İyulun 9-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “ƏSA” Teatrının yeni və unikal səhnə işi olan “Axtarış” tamaşasının premyerası olacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, “Axtarış” – Azərbaycan teatr məkanında ilk dəfə təqdim edilən hibrid tamaşadır.
İki böyük ədəbiyyat və fəlsəfə nəhənginin – Fəridəddin Əttar və Alber Kamyunun əsərləri əsasında səhnələşdirilən tamaşada həm Şərq mistikası və mənəviyyatı, həm də Qərbin ekzistensializm fəlsəfəsi paralel şəkildə təqdim olunur.
Tamaşanın əsas süjeti “Quşların dili” (F. Əttar) və “Anlaşılmazlıq” (A. Kamyu) əsərlərinin fəlsəfi təməlində dayanan iki müxtəlif hekayə -quşların Simurq axtarışı və bir ailənin “günəşli yerlərə” canatma arzusunun gətirdiyi faciədən ibarətdir. Bu ziddiyyətli iki xətt tamaşa boyunca bir-birinə ilmə-ilmə toxunaraq, insan varlığının, seçimlərin və mənəviyyatın dərin qatlarına işıq tutur.
Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadədir. Rolları Xalq artisti Mehriban Zəki, aktyorlar Səmayə Ağayarova, Elşən Əskərov, Elsevər Rəhimov, Lalə Süleymanova, Elvin Mirzəyev, Fərid İsmayılov, Aydan Ağazadə, Gülnar Əlfidatlı, Səadət Abbasova, Sərxan Nəciyev və Bəhram Rəhimli ifa edəcəklər.
Tamaşanın məsləhətçiləri Şəhram Oromi, Hədiyyə Əhmədi, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, səhnə tərtibatçısı Tamerlan Abdullayev, geyim tərtibatçısı Nübar Hüseynova, multimedia meneceri Famil Mahmudbəylidir.
Qeyd edək ki, tamaşaya biletlər iticket.az saytında və şəhərin bütün kassalarından əldə etmək olar.