- Ədəbiyyat

Fərqanə SƏFƏRLİ. Şeirlər

Cüt təklik

Sənlə mən tək rəqəm,
Cütlüyümüz yox –
Sən elə təkliksən,
Mən də sənintək.
İkimiz bir bizi yaradırıq tək…
Cismimiz ikidi,
Qəlbimiz iki –
Tale bölünəndi iki- ikiyə,
Cavab qismətdədi:
Yenə sevgi tək…

Gəlirəm

Yerin pis əməlindən
Üşüyürəm, İlahi –
Göydə bir ocaq qala,
Qızınmağa gəlirəm.

Çiynimdəki hörüklər
Mələklərə yol açıb –
Dəftərimi bilməkçün
Arınmağa gəlirəm.

Qaranlıq peşimandı,
Qardaş bilib işığı –
Kəfənin iç üzünə
Sarınmağa gəlirəm.

Biz uçmaq vərdişini
Doğuluşdan itirdik –
Bir kəpənək belində
Barınmağa gəlirəm.

Səngərdəki sevgilər

Yüz ölçüb min biçmək lazım –
Sol cibində çobanyastığı kimi
Dəqiq sayılmalıdı
Seçilən də,
Kiçilən də
Snayper hədəfində…
Könlünün qaranlığı
Aldığı güllələrin qığılcımından yanar,
Düşmən də hirs içində
Özünü bir şey sanar…
Bir əsgərə işıqdı,
Çat vermiş torpaqların
Dodağında sürünən
Qanlı təbəssüm izi…
Dünya açır qucağın,
Dolanır sevgilərə –
Bizi açıq bucağın
Düz müstəvisində
Gözləyir məsum-məsum…

Geriyə addimladim

Mən balaca qız idim:
Zaman sola qaçırdı –
Ay tezdən görünürdü,
Günəş gecə saçırdı.

Soldan sağa çevrildim
Yaş üstə yaş gəldikcə.
Geriyə addımladım
Dərdin üzün gördükcə.

Çiçəkləyən arzular
Payızlaşdı günbəgün.
Olmadı bu ağacdan
Cücərəni bircə gün.

Əsalı yollar

Ayaq üstdə
Güclə dayanmaq deyə bir şey var –
Dayaq nöqtəsi kimi
Kədərdən yapışırsan.
Əlinə əsa verir
Göz yaşların yavaşca.
Sən də bu əsa ilə
Gülüşlərdə çaşırsan,
Yerin mərkəzinədək
Torpağa bənd olursan.
Qanında şəkər düşür,
Dilində qənd…
Donursan –
Qaralı-ağlı günlərin
Başna dolanırsan…
Əllərin də sədaqətli çıxmadı –
Əsməyi azmış kimi,
Kəsir salam-sağolu.
Səmti qovalayırsan
Əsa göstərir yolu…

Yaradılış

Məni başdan yarat,Allah,
Küllərimdən doğa bilim.
Əl – ayağım tutur hələ,
Savablardan  yığa bilim.

Xeyrim ziyanımda əsir,
Hürr qiyamım şeytana sirr.
Ovuc-ovuc, həsir – həsir
Dualardan baxa bilim.

Ağacımda yazdı hələ,
Qönçə tutsun tövbəm gülə,
Payızıma  sözüm ilə
Fəsillərdən sığa bilim.

Sənə qorxum,sevgim eşdi,
Bu sevgi bağrımı deşdi,
Yaratmısan sən bir işdi,
Bu işimdən  çıxa bilim.

Yol ayrıcı

Həsrətini ayırmışam:
Gündüzü var, gecəsi var.
Mənim sənli günlərimdən
Sənsizlikdə neçəsi var?!

Səpələnmiş dua üçün
Səmada qapı var açıq.
Bir mən, bir də Tanrı bilir:
Xatirəm qaldı yarımçıq.

Pəncərəmdə payız mehi,
Yarpaqlar üzü qismətə.
Təkcə xəzan söz tapacaq
Ayrılıq dolu möhnətə.

Xəyalım bərzəxdə qonaq –
Düz göstərsə yol ayrıcı,
Payız sarı gözləriylə
Görəcək yeri narıncı…

Avqust laləsi

Mən qanadın itirmiş
Gül kimi sabahsızam.
Avqust laləsi qədər
Solğunam, günahsızam.

Yorğun çəmən içində
Nisgilim varaq-varaq.
Ruhum dolaşıq düşüb
Güllərdən arınaraq.

Narıncı xına kimi
Qismətim daş mamırdı.
Zikrim təsbehə çatmır,
Sayına qəm yonurdu.

Gül demə, güllər üstdən
Əsən dağ yelinə bax.
O da vüqarla gəlib,
Tut əlindən, göyə qalx.