Eskimos dili də dünyanın mürəkkəb dillərindən bir sayılır. Buna səbəb dildə çoxsaylı zaman formalarının olmasıdır. Eskimos-aleut qoluna daxil olan bu dildə təkcə indiki zamanın 63 forması var. Hal formasının 200-dən artıq fleksiyasının olduğu bildirilir (sözün sonluq, ön şəkilçi, şəkilçi vasitəsilə dəyişməsi). Eskimos dili obrazlar dilidir. Məsələn, “internet” sözü eskimoslarda “qatlar içindən səyahət” mənası verir. Eskimos dilinin işarə sistemi mürəkkəbliyinə görə Ginnesin “Rekordlar kitabı”na düşüb. Bu dəfə eskimosların qarı barədə danışacağıq. İnternetdən götürüb hazırladığım bu yazıdakı materiallarda aşağıdakı jurnalların hesabatlarından istifadə edilib: “Economist” və “New Scientist” (Böyük Britaniya), “American Scientist”, “Discover”, “Science News” və “Smithsonian” (ABŞ), “Science et Vie”. və “?a m’interesse” (Fransa).
“Heyrətamiz bir fiqur uzun müddətdir dil haqqında bir məşhur elmi kitabdan digərinə keçərək dolaşır. Qar eskimoslar üçün çox vacibdir. Bu donmuş ağappaq su kristalcıqları onların təbii mühitində daimi amildir, içməli su mənbəyidir, eyni zamanda, tikinti materialı kimi də istifadə edilir. Eskimoslar qarın 200 növünü ayırd edir və onların hər bir növü ayrıca sözlə ifadə olunur. Klivlend Universitetindən (ABŞ) filoloq Laura Martin belə məlumatların haradan gəldiyini və bunun nə dərəcədə doğru olduğunu araşdırıb.
Görünür, eskimoslar arasında qarın rolu və yeri ilə ilk maraqlanan şəxs ötən əsrin əvvəllərində Baffin adasındakı bu qəbilə arasında bir ilə yaxın yaşamış alman antropoloqu Frans Boas olub. O qeyd edib ki, eskimos dilində qar üçün bir neçə fərqli kök söz var: aput – yerdə yatan qar; kana – yağan qar; akilokok – yavaşca düşən qar; piqnartok – kirşələr üçün əlverişli qar örtüyü, piksirpok – çovğun və kimuksuk – yerlə sürünən qar çovğunu.
1940-cı ildə amerikalı dilçi Benjamin Uorf qarla bağlı estafeti Boasdan götürüb daha beş söz əlavə edib. O, bu sözləri haradan aldığını göstərməyib.
1984-cü ildə Çikaqoda nəşr olunan bir ensiklopediyada qar mənasında doqquz sözdən bəhs edilir və bu dil zənginliyi belə izah edilir: “Bu xalqın yaşadığı şimal mənzərəsinin yeknəsəkliyinə görə eskimosların danışacaq başqa şeyləri yoxdur, ona görə də gündəlik söhbətləri “doldurmaq” üçün qar bildirən o qədər söz tapıblar”. Yəni eycahanlıqdan – bikarçılıqdan.
Amerikalı dilçi Mario Peinin məşhur “Dil tarixi” (1965) kitabında “eskimos dilində qar üçün onlarla söz” olduğu qeyd edilir.
1984-cü ilin fevralında “Nyu York Tayms” redaksiya məqaləsində (nədənsə Uorfa istinad edərək) yazıb ki, eskimoslar qarın yüz növünü fərqləndirir. Bunun ardınca ABŞ-ın bir çox radio və televiziya stansiyalarının aparıcıları hava hesabatlarında, meteoroloji büronun kifayət qədər quru məlumatlarını birtəhər bəzəmək üçün qar mənasında iki yüz eskimos sözünü xatırlatmağa başlayıblar.
Əslində, necədir? Yüz, hətta iki yüz mübaliğədir, on isə azdır.
Mütəxəssislər deyirlər ki, eskimos dilinin iki qolu var: inuit (Boas tərəfindən öyrənilic) və yupik. Bunların hər ikisi bir çox dialektlərə bölünür. Hər iki dil şəkilçilərin zənginliyi ilə xarakterizə olunur. Tutaq ki, yupikcə qayıq anqyax olacaq. Anqyaxllanqiuqtuklu sözü “bundan başqa, o daha böyük qayıq istəyir” mənasını verir. Belə məlum olur ki, qarın növləri ilə bağlı bir çox sözlər müxtəlif leksik şəkilçilər yolu ilə yaranıb.
Smitson Arktika Tədqiqat Mərkəzinin (ABŞ) antropoloqu İqor Krupnik eskimos dilinin hər iki qolunun lüğətini tədqiq edərək belə qənaətə gəlib ki, eskimosların (Rusiyada çükça deyirlər), həqiqətən də, çoxlu “qar” sözləri var.
Mərkəzi Sibir çukçalarındə 40, Kanada eskimoslarında qarla bağlı ən azı 53 söz var. Dəniz buzunun müxtəlif “növləri” üçün daha çox söz var: Alyaskanın eskimosları arasında Krupnik 70-ə yaxın tapıb. Digər şimal xalqları da geri qalmır. Norveç filoloqlarına görə, saami xalqı buz üçün ən az 180 termindən istifadə edir. Təəssüf ki, bu kiçik şimal xalqlarının dilləri yox olmaq təhülkəsi ilə üzləşib.
Vasif SADIQLI
İnternet materialları əsasında hazırlanıb