- Ədəbiyyat

Ernest Heminquey. Qoca və dəniz

(İxtisarla)

O, ikiavarlı balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə gedir, hər dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində balaca oğlan da qoca ilə bərabər getmişdi. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı uğursuz adamdır. O da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa getdi, özü də birinci həftə ərzində üç iri balıq gətirdi. Qoca balıqçının halı oğlanı yaman kədərləndirirdi. Hər gün əliboş qayıdanda uşağın ona yazığı gəlirdi. O, hər axşam sahilə gedib qocaya qayıqdan şeylərini –kəndirləri, yelkən dolanmış dor ağacını, ya da nizəni daşımağa kömək edirdi. Yelkən başdan-başa yamaq içində idi. Dor ağacına sarınmış bu köhnə yelkən dəfələrlə məğlubiyyətlərə düçar olmuş alay bayrağına oxşayırdı.

Usanmış, yorğun qoca balıqçı çox arıq idi, peysərini dərin qırışlar örtmüşdü. Qonur rəngə çalan yanaqlarını ləkələr bürümüşdü. Ləkələr hər iki yanağı boyu sifəti ilə üzüaşağı, boynuna qədər yayılırdı.

Dənizdən ağır, nataraz balıqları dartıb çıxardanda əllərini kəndir kəsib yarıq-yarıq eləmişdi. Bu yarıqların heç biri təzə deyildi, hamısı da susuz səhradakı köhnə çatlara oxşayırdı.

Özü qoca olsa da, dəniz kimi mavi gözlərində gənclik ehtirası vardı, o gözlər qocanın nə qədər məğlubedilməz olduğunu göstərirdi.
– Santyaqo, – oğlan qocaya hörmətlə müraciət etdi, – bundan sonra mən dənizə yenə də səninlə gedəcəyəm. Bir az pul qazanmışam.

Onlar qayığı sahildə yerbəyer eləyib yoxuşla qəsəbəyə qalxdılar. Oğlan qoca balıqçını çox sevirdi, çünki balıq tutmağın bütün sirlərini ondan öyrənmişdi.

Qoca dilləndi:

– Yox, bala, indiki yerin yaxşıdır, bəxtin gətirir, orada qal.

– Yadındadır, bir dəfə səksən yeddi gün hər səhər dənizə getdik, bir dənə də balıq tuta bilmədik? Sonra üç həftə gündə iri bir balıqla sahilə qayıtdıq.

– Yadımdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm ki, yanımdan öz xoşunla getməmisən. Mənə inanırsan, amma öz yerində qalsan yaxşıdır.
– Məni atam məcbur etdi, – deyə oğlan özünü təmizə çıxarmağa çalışdı, – mən uşağam, atama qulaq asmalıyam.

– Doğrudur, – qoca dilləndi, – yaxşı eləmisən, başqa cür ola da bilməzdi.

– Atam nədənsə sizin bəxtinizə inanmır.

– Amma biz inanırıq, eləmi?

– Əlbəttə, – oğlan onun sözünü təsdiqlədi, – ustad, “Terras”a gedib bir az pivə içək, şeyləri nə vaxt istəsəniz, evə apararıq. Pivə pulunu mən verəcəyəm.

– Lap yaxşı! Niyə də içməyək? – deyə qoca razılaşdı, – balıqçı balıqçını qonaq edər də…

Onlar “Terras” restoranına gəlib oturdular. Orada çoxlu balıqçı vardı. Qocanı görəndə gülə-gülə zarafata başladılar. Qoca isə zarafatdan incimirdi. Yaşlı balıqçılar onun halına acıyır, ancaq bunu büruzə vermirdilər. Onlar qocaya hörmət edirdilər. Balıqçılar tilovu dalğaların axınından nə qədər dərinə atmaqlarından, gözəl havadan, dənizdə görüb-eşitdiklərindən danışırdılar.

Bu gün balıq ovunda bəxti gətirənlərin hamısı burada idi. Onlar içini çıxarıb təmizləyəndən sonra balıqları bir-birinə bərkidilmiş qoşa taxtaların üstünə köndələn düzmüşdülər. Balıqları anbarda soyuducuya doldurub Havana bazarına aparacaqdılar. Köpəkbalığı tutmuş balıqçılar ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil vermişdilər. Orada balıqları tirdən asıb üzgəclərini kəsmiş, qaraciyərlərini çıxarmış, dərilərini də soymuşdular. Duza qoymaq üçün onları uzununa nazik-nazik yarmışdılar.

Külək şərqdən əsəndə balıq zavodundan üfunət iyi gəlirdi. Bu gün külək səmtini dəyişmişdi, şimaldan əsirdi, sonra tamam kəsdi, qoxu da azaldı. Günün altında “Terras”da oturmaq adamın xoşuna gəlirdi.

Oğlan dedi:
– Santyaqo…

– Hə, nə olub? – qoca pivə stəkanını əlində tutub dərin fikrə dalmışdı, keçmişləri yadına salırdı.

– İcazə ver, gedim sənin üçün sabaha bir neçə sardina tutum.

– Yox! Lazım deyil. Sən get beysbol oyna. Mən hələ özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.

– Yox, gedəcəyəm. Madam ki səninlə balığa gedə bilmirəm, qoy başqa işlərdə sənə kömək edim.

– Məni pivəyə qonaq elədiyin üçün çox sağ ol. Maşallah, daha yekə oğlansan.

– Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı?

– Beş yaşında idin. Az qalmışdı, dənizə düşüb boğulasan. Balığı tutub qayığa çıxardım. Başladı çırpınmağa, az qaldı, qayığı sındırıb tikə-tikə eləsin. Yadındadır?

– Əlbəttə, yadımdadır. Yaman çırpınırdı. Quyruğu ilə elə vurdu ki, qayığın oturacağı sındı. Amma sən də o ki var toppuzla əzişdirdin onu… Məni də götürüb qayığın burnuna tulladın. Özün də təpədən-dırnağa qan içində idin.

– Doğrudanmı, yadında belə yaxşı qalıb, ya mən sonralar nağıl eləyəndə eşitmisən?

– Səninlə dənizə çıxdığım birinci gündən bəri olubkeçən hər şey yadımdadır.

Qoca balıqçı günün altında qalmaqdan qan çəkmiş gözləri ilə oğlanı oxşadı; onun baxışlarından etibar və məhəbbət yağırdı.

Bir az susandan sonra səsində mehribanlıq duyulan qoca astadan dedi:

– Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib riskə gedər, səni özümlə dənizə aparardım, – qoca təəssüfləndi, – heyif ki, başqasının oğlusan, özün də uğurlu qayığa düşmüsən.

– Sardina tutmağa icazə vermirsən?.. Tilova taxılası yemin də yerini bilirəm. Dörd dənəsi bəsimdir.

– Səhər apardığım yem necə var idi, elə də qalır. Qutuda duzun içinə qoymuşam.

– Qoy gedim, dörd dənə təzəsini gətirim.

– Onda bir dənə gətir, – qoca razılaşdı.

Oğlan israrla dedi:

– İcazə ver, iki dənə gətirim.

– Yaxşı, iki dənə gətir. Qoy sən deyən olsun, – qoca onun xətrinə dəymək istəmədi, sonra ehtiyatla soruşdu, – olmaya, balıq yemini oğurlamısan.

– Yox, pulla almışam. Girimə keçsəydi, əlbəttə, çırpışdırardım.

– Qonaqlıq üçün sağ ol, – qoca təşəkkür etdi.

O çox sadə, başıaşağı, təmizürəkli, həm də təvazökar adam idi. Hiylənin, kələyin nə olduğunu bilməzdi, bu da onun hörmətini daha da artırırdı.

Qoca dedi:

– Ləpə elə-belə qalsa, pis olmaz, sabah hava yaxşılaşar.

– Sabah balığa hara gedəcəksən?

– Fikrim uzaqlara getməkdir. Dan sökülməmiş dənizə çıxacağam. Belə etsəm, külək səmtini dəyişəndə geri qayıda bilərəm.

– Mən də, bəlkə, işlədiyim qayığın yiyəsini dilə tutub uzaqlara apara bildim, – oğlan gülümsədi, – qarmağına iri balıq keçsə, köməyinə gələrik.

– O, sahildən çox uzaqlaşmır.

– Elədir, – oğlan razılaşdı, – bəlkə, bu dəfə şirnikdirib apara bildim. Gözləri yaxşı görmür. Uzaqda uçan quşları göstərib deyərəm ki, orada balıq var. Balıq üçün dünyanın lap o başına gedər.

– Yəni bu dərəcədə pis görür?

– Kordur da.

– Qəribədir, – qoca mızıldadı, – o ki ömründə çanaqlıbağa tutmağa getməyib. Gözləri niyə xarab olsun?

– Sən ki neçə il moskit sahillərinə gedib çanaqlıbağa tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi parıldayır.

– Ona görə ki, qəribə qocayam.

– Birdən çox iri balığa rast gəlsən, tutub çıxarmağa gücün çatar?

– Mənə elə gəlir, çatar. Bu işdə gücdən çox fənd lazımdır.

– Şeyləri yavaş-yavaş aparaq evə, – oğlan ayağa durdu, – oradan da mən toru götürüb sardina tutmağa gedərəm.

… Qoca kəndiri avarlar bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əyləşib kürəkləri götürdü, sinəsini qabağa verib başını əydi, suyu yara-yara dənizə çıxdı. Hava qaranlıq idi, səhərin gözü hələ açılmamışdı. Sahil boyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlir, dənizə çıxırdı. Qoca onları görməsə də, avarlara müqavimət göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi sükutu pozurdu.

Bir azdan qayıqlar limanı arxada qoyub geniş okeana səpələndi. Səxavətli dənizin tükənməz nemətindən bir balıq qoparmaq ümidi ilə hərə bir yönə üz tutdu. Qoca balıqçı bu gün çox uzaqlara getməyi fikrində tutmuşdu. Okeanın səhər havası, ucsuz-bucaqsız mavi suları onu ağuşuna alırdı.

Qaranlıq olsa da, qoca balıqçı səhərin yaxınlaşdığını duyurdu… Avar tərpəndikcə qayıq irəliləyırdi. Balıqlar sudan sıçrayıb havada mayallaq aşır, təzədən suya düşürdü. Balıq süzdükcə üzgəci vıyıldayırdı. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi. Onlar balıqçının geniş okeandakı əsl dostları idi. O, quşları da sevirdi, ancaq onlara həm də yazığı gəlirdi. Daima dən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif su qaranquşlarının halına yaman acıyırdı. Qoca fikirləşdi: “Yazıq quşların həyatı bizimkindən qat-qat ağırdır. Əlbəttə, yırtıcı quşları demirəm. İndi ki okean belə amansızdır, su qaranquşu kimi zəif quş niyə yaradılıb? Doğrudur, dəniz çox vaxt mərhəmətli olur. Amma coşanda üzünü görmə. Elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu yazıq quş dəhşətli fırtınalarda dənizə baş vurmalı olur, dimdiyinə keçən xırda balığı dalğaların əlindən alır. Bir şey çıxmayanda civildəşə-civildəşə fəryad qopardırlar, elə bil şikayətlənib dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir”.

Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşiqləri onu la mar – pəri deyə əzizləyirdilər. Arabir acıqları tutanda pisləsələr də, çox vaxt hörmətlə yad edirdilər… Köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu qayıqda balıq tutmağa gedən cavanlar dənizə rəqib kimi baxırlar… Onlar lazım oldu-olmadı, dənizi lənətləyirlər. Qoca üçünsə dəniz hər şey idi, onun həyatı idi. Ona ilahə kimi baxırdı. Bu ilahə insan oğluna nələr vermir?! O nə qədər səxavətli, nə qədər lütfkardır!

Dəniz qəzəblənib qocanı incidəndə, üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir.

Dan söküləndə qoca qarmaqlara yem keçirib tilovları suya atdı. Ləpə qayığı aparırdı. Tilovlardan birincisi qırx, ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz iyirmi beş dəniz sajeni dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə sardina taxmışdı, hamısının da gözlərini qarmağa keçirmişdi. Beləliklə, qarmaqlar yarımdairə yem çələngi əmələ gətirirdi. Bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı, iri balıqlar da yemə yaxınlaşmaqdan qorxmayacaqdı, çünki qarmağın hər tərəfində eyni dadı, eyni ləzzəti duyacaqdı.

Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirmişdi, o biri iki tilovdan birinə adi skumbriya, o birinə sarı ümrin balığı taxmışdı, ötən dəfə bunlardan istifadə etməyinə baxmayaraq, yemlər yaxşı qalmışdı. Əla növ sardinanın iyi balıqları çəkib qarmağa keçirəcəkdi. Qələm yoğunluğunda yaşıl elastik çubuqlar kəndirə bağlanmışdı, balıq qarmağa toxunan kimi çubuq suya əyiləcəkdi. Kəndirə hər biri iki dəniz sajeni uzunluğunda iki ip də bağlanmışdı, bu iplərin də ucuna ehtiyat üçün başqa ip düyünlənmişdi. Bu da qarmağı udası balığa üç yüz dəniz sajeni qədər məsafədə sərbəst üzməyə imkan verəcəkdi.

… İki saat idi, günəş doğmuşdu. İndi qoca gündoğana baxanda günəşin tellərini güzgüləndirən dəniz gözlərini o qədər də qamaşdırmırdı. Göz işləyən yerdə yalnız üç qayıq vardı, onlar da zorla seçilirdi, elə bil sahildən qopmamışdılar.

Qoca fikirləşdi: “Lap uşaqlıqdan gün gözümü qamaşdırır. Amma gözlərim hələ də yaxşı görür, xarab olmayıb. Gün batanda düz ortasına baxıram, gözlərimə qaranlıq çökmür, hərçənd günəş qürub çağı da bərk şölələnir, telləri adamın gözünə batır”.

… Günəş od saçırdı. Qoca bunu boynunun yanmasından duyurdu. Avar çəkdikcə kürəyindən tər sel kimi axırdı.
“İndi bir az yatıb dincələ bilərəm, hər ehtimala qarşı kəndiri də ayağımın baş barmağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım. Axın özü qayığı aparacaq. Bu gün düz səksən beşinci gündür, mütləq balıq tutacağam”.

Bu vaxt qələmvarı yaşıl çubuqlardan biri suya sarı əyildi.

“Bax belə, mən istəyən də elə budur”. Qoca kürəkləri ehmalca sudan çıxardı. Əyilib kəndiri qaldırdı, sağ əlinin baş barmağı ilə şəhadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq duydu, kəndiri boş tutmuşdu. Birdən kəndir dartıldı. Hərəkət yavaş və yüngül idi. Qoca bunun nə olduğunu dərhal başa düşdü. Marlen balığı yüz dəniz sajeni dərinliyində çəngəlin ucuna keçirilmiş sardinaları yeyirdi.

Qoca sağ əlində boş tutduğu kəndiri sol əli ilə ehtiyatla tilov ağacından açdı. İndi o, balığa heç nə sezdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. “İlin bu fəslində sahildən bu qədər uzaqda balaca balıq olmaz, yəqin, bu çox yekə balıqdır. Ye, balığım, ye! Ye sardinanı. Yaxşı-yaxşı ye. Yem təzədir. Altı yüz fut dərinlikdə, yəqin, yerin çox soyuqdur, üşüyürsən. Qaranlıq, üstəlik də soyuq. İndi o qaranlıqda bir dəfə çevril, sonra əvvəlki vəziyyətini al, yenə ye!”

Kəndir yavaşca tərpəndi. Sonra bərk dartıldı; görünür, balıq sardinaları qarmaqdan qopara bilmirdi. Sonra heç nə baş vermədi.

Qoca səsləndi:

– Gəl görüm. Bir də, hə! Yaxşı-yaxşı iylə! Qoy ləzzətli iy səni məst eləsin. İştahla ye! Onları yeyəndən sonra tunesin də dadına bax. Tunes bir az bərk olsa da, ləzzətlidir. Balığım, çəkinmə, ye!

Kəndiri baş barmağı ilə şəhadət barmağı arasında tuta-tuta qoca başqa kəndirlərə, iplərə də nəzər yetirirdi. O yenə də yüngül bir təkan hiss etdi.

– Yeyəcək! Ağzı nədir, yeməsin, – qoca qışqırdı, – Allah özü ona ruzi yetirib…

Yox, balıq tilova gəlmədi, harasa getdi.

Kəndir daha tərpənmirdi. Qoca heç nə başa düşmədi.

– Gedə bilməz, həzrət İsa özü onu getməyə qoymaz. Yerini dəyişdirir. Çox güman, bu balıq əvvəllər bir dəfə qarmağa keçib, odur ki indi ehtiyatlı dolanır.

Kəndir yüngülcə tərpəndi, qocanın kefi kökəldi.

– Mən dedim axı, yerini dəyişir, tilova gələcək.

Balığın kəndiri yenə yavaşca tərpətməsi qocanı sevindirdi, ancaq gözlənilməz ağır təkandan balıqçı sarsıldı. Görünür, balıq çox yekə, çox da ağır idi; qoca kəndiri buraxdı, kəndir sürüşə-sürüşə sürətlə aşağıya, dərinə, lap dərinə getdi. Qoca ehtiyat üçün saxladığı kələflərdən birini işə saldı. Kəndir dərinə getdikcə qoca barmaqlarına düşən gücdən balığın nəhəngliyini açıq-aydın hiss edirdi.

– Bu balıq nə boydadır? – qoca təəccüblə mızıldandı, – görünür, qarmağı köndələninə udub, o da ilişib ağzına, indi qurtulmağa can atır, kəndiri qırıb qaçmaq istəyir.

Qoca fikirləşdi: “Dönüb qarmağı udacaq”. Ancaq düşündüyünü dilə gətirməyə qorxurdu; ona elə gəlirdi, arzu dilə düşəndə baş tutmur. Qarmağa keçən balığın çox yekə olduğunu anlayırdı. Bu dəqiqə balığın ağzına keçmiş qarmağı da, qarmağa sancılı tunesi də götürüb dənizin dərin qaranlıqlarına necə can atdığını aydın təsəvvür edirdi. Balıq tərpəndikcə qoca onun nə ağırlıqda olduğunu bir az da yaxşı duyurdu. Ağırlıq birdən artdı, qoca kəndiri boşaltdı, sonra bir anlığa onu barmaqları arasında saxlayıb buraxmadı. Ağırlıq və gərginlik yenə artdı. Kəndir aşağı dartılırdı.

– Əməlli-başlı tutdu, – deyə qoca rahatlandı, sonra kəndiri dənizə buraxa-buraxa sol əliylə iki kələfin kəndirini açıb ikinci çəngəlin ehtiyat kələfinə caladı. İndi o, nəhəng balıqla vuruşmağa hazır idi. Dənizə buraxdığından başqa hər biri qırx dəniz sajeni uzunluğunda üç ehtiyat kələfi vardı.
“Bir az da ud görək, – qoca xəyalən balıqla danışırdı, – yaxşı-yaxşı ud! Elə ud ki, qarmağın ucları gedib düz ürəyinin başına batsın, sonra da suyun üzünə çıx ki, nizəni böyrünə sancım. Oldu, hazırsanmı? Çox yeyəcəksən?”

– Daha bəsdir, – qoca qışqırdı, kəndiri ikiəlli var gücü ilə özünə tərəf dartıb bir yard qədərini geri yığdı, sonra ipi bir neçə dəfə tərpətdi.

Qocanın bütün səyləri boşa çıxırdı. Balıq baş götürüb üzür, üzdükcə qayıqdan uzaqlaşırdı, qoca isə onu bir düymə belə dala qaytara bilmirdi. Balıqçının kəndirləri çox möhkəm idi. O, bunları iri, güclü balıq üçün hazırlamışdı. Kəndiri kürəyinə aşırıb tarıma çəkdi, ətrafa su damcıları səpələndi. Qoca taxta oturacağa çöküb bədənini dala verdi, bütün gücünü topladı. Qayıq yavaş-yavaş şimal-qərbə yön alırdı.

Balıq durmadan üzür, qayıq da sakit dənizin sinəsi ilə balıq gedən səmtə gedirdi. Qarmağına yem taxılmış o biri tilovlar da suda idi. Hələlik qocanın əlindən heç nə gəlmirdi.

… Gecəyarısı iki dəniz donuzu mayallaq vura-vura qayığın böyür-başında üzürdü. Qoca onların səsini eşidirdi. Erkək donuz bərkdən, dişisi də astadan fısıldayırdı.

Qoca dedi:

– Yaxşı heyvanlardır. Oynayırlar, zarafat eləyirlər. Qanadlı balıqlar kimi, bunlar da biz insanlara yaxındır.

Qocanın tilova düşən iri balığa yazığı gəldi, düşündü: “Balıq deyil, xalis möcüzədir. Görəsən, nə yaşdadır? Ömrümdə belə güclü balıq tutmamışam, başıma belə oyun açanı olmayıb. Görünür, çox ağıllı balıqdır ki, atlanıb-düşmür. Kəndiri dartsa, ya hoppansa, bir anda məni məhv edə bilər. Ola bilsin, bundan qabaq dönə-dönə qarmağa keçib, indi də istəyir, çarpışmaqla canını ölümdən qurtarsın. Yəqin, qoca ilə təkbətək vuruşduğunu bilmir. Çox iri balıqdır. Görəsən, əti dadlı olsa, bazarda nə qədər pul çıxarar? Yemi götürməyindən bildim ki, erkəkdir. Özünü lap kişi kimi aparır. Heç nədən qorxub eləmir. Görəsən, nə elədiyini bilirmi, yoxsa o da mənim kimi bəxtinin izinə düşüb hara gəldi gedir?”

“Balıq insanın hər cür kələyindən, hiyləsindən, qurduğu tələdən uzaqda, okeanın dərin yerində yaşamaq istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən bir yerdə indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmazıq. Aramızdakı yaxınlıq günortadan başlanıb. İndi mənə də, ona da heç kim kömək edə bilməz”.

Balıq yavaş-yavaş dövrə vurur, qayığa yaxınlaşırdı; o, gözəlliyi, görkəmi ilə qocanı heyran qoymuşdu… Qoca nizəni qapıb bütün gücü ilə balığın döş üzgəcinin altına sapladı…

…Balıq yerindən tərpənmədi. Qoca balığı üç yerindən: burnundan, ortasından, bir də quyruğundan qayığa möhkəm bənd etdi. Balıq o qədər iri idi ki, elə bil qayığın özünü gəminin böyrünə qoşmuşdular.

… İndi balıq əlinin altındaydı; əlləri də, beli də bərk ağrıyırdı – bunlar da yuxu deyil, həqiqət idi. “Əllərim tez sağalacaq, – qoca özünə təsəlli verdi, – yaralarımdan çox qan axıb, ona görə də qanım zəhərlənməz. Şor su yaranı tez sağaldır. Bizim körfəzin lehməli suyu dünyada yaranın birinci məlhəmidir. Bu saat çalışmalıyam ki, huşumu itirməyim, əllərim də işini yaxşı görsün. Hələlik pis üzmürük. Balığın ağzı bağlıdır, quyruğu da yaxşı durur, gah qalxır, gah suya düşür. Doğmaca qardaş kimi yanaşı üzürük”. Birdən başı gicəlləndi. Düşündü: “Görəsən, indi kim kimi aparır? Mən onu, ya o məni? Onu qayığa yükləyib aparsaydım, bu sual ortaya çıxmazdı. Amma indi yanaşı üzürük. Birbirimizə də möhkəm bağlıyıq. Eh, neyləmək, balıq məni aparır, qoy aparsın. Əslində isə mən ona hiylə qurdum. Yazıq balığın fikrindən də keçmirdi ki, mənə pislik eləsin”.

Onlar tələsmədən rahat-rahat üzürdülər. Qoca əllərini növbə ilə dənizə salıb şor suda saxlayırdı ki, yaraları tez sağalsın, həm də başı gicəllənməsin. Göydə topa-topa bulud üzürdü. Qoca göyə baxanda küləyin bütün gecə əsəcəyini anladı. Balıqdan bir an belə gözünü çəkmirdi, baxdıqca baxıb özünü inandırmağa çalışırdı ki, gördüyü yuxu deyil, gerçəkdir.

Yola düşəndən bir saat sonra bir köpəkbalığı özünü onlara yetirdi. Yırtıcı elə-belə gəlməmişdi.

…Köpəkbalığı özünü qayığın quyruğuna yetirib həmləyə keçdi. Qoca onun cəhənnəm qapısı kimi geniş açılmış ağzını, dəhşət saçan gözlərini gördü. Köpəkbalığı nəhəng balığın quyruğundan iri bir parça qopardı, alt çənə üst çənəyə dəyəndə dişləri elə şaqqıldadı ki, qoca diksindi. Köpəkbalığının əvvəl başı, sonra da beli sudan çıxdı, yırtıcı ikinci həmləyə keçdi, dişlərinin şaqqıltısı yenə eşidildi. Qoca o dəqiqə nizəni onun təpəsinə, gözlərini birləşdirən xətlə burnundan başına qalxan xəttin kəsişdiyi yerə sapladı. Əslində, xətt-filan yox idi; abı rəngli kələ-kötür yekə kəllə, geniş açılmış iri yırtıcı gözlər, bir də hər şeyi parçalamağa hazır şaqqıldayan çənə vardı. Zərbə endirilən yerdə köpəkbalığının beyni yerləşirdi, ona görə də qoca nizəni qanı axan əlində bərk-bərk tutub düz oranı nişan almışdı. O, bu zərbəni heç nəyə ümid bağlamadan, amma coşqun bir qətiyyətlə, qəzəblə, tükənməz nifrətlə vurmuşdu.

… Qoca didilib eybəcərləşmiş balığına daha baxa bilmirdi. Köpəkbalığı nəhəng balıqdan bir parça qoparanda qocaya elə gəlmişdi ki, yırtıcı onun özünün ətini yeyir.

“Balığıma göz dikəni bax belə öldürərəm, – qoca qürrələndi. – Ömrümdə birinci dəfədir belə yekədişə rast gəlirəm. Doğrudur, bu yaşa çatanacan çoxunu görmüşəm, amma belə nəhəngi qarşıma çıxmayıb… İşim çox yaxşı gedirdi, hayıf! Söz yox, bu gediş uzun sürə bilməzdi. Bütün bunların yuxu olmasını elə istərdim ki! Kaş mən bu azman balığı tutmamış olaydım, kaş indi çarpayımın üstünə qəzet salıb uzanmış olaydım”.
Bərkdən dedi:

– İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub eləmək olmaz…

“Balığı öldürməyimə peşmanam, – heyifsiləndi, – yaxşı bilirəm, bu mənə ucuz başa gəlməyəcək… Həngamənin böyüyü hələ qabaqdadır”.

… Qayıq iki saat idi, üzürdü. Qoca bir azca dincəlmək üçün böyrü üstə uzanmışdı. Özünə gəlib güc toplamaqdan ötrü balığın ətindən çeynəyirdi. Bu ara qayığa yaxınlaşan qoşa köpəkbalığından birini görüb:

– Vay dədə! – deyə dəhşətlə səsləndi.

Bu, elə-belə bağırmaq deyildi, əlinə qəfil mıx batmış adamın tükürpədici fəryadına oxşayırdı.

… Köpəkbalıqları şikarı parçaladıqca qayıq təkanlardan əsim-əsim əsirdi. Qoca heç nə görmürdü, yalnız eşidib duyurdu, düşmənlərini havayı yerə kötəkləyirdi. Birdən toppuzu da yoxa çıxdı.

Onda qoca sükanı dartıb yerindən çıxartdı, qənimlərinə iki əliylə dalbadal zərbə endirməyə başladı. Köpəkbalıqları indi qayığı dörd yandan araya almışdılar. Qaranlıq gecədə suyun üzündə ağaran nəhəng balığın ətini didirdilər. Parçanı qoparan kimi çəkilir, bir də hücuma keçmək üçün dövrə vurub yenidən qənimətə daraşırdılar.

Ən axırda bir köpəkbalığı dairə vurub nəhəng balığın başına sarı üzdü. Qoca artıq hər şeyin bitdiyini anladı. Köpəkbalığı dişlərini nəhəng balığın möhkəm kəlləsinə ilişdirəndə qoca da sükanı onun burnunun üstünə endirdi. Sonra dalbadal bir neçə zərbə vurdu. Sükan şaqqıltı ilə sınıb parça-parça oldu. Qoca əlində qalmış dəstəklə balığı bir də vurdu, dəstək ətə girdi, ikinci zərbəni də eyni yerə tutuzdurdu. Köpəkbalığı sıçrayıb qaçdı. Bu, qayığa sonuncu hücum idi. Artıq yeyiləsi bir şey qalmamışdı.

Qoca zorla nəfəs alırdı. Ağzında mis paxırı dadı verən nəsə şirintəhər bir tam vardı. Qoca bir anlığa qorxdu, ancaq bu halı da tez ötüşdü.

Qoca artıq tamam əzilib məğlub edildiyini anladı. Qayığın arxasına keçib sınıq sükan dəstəyini yerinə taxdı, onun işə yaradığına sevindi, deməli, qayığı idarə eləməyə bir şey vardı. Köhnə kisəni çiyninə salıb oturdu, sahilə yön aldı. Bu saat qoca heç nə duymur, heç nə düşünmürdü, hər şey ona yad olmuşdu. Ondan ötrü hər şey geridə qalmışdı. Bir arzusu vardısa, o da doğma sahilə, evə çatmaq idi. Qayıq yaxşı üzürdü. Gecəyarı bir ayrı sürü də nəhəng balığın skeletinə hücum elədi. Ac qarınqulular daraşıb əvvəlkilərin qabağından qalma sümüyü gəmirirdi. Qoca onları vecinə də almırdı, qayığını sürürdü. Ozü də, qayığı da nəhəng balığın ağır yükündən qurtulmuşdu.

“Gözəl qayıqdır, – özünə təsəlli verdi, – möhkəmdir. Sınıb-eləməyib. Bircə sükanı işdən çıxıb, onu da düzəltmək asandır”.

Qoca balıqçı qayığın isti axına girdiyini duydu. Sahil boyu uzanan qəsəbələrin çıraqları lap yaxın görünürdü. O, harada olduğunu bilirdi, bilirdi ki, bir azdan evə çatacaq…

… Səhər tezdən oğlan komaya baş çəkməyə gəldi, qapıdan boylanıb baxanda qocanın yatdığını gördü… O, qocanın rahat nəfəs aldığını görəndə rahatlandı.

… Balıqçılar sahildə qocanın qayığını araya alıb qayığa bağlı nəhəng balıq skeletinin tamaşasına durmuşdular. Bir balıqçı çırmanıb suya girmişdi, əlindəki iplə balığın boyunu ölçürdü.

Tərcümə edən: M. Süleymanov

portal.azertag.az