- Mədəniyyət

“Euronews” Azərbaycanda Novruz bayramına həsr olunmuş süjet hazırlayıb

“Euronews” telekanalı qədim zamanlardan qeyd olunan, baharın gəlişini, təbiətin oyanışını və yeni dövrün başlanğıcını simvolizə edən Novruz bayramına həsr olunmuş xüsusi reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda deyilir: “Novruz – Azərbaycanda baharın gəlişini və təbiətin yenilənməsini qeyd edən müqəddəs bir bayramdır. Zərdüştlükdə kökləri olan bu bayram, işığın qaranlıq üzərində qələbəsini simvolizə edir”.

Süjetdə ailələrin bayram süfrəsi ətrafında toplaşması, yaxınlarını ziyarət etməsi və keçmişin mənfiliklərindən təmizlənmək üçün tonqalların üzərindən tullanmaq kimi qədim ənənələrdə iştirak etməsi qeyd olunub.

“Novruz sadəcə mövsümi bir hadisə deyil, bu bayram azərbaycanlıları sevinc içində birləşdirir və özünəməxsusluq, ümid və yeni başlanğıclar hissinin inkişafına töhfə verir”, – deyə müəllif vurğulayır.

Videoreportaj bayram ab-havasını, onun rəngarəngliyini, zəngin ənənələrini və musiqi, rəqslər, ənənəvi oyunlar və müxtəlif əyləncələrlə dolu xalq gəzintilərini nümayiş etdirir.