- Müsahibə

Əsarətdən qurtulmuş ad günü

— Şuşanın… yox ee, Gülyaz Əliyevanın ad günüdür. Obrazla desək, illərdir, o, mayın 8-nin üzünə baxmırdı. Ruhları şad olsun şəhidlərimizin, bu tarixi küskünlüyü aradan götürdülər. İstəyirəm, Gülyaz müəllimədən soruşum, ilk dəfə hansı məqamda qərar verib ki, ad gününü Şuşa düşməndən azad edilənədək qeyd etməyəcək?

— Şuşa bütün azərbaycanlılar üçün xüsusi dəyəri olan bir yerdir, amma mənim üçün bu şəhərin  bir ayrıcalığı var.  Bəlkə, ata nənəm şuşalı olub ondandır,  bəlkə, ömrümün ən gözəl çağlarının —uşaqlıq və gənclik illərimin, atalı-analı günlərimin xatirələri məhz ora ilə bağlı idi, ondandır, bilmirəm. Şuşa yaddaşıma da elə hopub, sanki mənim nağıl dünyam olan bir diyar kimi… Şuşa şəhəri həm də sinəsində tarix saxlayan, təkcə Qarabağ üçün deyil, bütöv  Azərbaycan üçün  xüsusi əhəmiyyəti olan bir şəhərimiz, Qarabağın qiymətli üzük qaşıdır. Şuşanın işğalı xəbəri mənim üçün Ağdamın işğal xəbərindən də ağır oldu. Özü də təsəvvür edin, 8 mayda – mənim ad günümdə… Ondan sonra heç vaxt ad günümü şənliklə qeyd edə bilməzdim. Qərar öz-özünə verilmişdi!

— Şuşaya sevgisini, həsrətini hərə bir cür ifadə etdi. Siz də öz doğum gününüzü əsarətdə saxlamaqla sədaqətinizi göstərdiniz. İndi hər ikisi azaddır. Sevincinizi sözə çevirə bilərsiniz?

—Şuşa alınan gün ağlamışdım — sevincdən. Bir də gördüm, Q.Zakirin “Durnalar” qoşmasının sözlərini belə pıçıldayıram:

Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar.
Qorxmayın, sürbəniz daha dağılmaz,
Bizimdir bu gündən Şuşa, durnalar!

Çox sevibsiz onun Cıdır düzünü,
Görübsüz düşmənin namərd üzünü,
Çıxarmayın yaddan Zakir sözünü ,
Danışın yenə baş-başa, durnalar.

Yenə də qaynayar bizim məkanlar,
Yenə geri gələr gözəl zamanlar,
Erməni Vətəndən  axı nə anlar?!
Danışmayaq ondan  boşa, durnalar.

– İllər sizi dözümə alışdırdı, yoxsa səbirsiz etdi?

—Səbirsizəm…Həyat özü məni mübariz yetişdirdi. Mən orta məktəbi bitirdiyim il atamın qəflətən vəfatı məni həm sarsıtdı, həm də mübarizə meydanına atdı. Elə yetişdirdi ki, hər dəfə haqsızlıqla rastlaşanda daha da möhkəmlənir, əzmim, gücüm artırdı. Haqsızlığa səbir edə bilmirəm…

– Şuşaya getmisiniz?

— İndiyədək getməmişəm. Özümü hazır hiss etmirdim.  Şuşaya getmək üçün gərək Ağdamdan keçəm…

Ağdamı— dağılmış yurdumu görməyə təhəmmülüm yoxdur. Ailədən hamı, hətta uşaqlar da gedib. Mən hələ özümdə o güc, qüvvəti tapmamışdım… İnsan özünün doğulub boya-başa çatdığı evi, məhləni uçulub-dağılmış görməyə dözmür, nəinki yaşadığın şəhərin bütövlükdə xarabalığa çevrilməyi ilə rastlaşasan. Çox ağırdır… Ona görə indiyədək getməmişəm… Artıq Ağdamda  quruculuq-bərpa işləri gedir. Bu, bir qədər təsəllivericidir. İnşallah, sabah övladlarım və məktəb  kollektivimizlə birgə həm Ağdama, həm Şuşaya, həm də Xankəndiyə gedəcəm. Azad olduqdan sonra ilk dəfə…Çox həyəcanlıyam.

— Hazırda gördüyümüz Gülyaz xanım var, bir də illərin o tayında qalan gənc Gülyaz. Hansına doğmasınız, qayğısız illərdəkinə,  yoxsa, qayğı dolu Gülyaza?

– İllərin o tayındakı gənc  Gülyaza. O  daha şən, sevincli, dünyanın pisliklərindən xəbərsiz, ədalətin varlığlna əmin bir Gülyaz idi… Elə bu əminlik də sonralar öz həyatında dönüş etməyə ona imkan verdi. Özünə, dünyadakı ədalətin varlığına ürəkdən inanan o Gülyazı sonralar həyat  odda bişirdi, sudan keçirdi. Dözüm öyrəndi, dünyanın pisliklərini  gördü, bərkidi, möhkəmləndi, mərhumiyyətlərlə üzləşdi, amma heç zaman  ədalətsizliklə barışmadı. Mübarizədən çəkinmədi. Əmin olduğu həqiqəti müdafiə etdi,  heç vaxt mənafe güdmədi, təmənnalı iş görmədi.

– Yayına biləcəyiniz sual var?

—Sizin suallar elədir ki, onlardan yayınmaq olmaz.

— Şeiri əzbərləmək asandır, ya əzbərlətmək?

— Mənim üçün, əlbəttə, əzbərləmək. Çox güclü yaddaşım var, uşaq vaxtı atam aldığı qəzet və jurnallardan şeirlər oxuyardı, ondan sonra o şeirləri əzbər deyərdim. İki-üç dəfə oxumaq kifayət edirdi ki, şeiri əzbər deyim. Auditoriyada müəllimlərim bəzən öz şeirlərini oxuyurdular. Əzbər yadımda qalırdı. Heç bir kitabdan oxumadığım o şeirləri bu gün də əzbər bilirəm. Bu haqda iki yazımda bəhs etmişəm. Biri mərhum İradə Musayeva ilə bağlı, digəri isə mərhum Ə.Əhmədlə bağlı yazımda. Ənvər müəllimin bizə oxuduğu şeiri bir dəfə hafizəmdən yazıb paylaşmışdım. Şairin  qızı o şeiri hansı kitabdan götürdüyümü soruşdu. 1986-cı ildə Ənvər müəllimin özündən eşidib əzbərlədiyimi dedim. Onu məndən istədi.

Amma deyim ki, şeiri asanlıqla əzbərlətməyi də bacarıram. Səmimiyyətimə inanın, dəfələrlə uşaqlar mənə deyib ki, müəllim klassik şeirləri sevmirdik, Siz söyləyəndən sonra klassik şeirləri sevdik. Mən səsləndirəndən sonra həmin şeirləri məndən əzbərləmək üçün istəyən şagirdlərim çox olub.

—Yazmaq necə?

— Deyim ki, məni sevincdən çox kədər, həsrət danışdırıb, yazdırıb. Qarabağın işğalınadək bir kəlmə  nə şeir, nə esse, nə də hekayə yazmışdım. Qarabağın işğalı mənə yazmaq öyrətdi.  Dərd, həsrət, yanğı, Vətən eşqi adamı şair də edirmiş, yazıçı da… İlk yazdığım şeir “Məni niyə sevəsən ki Vətən?” şeiri, ilk hekayəm “Qırmızı paltarlı gəlincik” olub. Hər ikisi Vətən həsrəti, Vətəndən didərgin düşən köçkünlərin  necə bir çətinliklə üzləşdiyi, nələr çəkdiyi ilə  bağlı idi. Çoxlarına hər şey asan gəlirdi, qıraqdan baxana müharibə asan gəldiyi kimi. Gecələr oturub ancaq ürəyimdəkiləri sözə çevirirdim, bir az sakitləşirdim….

Şükür bu günə. Daha o notlar yoxdur, amma nisgil hələ bitməyib…

Bir də əsəbiləşəndə dayanmadan yazıram. Deyir, ərəb şairlərindən: “İmruul-Qeys qəzəblənəndə, Nabiğə qorxanda, Zuheyr nə isə arzulayanda,  Əl-Ə`şə isə şənlənəndə yaxşı yazır”. Mən də onlardanam, deyəsən.(Gülür).

—  Məvacibsiz işləmək sübut edir ki, ölkəmizdə ana dilini sevən, qoruyan nümunə göstəriləcək adamlar var. Həmin ziyalılardan biri də sizsiniz. FADMM-in sədr müavinisiniz. FADMM-i yaratmağa səbəb olan zərurətlərdən danışın.

— Mən elə bilirdim ki, müstəqillik əldə etdikdən sonra bizim ana dili ilə bağlı heç bir problemimiz olmayacaq. Amma bunun tam əksini gördüm. Sovet dövründə bizim dillə bağlı bir problemimiz vardı. Amma bugünkü mənzərə göründüyündən qat-qat dərin və mürəkkəb məsələdir.  Bir tərəfdən  öz doğma ana dilinə, dövlət dili olan Azərbaycan dilinə  cəmiyyətimizdə olan bu biganəlik, rus dilinin bu gün də cəmiyyətimizin mühüm bir qismində — əsasən, böyük şəhərlərdə prioritet  olması,   paytaxtı ağzına almış əcnəbi dilli reklamlar, Azərbaycan dilinin müəssisə, obyekt adlarında qəhətə çəkilməsi dərdi, başqa bir tərəfdən televiziya və radiolarda bəzi üzdəniraq aparıcıların dilində ədəbi dilin qol-qanadının qırılıb şikəst hala salınması, şou xarakterli səviyyəsiz  verilişlərə dəvət almış  qonaqların efirdən nitqlərində  qışqıra-qışqıra vulqar, varvar sözlər işlətməsi, gənclərin, hətta uşaqların danışığında türk dilinin təsiri dilimizi uçuruma apardığını, xalqını, dilini sevən ziyalıları düşündürürdü. Buna göz yummaq olmazdı.  Müstəqillik dövründə Azərbaycan dili ilə bağlı bir neçə qanun və sərəncamlar verildiyi halda, aşağılarda Ana dilnin bu cür təsirlərdən qorunmasına ehtiyac yarandığını hiss edirdik. Orfoqrafiya layihəsinin müzakirələrində artıq bir məqsəd uğrunda birlik yaranmağa başlamışdı. Sosial şəbəkələrdə qızğın müzakirələr getdiyi vaxtlarda artıq eyni fikirli ziyalıların birləşərək bir nöqtəyə vurmasına ehtiyac var idi. Belə bir qurumun yaranması labüd idi.  FADMM-i mühit özü yetişdirdi, dövr özü yaratdı və o, 2020-ci ildə Vasif Sadiqli tərəfindən  təsis edildi. FADMM yarandı və artıq ölkədə dillə bağlı problemləri ictimailləşdirib həll etmək iqtidarında olan bir qurum kimi 5 ildir ki, fəaliyyətdədir. Hərdən məşhur bir şeirin sözlərin dəyişdirib belə deyirəm:

FADMM bu gün də var,
yarın da,
Mən də onun ən ön sıralarında…

— Xəyaldan gerçəyə keçə bilirsiniz?

— Bəzən hə, bəzən yox…

Bəzən xəyalım işğaldan əvvəlki Ağdama gedir, o günlərin həsrəti ilə yaşayıram… nisgillərim çoxdur…

— Ad gününüzdə azad Şuşa görmək cavanlaşmaqdır, yoxsa…

– Əlbəttə, bu, adamı cavanlaşdırır. Şuşamızın azad olması xəbəri belə insana ruh verir.

Qarabağ, onun qiymətli qaşı Şuşa hamımızın yaralı yeri, göz dağı idi. İnanırsınız, Şuşa işğaldan azad olanda çox adam: qohum-qonşu məni: “Ad günün işğaldan azad edildi!”, — deyə təbrik etmişdi. Hətta, yadınızdadırsa, vatsapdan mənə gələn o təbrikləri  feysbuk səhifəmdə paylaşmışdım.

Qeyd etdiyim kimi, artıq özümdə Ağdamla, Şuşa, Xankəndi ilə üzləşmək, dərdləşmək cəsarətini, nəhayət ki, tapmışam və sabah onların görüşünə gedəcəm. Çox sevincli və həyəcanlıyam, qarışıq hisslərim var. Bir tərəfdən torpaq uğrunda, Şuşa uğrunda canlarından keçmiş şəhidlərimizin nisgili var ürəkdə, bu, adamı kədərləndirir, bir tərəfdən də onların ən böyük arzularının reallaşmasının sevinci var qəlbdə. Amma sevinc hissi daha böyükdür. Tez-tez öz-özümə pıçıldayıram:

— Şuşa dağlarını sabah gəzəcəm,
İsa bulağından lalə üzəcəm,
Yalçın qayalarda quştək süzəcəm,
Ad günün mübarək, Gülyaz, ay Gülyaz.( Gülür).

— Nə gözəl dediniz, Gülyaz, ay Gülyaz xanım! Mən də sevincinizə şərik olur, ad gününüz münasibətilə Sizi  köhnə dost kimi təbrik edirəm. İlləriniz bir-birindən gözəl gəlsin!

Müsahibəni apardı: Pərvanə BAYRAMQIZI