üzrə tanınmış mütəxəssislərdən biri olan Piter Şröderdir. O, haqlı olaraq qeyd edir ki, çox təəssüf, hazırda fundamentalizm deyəndə ilk olaraq ağıla dini fundamentalizm, dini fundamentalizm deyəndə isə islam fundamentalizm gəlir. Halbuki etnik fundamentalizm ondan az təhlükəli deyil. Nümunə olaraq alman faşizmini göstərə bilərik. Hazırda söhbət erməni etnik fundamentalizimdən getməlidir… Erməni fundamentalizminin faşizmdən fərqi olur ki, ikinci sekulyar etnik fundamentalizm idi, Erməni fundamentalizmində kilsənin də rolu var, ona görə onu duffuz etnik fundamentalizm adlandırmaq daha doğru olar.
– Münaqişənin gedişi zamanı bunun guya xristian-müsəlman qarşıdurması olması amilindən istifadə edildimi?
– Əlbəttə. Hazırda Hantinqton və Fukuyamanın islamın guya liberalizm dəyərləri üçün təhdid təşkil etməsi barədə tezisləri çox geniş tirajlanır və bundan istifadə etməyə çalışırlar. Müharibənin gedişində guya Azərbaycan tərəfində Suriya terrorçularının döyüşməsi barədə iddiaları səsləndirildi. Təəssüf ki, bir sıra dövlət, o cümlədən Minsk Qrupunun üzvü olan dövlətlər hətta dövlət başçısı səviyyəsində bu uydurmanı təkrarladılar.
– Yəni yetərincə məkrli düşmənlə üz-üzəyik…
– Bəli. Ermənilər Osmanı dövlətində “milləti-sadiqə” ünvanı almışdı. Yəni bu dövlətə sadiq millət kimi bir çox imtiyazlardan istifadə edir, yüksək vəzifələr tuturdular və s. Amma ilk fürsətdə – XIX əsdə Osmanı dövlətini kürəyindən xəncərlə vuran da onlar oldu. Nümunəvi kollaborasionizm nümayiş etdirdilər.
– Yəni…
– Kollaborasionizm yaşadığın, çörəyini yediyin, suyunu içdiyin dövlətin düşmənləri ilə əlbir olub dövlətə xəyanət etməkdir…
– Amma biz tolerant xalqıq…
– Bəli, hətta ifrat tolerant. Bir neçə il əvvəl Bakıda, səhv etmirəmsə, Avropa Şurasının nümayəndələri ilə görüş vardı. Azərbaycanın yəhudi icmasının nümayəndələri açıq şəkildə dedilər ki, bizdə digər etnos və konfessiyalara olan xoş münasibəti Avropada da görmək istərdilər… Azərbaycanda xristianlıq və digər dinlərin abidələri dövlət tərəfindən qorunur.
– 44 günlük müharibə başa çatdı. Təəssüratlarınız?
– 27 sentyabrda başlayan döyüşlər XXI əsrin yeni müharibə modeli idi. Vətən müharibəsini silahlı və silahsız PUA-ların benefisi də adlandırmaq olar. Təbii ki, Azərbaycan ordusu tarix yazdı. Onunla qürur duyuruq. Onun sayəsində danışıqlar masasında da diktə edən tərəf olduq. Üstəlik, millətimizin qəddi düzəldi. Mövcud situasiyada maksimum nəticə əldə etdik. Amma daha gözəl ola bilərdi.
– Necə?
– Separatçı və muzdluları Xocalıya sıxışdırıb orda fani dünya ilə vida mərasimini təşkil etsək, daha gözəl olardı. Onda Xocalı şəhidlərinin, bütün şəhidlərimizin ruhu bir qədər sakitləşərdi. Belə bir endşpil arzu edirdim…
– Kimsə PUA-ları Əbabil quşları ilə müqayisə etmişdi
– Yaxşı bənzətmədir…
– Sentyabrın 27-də başlayan Vətən müharibəsində də mədəniyyət abidələrimiz ziyan görübmü?
– Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Gəncədəki “İmamzadə Ziyarətgah” Kompleksi və “Aleksandr Nevski” adına rus pravoslav kilsəsinə ciddi ziyan dəyib. “İmamzadə”də pəncərələrin şüşəsi sınıb, çilçıraq yerə düşərək yararsız hala gəlib, həmçinin ziyarətgahın ətrafındakı məzarlar zədələnib. Aleksandr Nevski adına kilsənin isə divarlarında çatlar əmələ gəlib və içərisindəki ikonalar sınıb. Bundan başqa, Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlıqdakı “Şeyx Babı” türbəsi sentyabrın 29-da ciddi şəkildə zədələnib. Şeyx Babı Yaqubun dəfn olunduğu bu türbə 1273–1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Tovuz rayonunun Ağdam kəndindəki “Alı Dədə” türbəsinə də ciddi ziyan dəyib, düşmən tərəfindən atılan mərmi Beyləqan rayonundakı “Cərcis peyğəmbər” ziyarətgahının yaxınlığına düşüb və s,
– Ümumilikdə işğal edilmiş ərazilərdə mədəniyyət abidələrinin dağıdılması nəticəsində Azərbaycana dəyən ziyan nə qədərdir?
– İşğal olunmuş ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq qiymətləndirmə standartlarına uyğun qiymətləndirilib. Faiq İsmayılovun hesablamasına görə, işğal olunmuş ərazilərdəki dövlət qeydiyyatında olan daşınmaz tarix və mədəniyyət abidələrinə dəyən zərər 88 mlrd 326 milyon, dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələrinə dəyən zərər 46 mlrd 66 milyon, daşınan tarix və mədəniyyət abidələrinə dəyən zərər 42 mlrd 607 mln, zərərin ümumi məbləği 177 mlrd ABŞ dollarıdır.
– Bu hesabatı hazırlamaqda məqsədiniz?
– Bir sufi pritçasında deyilir ki, bir gün bir göyrəçin hökmdara şikayət edir. Deyir, filan dərviş mənim qanadımı qırıb. Hökmdar soruşur ki, bəs niyə qaçmadın? Göyərçin deyir: “Əyinində dərviş xirqəsi vardı. Dərviş belə etməz deyə qaçmadım”. Hökmdar əmr edir ki, dərvişin bir qolunu qırsınlar. Göyərçin etiraz edir. Hökmdar səbəbini soruşanda belə cavab verir: “Əgər bir qolunu qırsanız, gedib yenə başqa göyərçinlərin qanadını qıra bilər. Ən yaxşısı, onun xirqəsini çıxarın ki, mənim kimi sadəlövhlər onu dərviş hesab edib arxayın olmasınlar”.
Ermənilər uzun illərdir, özlərini dünyaya qədim və böyük mədəniyyətə malik, əzabkeş, zavallı, zərərçəkmiş xalq kimi təqdim edir, bunun üçün milyonlar xərcləyirlər. Biz erməni vandalizmini faktların dili ilə dünyaya sübut etmək istəyirik. Yaxın vaxtlarda hesabatın ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.