- Cəmiyyət, Manşet

“Ermənistan Rusiya sülhməramlılarının Qarabağdan getməsinə hazırlaşmalıdır…”

Pavel Felqenhauer: “Qərb sülhməramlılarının Qarabağda yerləşdirilməsi ümidlərini “mənasız” adlandırardım…”
“Bakı Rusiya sülhməramlılarının davranışlarıyla bağlı son bəyanatlarıyla Moskvaya mesaj göndərir. Deyir ki, ermənilərin ipini çəkin, əks halda pis olacaq… Təbii ki, Azərbaycanın Qarabağda Türkiyə sülhməramlılarını  görmək arzusu var. Ermənistan yeni bir hərbi münaqişə yolu ilə bunun qarşısını ala bilər. Amma düşünürəm ki, bu, erməni tərəfi üçün ölümcül olacaq. İndi onların hərbi mübarizədə heç bir şansı yoxdur. Buna görə də Rusiyanı öz tərəflərində münaqişəyə çəkərək geo-siyasi tarazlığı dəyişdirməyə çalışırlar”.
Moderator.az xəbər verir ki, bu fikirləri  “Novaya Qazeta” nın hərbi icmalçısı Pavel Felqenhauer söyləyib.
Rusiyalı şərhçinin fikrincə, Ermənistan Qarabağda Qərb sülhməramlılarının meydana çıxmasına etiraz etməzdi.
“Məsələn, ermənilər fransız sülhməramlılarının orada olmasını istəyirlər. Amma fakt budur ki, indi Qərb ölkələrinin heç biri bununla maraqlanmır. Bu, təkcə Ermənistandan asılı olmayan çox ciddi siyasi məsələdir. Bakı və Moskvanın razılığını almaq lazımdır. Qərb sülhməramlılarının Qarabağda yerləşdirilməsi ümidlərini “mənasız” adlandırardım”  -deyə hərbi icmalçı bildirib.
Felqenhauer hesab edir ki, Ermənistan bundan sonra hansısa “dayı”ya güvənməmək üçün hərbi islahatlar aparmalı, yenidən ordu qurmalıdır.
“Bir neçə ildən sonra nə olacağını proqnozlaşdırmaq çətindir. Rusiya  Cənubi Qafqaza marağını itirə bilər. Cənubi Qafqaz Rusiya üçün prioritet deyil. Sülhməramlıların getməsi?.. Demək çətindir… Bu, birbaşa Bakı və İrəvana aid olmayan bir çox məsələlərdən asılıdır. Aydındır ki, indi Bakının İrəvan üzərində total hərbi üstünlüyü var. Buna görə də erməni tərəfi Rusiya sülhməramlılarının Qarabağdan getməsinə hazırlaşmalıdır ” – deyə  Rusiya hərbi icmalçısı vurğulayıb.
Sultan Laçın