Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşasına baxış olub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın təqdimatında TÜRKSOY-un Baş katibi Sultan Raev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı və ADA Universitetinin kollektivi iştirak edib.
Səhnə əsərini yüksək qiymətləndirən qonaqlar tamaşanın türkdilli ölkələrdə keçirilən teatr festivallarında nümayişini təklif edib, qastrol səfərlərinin təşkili ilə bağlı müzakirə aparılıb.
Qeyd edək ki, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi keçirilib.
“Əsrə bərabər gün” tamaşasının müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Tamaşa Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxış adlandırıla bilər.
Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yolla başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı ora buraxılmır. Əsərdə bu hadisə – Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada əcdadlarına, torpağına sahiblik hissinin olmaması günahı kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz qalaktikada da yeri olmayacaq.
Tamaşa bağlanmış yol – “giriş qadağandır” əmrilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub. Əgər əsər yaddaşını itirib manqurta çevrilən nəslin faciəsindən, qədim yurd yerlərində salınan kosmodromla davam etməsindən bəhs edirsə, tamaşa yaddaşını könüllü itirənlərə, könüllü manqurta çevrilənlərə, əcdadlarının harada dəfn edilməsinin fərqində olmayan, genetik kodunun hansı torpağa aid edilməsini bilməyənlərə torpaq haqqında rəvayətdir.
“Əsrə bərabər gün” əcdadlarımızdan bizə gələn və bizdən sonra mütləq ötürüləcək bir az mistik, bir az fantastik, bir az da realist kontekstdə həll olunmuş rəvayətdir.
“Əsrə bərabər gün” əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsidir.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, aktyorlar Şəhla Əliqızı, İlyas Əhmədov, Afət Məmmədova, Rüstəm Rüstəmov, Cavidan Novruzov və başqaları iştirak ediblər.
Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Qrafika və montaj işi Binyamin Sailov, Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.
Tamaşanı Nərmin Həsənova, Ceyran Başaran və Dilbər İsmayılova idarə ediblər.