Ceyms Coys
Qız pəncərənin önündə əyləşərək qaranlığın küçəni bürüməsinə tamaşa edirdi. Başını pərdəyə söykəmişdi, burnunda isə toz qoxusu ilişib qalmışdı. O, yorğun idi. Küçədən ötüb keçən az idi. Döngənin sonundakı evin sakini evinə daxil oldu: qadın onun başmaqlarının sement səkini döyəclədiyini eşitdi, sonra qırmızı binalar boyunca yolları tıqqıldatdı. Bir zamanlar həmin ərazi boşluq idi, onlar axşamlar uşaqlarla birgə oynayırdılar. Sonralar Belfastdan bir nəfər bu ərazini aldı və orada evlər tikdi, onlarınkı kimi kiçik, qaranlıq daxmalar yox, kərpicdən, qırmızı, parıldayan damları olan böyük evlər…
Bütün yerli uşaqlar əvvəllər həmin boş ərazidə oynayırdı — Divaynlar, Uoterslər, Dannlar, balaca əlil Kyou, o özü, qardaşları, bacıları. Düzdür, Ernst oynamırdı: o, artıq böyük idi. Atası həmişə əlində tikanlı çubuq onların ardınca boş ərazi boyu qaçırdı, amma balaca Kyou ətrafa nəzər yetirməyə və atasını çağırmağa imkan tapırdı. Amma o vaxtlar həyat gözəl idi. Ata birtəhər dözürdü, bundan başqa anası sağ idi. Bu, lap çoxdan olub; indi o da, qardaşları da, bacıları da böyüyüb, anası ölüb. Tizzi Dann da ölüb, Uiterslər isə İngiltərəyə qayıdıblar. Hamı dəyişir. Bax, beləcə tezliklə o da başqaları kimi gedəcək, evi tərk edəcək.
Ev! O, uzun illərdir hər həftə özünün silib-təmizlədiyi, hər dəfə də bu qədər tozun haradan peyda olduğuna təəccübləndiyi bütün tanış əşyaları nəzərdən keçirərək otağı gözləri ilə gəzdi. Bəlkə bir də heç zaman ayrılmağı düşünmədiyi bu tanış əşyaları görməli olmayacaq. Axı bütün bu illər ərzində o, müqəddəs Marqarita Mariya Alakokun1 rəngli litoqrafiyasının yanında asılan saralmış fotoda əks olunmuş keşişin soyadını öyrənə bilməmişdi. O, atasının məktəb yoldaşı olmuşdu. Atası fotoşəkli qonaqlara göstərərək laqeyd ahənglə deyirdi:
— O, indi Melburndadı.
Qadın çıxıb getməyə, evi tərk etməyə razı olmuşdu. Bu, ağıllı qərar idi? O, öz qərarını hərtərəfli düşünüb-daşınmağa cəhd etdi. Evdə, başının üzərində dam və bir parça çörək var, bütün həyatını bərabər yaşadığı kəslər var. Əlbəttə ki, çox çalışmaq gərək idi, evdə də, işdə də. Onun gənc adama qoşulub qaçdığını bilsələr, mağazada nə deyəcəklər? Bəlkə də ağılsız adlandıracaq, yerinə isə elanla kimi isə götürəcəklər. Miss Heyven sevinəcək. Bu qadın ona həmişə sataşırdı, ələlxüsus da yanlarında kimsə olanda.
— Miss Hill, görmürsüz ki, bu xanımlar gözləyir?
— Lütf edib bir az şən olun, Miss Hill.
Mağazaya görə o qədər də kədərlənməyəcək.
Amma uzaq, yad ölkədə yeni evdə hər şey başqa cür olacaq. O zaman o — Evelin artıq ərdə olacaq. O zaman ona hörmət edəcəklər. Onunla anası ilə olduğu kimi rəftar edəcəklər. Hətta indi də on doqquz yaşını keçməsinə baxmayaraq, atasının kobudluqlarından çəkinirdi. O, əmindi ki, ürəkdöyünmələri də elə bu səbəbdən yaranıb. Onlar böyüdükləri müddətdə atası Herri və Ernst kimi onu döymürdü, çünki o qız idi; bir müddət hədə-qorxu gəlir, onu mərhum anasına görə döymədiyini deyirdi. İndi isə qızı müdafiə edəcək kimsə yoxdur. Ernst ölüb, Herri isə kilsə bəzəkləri düzəldir və hər zaman səfərlərdədir. Bundan başqa, pula görə bitməyən mübahisələr şənbə günləri sadəcə dözülməz olurdu. Qız, hər zaman öz yeddi şillinq məvacibini onlara verir və Herri də mümkün olduğu qədər pul yollayırdı, amma atasından pul almaq heç də asan olmurdu. Atası deyirdi ki, o, beyinsizdi, zəhmət hesabına əldə etdiyi pulları israf etmək fikri yoxdu, başqa sözlər də deyirdi, çünki şənbə günləri onunla xoş rəftar etmək qeyri-mümkün idi. Nəhayət, o, pulları verir və soruşurdu ki, qızın bazar günü nahar üçün ərzaq almaq fikri varmı? Bu zaman qız qara rəngli dəridən düzəlmiş pul qabını əlində möhkəm sıxaraq mağazaları dolaşmalı, qələbəliyin arasından keçməli və evə çox gec, ağır zənbillərlə dönməli olurdu. Çətin idi — təsərrüfatla məşğul olmaq, onun ixtiyarına qoyulan iki kiçik uşağın vaxtında məktəbə getməyinə, vaxtında yeməyinə nəzarət etmək çox çətin idi. Ağır iş, ağır həyat… amma indi — o getməyə qərar verəndə bu həyat ona o qədər də dözülməz görünmədi.
O, Frenklə birlikdə başqa həyat axtarışına çıxmaq qərarına gəlmişdi. Frenk çox yaxşı, cəsarətli, əxlaqlı idi. Qız bu axşam mütləq onunla birgə gəmiyə minib gedəcək, onun arvadı olacaq, onunla birgə Buenos-Ayresdə, onların gəlişini gözləyən evdə yaşayacaq. Qız onunla ilk görüşünü yaxşı xatırlayırdı; o, qızın tez-tez getdiyi əsas küçədəki evdə yaşayırdı. Sanki bu cəmi bir neçə həftə əvvəl olmuşdu. O, darvazanın yanında dayanmışdı, kepkası boynuna sürüşmüş, saçlarının topası bürünc sifətinə düşmüşdü. Sonra onlar tanış oldular. O, hər axşam qızı mağazanın yanında qarşılayır və evə ötürürdü. Bir dəfə «Qaraçı»ya aparmışdı və qız öyrəşmədiyi bu gözəl yerdə onunla yanaşı əyləşdiyi üçün elə qürur duymuşdu ki. Qız musiqini çox sevir və özü də az-maz oxuyurdu. Hamı bilirdi ki, o, qızın pərəstişkarıdır və Frenk dənizçiyə aşiq olmuş qız2 haqqında oxuduqda o, xoş bir utancaqlıq hissi yaşayırdı. Oğlan onu zarafatla Qərənfil çağırırdı. Əvvəllər o, sadəcə olaraq zövq alırdı ki, heyranı peyda olub, sonra oğlan onun xoşuna gəldi. Oğlan uzaq ölkələr haqqında çox danışırdı. O, gəmidəki işə şagirdlikdən başlamışdı, Kanadaya gedən Allen xəttində3 üzən gəmidə ayı bir funta xidmət edirdi. Qıza müxtəlif xətlərdə xidmət etdiyi fərqli gəmilərin adlarını sadalayırdı. O, nə vaxtsa Magellan boğazında üzməsi və qıza buradakı qorxulu pataqoniyalardan danışmışdı. İndi onun öz sözlərinə əsasən Buenos-Ayresdə qərar tutmuş və vətənə məzuniyyətə gəlmişdi. Atası əlbəttə ki, işin məğzini öyrənmiş və qıza onun haqqında hətta düşünməyi də qadağa etmişdi.
— Bu dənizçiləri yaxşı tanıyıram, — deyirdi.
Bir dəfə atası Frenklə sözləşmiş və bundan sonra qız öz sevdiyi ilə gizlicə görüşməli olmuşdu.
Küçədə axşam düşürdü. Qızın dizləri üstündə iki məktub vardı. Birini Herriyə, digərini atasına yazmışdı. Ernst onun sevimlisi idi, amma Herrini də çox sevirdi. Atası son zamanlar açıq-aşkar qocalmışdı; qızı üçün çox darıxacaqdı. Bəzən olduqca xeyirxah ola bilirdi. Bu yaxınlarda qız xəstələnmiş, bir gününü yataqda keçirmişdi. Bu zaman atası ona xəyalatlar haqqında nağıl oxumuş və ocaqda qrenki qızartmışdı. Hətta bir dəfə — anası sağ olanda onlar Haut-Hillə4 piknikə getmişdilər. Atasının uşaqları güldürmək üçün ananın şlyapasını başına qoymasını xatırlayırdı.
Zaman keçirdi, qız isə hələ də toz qoxusu ilə nəfəs alaraq başını pərdəyə söykəmiş və pəncərənin önündə əyləşmişdi. Küçədə uzaqdan şarmankanın (musiqi aləti) səsləri gəlirdi. Melodiya tanış idi. Qəribədir, sanki şarmanka məhz bu gecə ona görə çalırdı ki, ona anasına evi mümkün qədər gec tərk etmək haqqında verdiyi sözü xatırlatsın. Qız anasının ölümündən əvvəlki son gecəni xatırladı: o, yenə də qarşıdakı darısqal və qaranlıq otaqda idi, küçədə isə kədərli italyan mahnısı səslənirdi. Bu vaxt şarmanka çalana altı pens verib getməyi tapşırdılar. Yadına gəlir ki, atası özündənrazı görkəmlə xəstənin otağına girib demişdi:
— Lənətə gəlmiş italyanlar! Burda da məskən saldılar.
Və anasının həyatı onun varlığını kədərə bürümüşdü — nəzərə çarpmayan qurbanlarla dolu olan və dəliliklə sona çatan həyat. Anasının səsini yenidən eşidib, axmaq tərsliyinin təsdiqi olaraq titrədi: «Həzzin sonu — ağrıdır! Həzzin sonu — ağrıdır!». O, dəhşətə gəlmiş halda yerindən sıçradı. Qaçmaq! Qaçmaq lazımdı! Frenk onu xilas edəcək. O, qıza həyat, bəlkə sevgi də bəxş edəcək. Qız yaşamaq istəyir. Niyə axı o, bədbəxt olmalıdı? Qızın xoşbəxtliyə haqqı var. Frenk onu qucaqlayacaq, sinəsinə sıxacaq. Onu xilas edəcək.
Qız Nort-Uoll limanında səs-küylü qələbəlikdə dayanmışdı. Oğlan onun əlindən tutmuşdu, qız onun səyahət haqqında dayanmadan nəsə danışdığını eşidirdi. Limanda əsgərlər yük çantaları ilə vurnuxurdular. Pavilyonun enli qapısında qız sahildə illüminatorları işıqlandırılmış nəhəng gəmini gördü. Qız susurdu. Yanaqlarının solduğunu və soyuduğunu hiss edirdi və kədərə qərq olaraq dua edirdi ki, Tanrı ona getməli olduğu doğru yolu göstərsin. Gəmi dumana doğru uzanan, həzin fit səsi verdi. Əgər qız getsə, sabah onlar Frenklə birgə açıq dənizdə Buenos-Ayresə gedən yolda olacaqlar. Biletlər artıq alınıb. Məgər onun qız üçün etdiklərindən sonra vaz keçmək olarmı? Kədər onda ürəkbulanma tutması yaratdı və qız dayanmadan dodaqlarını səssiz dua ilə tərpətdi.
Zəng sanki onun ürəyini deşdi. O, Frenkin onun əlini necə sıxdığını hiss etdi.
— Gedək!
Bütün dənizlərin dalğaları onun ürəyinin ətrafında şahə qalxmışdı. Oğlan onu bu uçuruma itələyir, boğur, qız isə hər iki əli ilə dəmir məhəccərdən yapışırdı.
— Gedək!
Yox! Yox! Yox! Bu dözülməzdi. Qızın əlləri təlaşla yapışmışdı məhəccərdən. Və onu ağuşuna almış uçuruma kədər dolu nalələr yağdırırdı.
— Evelin! Evi!
Oğlan çəpərə yaxınlaşıb onu da ardınca çağırırdı. Kimsə oğlana qışqırdı, amma o hələ də qızı çağırırdı. Qız solğun sifətini, çarəsiz canlı kimi ona tərəf çevirdi. Qızın gözləri ona sevgisiz, vidasız, yad kimi baxırdı…
1 — Marqarita-Mariya Alakok (1647-1690) — rahibə, katolik kimsəsinin olduqca məşhur kultlarından birinin — Müqəddəs qəlb kultunun təsisçisi
2 — «Dənizçinin rəfiqəsi», ingilis bəstəkarı və dramaturqu Çarlz Dibdinin (1745-1814) mahnısı
3 — İngiltərəni Kanada və keçmiş SSRİ ilə birləşdirən dəniz yolu
4 — Dublin körfəzi sahilində kiçik dağ
Tərcümə edən: Xatirə NURGÜL
kayzen.az