Ermənistan hökuməti Türkiyə ilə təmaslara başlamağa hazırdır.
APA-nın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan TASS-a açıqlamasında bildirib.
Mətbuat katibi işlər səmərələri olacağı halda, yüksək səviyyədə görüşlərə də hazır olduqlarını bəyan edib.
“Baş nazir parlamentin bu günlərdə keçirilmiş iclasında Türkiyə ilə danışıqlara dair mövqeyini açıqlayaraq bildirdi ki, yüksək səviyyədə kontaktların baş tutması üçün işçi diskussiyalar olmalıdır. Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasında hələlik heç bir təmas olmayıb, halbuki Ermənistan hökuməti belə təmaslara hazırdır. Bu cür səmərəli işlər olacağı təqdirdə, Ermənistan yüksək səviyyəli görüşlərə də hazırdır”, – deyə M. Gevorkyan bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Baş nazirinin N. Paşinyanın görüş təklifini ona çatdırdığını açıqlayıb.