- Müsahibə, Xəbərlər

Fəxrəddin Veysəlli: “Belə bir məkrli planın olmasını istisna etmirəm“

– Ölkəmiz müstəqillik əldə etdikdən sonra dilimizin saflığı uğrunda mübarizə geniş vüsət almalı deyildimi?

– Çox doğru buyurursunuz.  Biz xeyli iş görmüşük, mən direktor olanda “Müasir Azərbaycan dili müntəxabatı“ adında 3 cildlik əsər buraxdıq. Bu əsərdə dilimizin tədqiqi sahəsində sanballı məqalələri, böyük dilçi alimlərimizin dəyərli əsərlərini bir yerə toplayıb çox vacib mənbə kimi çap etdirdik, məşhur alimlərimizin dilimiz və dilçiliyimizlə bağlı düşüncələrini geniş şərhlərlə çap etdirdik, tələbələrimiz və dilimizin tədqiqatçıları üçün nadir məqalələri bu üçcildliklə xronoloji ardıcıllıqla bir yerə toplayıb nəşr etdirdik. 2013-cü ildə çap olunan fərmana əsasən, 14 adda kitab, o cümlədən dünya dilçiliyinin inciləri sayılan əsərlər Azərbaycan dilinə tərcümə edilərək çap olunub Respublikamızın kütləvi kitabxanalarına paylandı, Azərbaycan dilinin radio və televiziya verilişlərində və ümumilikdə mediada işlənməsinə nəzarət etmək üçün Dilçilik İnstitutunda Monitorinq şöbəsi yarandı, dilimizin işlənməsində maraqlı olan təşkilat və müəssisələrin, o cümlədən BŞİH-nin fəal iştirakı ilə tədbirlər planı işlənib müzakirə olundu. Bir sözlə, Dilçilik İnstitu bir növ mərkəzə çevrilmişdi. Bildiyim qədər bu mərkəz indi də fəaliyyət göstərir. Sadəcə olaraq, pandemiya dövründə gediş-gəliş ara verdiyi üçün bəzi məsələlər arxa plana keçdi. Amma güman etmirəm ki, müstəqillik dövründə dilimizin saflığı uğrunda mübarizə səngimiş olsun. Bizdən asılı olmayan səbəblər üzündən bəzi işlərimiz yarımçıq qalıb. Sağlıq olsun, bizi qəfil yaxalayan bu bəla ötüb keçəndən sonra dilimizin saflığı uğrunda mübarizə bütün çılpaqlığı ilə yenidən gündəmə gələcək, çünki dil xalqın varlığı deməkdir, dil millətin millət olması üçün ən vacib əlamətlərdən biridir. Dili olmayan millət məhv olmağa məhkumdur.

– “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin Bakının Rəsulzadə küçəsində apardığı monitorinq nəticəsində aydın olub ki, buradakı 42 ticarət və iaşə obyektindən 41-də dövlət dilindən istifadə edilməyib. Azərbaycan dili müstəqillik dövründə özünü niyə qoruya bilmir? Azərbaycan dilinin dövlət dili olması barədə Konstitusiyamızda müvafiq maddə var, “Dövlət dili haqqında” Qanun qəbul edilib, digər qanunvericilik aktları yetərincədir. Amma vəziyyət acınacaqlıdır. Niyə?

– Dilimizin fəal şəkildə işlənməsi hər bir vətəndaşın borcu olmalıdır. Sorğunun və ya indi dəbdə olan terminlə desək, monitorinqin nəticələri göstərir ki, ayrı- ayrı qurumlarda, o cümlədən ticarət müəssisələrində Azərbaycan dilinin işlənməsi bərbad haldadır. Müəssisə sahibi, geniş mənada deyilsə, sahibkar hər şeydən qabaq bu dilin daşıyıcısı olduğu üçün dilin işlənməsində qanunlara əməl etməli, özü dilin qayğısına qalmalıdır. Bütün sənədləşmə bizim dilimizdə olmalı, müdirdən tutmuş süpürgəçiyə qədər hamı dilimizin saflığını qorumalıdır. Bəzən belə hallara rast gəlmək olur. Bəzən görürsən ki, başqa millətin nümayəndəsi bizim dilimizdə özümüzünkülərdən daha təmiz danışır. Ancaq özümüzdən olan birisi hıqqana-hıqqana danışır. Mən vaxtı ilə Azərbaycan radiosunda “Ana dili“ verilişi aparırdım, biz o zaman dilimizdə səlis və rəvan danışan hər kəsə mükafat verirdik. İndi bizim onlarla telekanalımız var, bir dəfə eşitmisinizmi aparıcılar müsabiqə keçirsin, qalibləri mükafatlandırsın? Bugün məcburi deyil bahalı mükafat olsun. Ancaq dinləyicini yönəltmək üçün belə radio- və televiktorinalar çox maraqlı olardı. Bu cür tədbirlərin keçirilməsi dilimizə marağı artıra bilər.

Sualların birini belə qoymaq olar: Azərbaycan Konstitusiyasında dilimizlə bağlı maddə varmı? Və ya hansı maddədə dilimizin  statusu ilə bağlı konkret fikirlər söylənilir ? Bu cür suallarla biz gənclərimizin diqqətini cəlb edə bilərik. Əslində ailədə, məktəbdə və ictimaiyyət arasında dilimizin işlənməsinə diqqəti artırmaq lazımdır. Konstitusiyamızda dil haqqında maddənin pozulması ilə bağlı məsul şəxsləri cərimələmək lazımdır, həmin cəriməni almış müəssisə və təşkilatların adı açıqlanmalıdır. Bəzən ziyalılarımız arasında elə adamlara rast gəlmək olur ki, əndrabadi cümlələr düzəldir və dilimizin incəliyini korlayırlar. Məsələn, hüquq-mühafizə orqanlarında bu gün gen-bol işlənən dil xətalarına yol verilir, deyək ki, belə deyirlər: tərəfimizdən görülən tədbirlər nəticəsində filankəs saxlanılmışdır və s. Niyə bu yerdə məchul növ işlənir? Halbuki bu fikri fəal növdə də işlətmək olar. Bunun bir səbəbi var, o da başqa dildə düşünməyin nəticəsidir.

– Hələ on il əvvəl AMEA Dilçilik İnstitutunun sabiq direktoru, mərhum akademik Ağamusa Axundov müsahibələrindən birində belə deyirdi: “Son illər ölkəmizdə özəl müəssisələrin sayı artır. Çox qəribədir ki, hərə öz müəssisəsinin önünə nə istəyirsə, onu da yazır. Buna bir nəzarət lazımdır. Axı o müəssisə sənin olsa da, onun qarşısında yazılan millət üçündür, bunlardan azərbaycanlılar istifadə edir. Bəs nə üçün ana dilindən istifadə edilmir, buna da milli qeyrət lazımdır?!” Bunun özü müvafiq qanunların işləməməsinin etirafı deyilmi?

– Akademik A. Axundov çox ağıllı və bilikli adam idi. Uzun illər dilimizin və dilçiliyimizin başında durmaqla o özü bir nümunə idi. Ürək yanğısı ilə vurğulayırdı ki, dilimizin saflığını qorumaq lazımdır. Mən bu adamın Sovetlər birliyində müxtəlif şəhərlərdə rus dilində məruzələrinə və çıxışlarına qulaq asmışam. Bununla yanaşı, o həm də dilimizin cəfakeş təəssübkeşi idi. Amma görün bu böyük alimin adını əbədiləşdirmək sahəsində bir iş görmüşükmü? Mərhumun adına doğma Bakımızda bir küçə, bir məktəb qoymuşuqmu? Axı bu adam bizim möhtəşəm dilçi alimimiz olub. Ümumiyyətlə, alimlərimizi ölümündən sonra yaşatmaqda əliaçıq deyilik. Mərhum akademikimiz Ə. Dəmirçizadənin adına dar bir küçə qoymuşuq, çox adam heç o küçənin yerini bilmir. Bu alimlərimizi yaşatmaq bizim ümdə vəzifəmizdir, küçə və prospektlərimizə bu cür alimlərin adlarını verməklə həm də onların peşəsinə öz ehtiramımızı bildirməkdir, o küçə və prospektlərlə addımlayarkən onların əməyinə hörmətimizi bildirmiş oluruq. Milli qeyrət, özünə qayıdış həm də belə şeylərlə nəsillərə çatdırılır.

– Sizcə, deyilən biznes strukturu sahiblərinin “Dövlət dili haqqında” Qanuna etinasızlığı biznes maraqları ilə bağlıdır, yoxsa planlı şəkildə Azərbaycan dilinə qarşı məkrli plan həyata keçirilir?

– Mən məkrli planın olduğunu mümkün sayıram. Şuşa ermənilər tərəfindən zəbt olunmamışdan üç il qabaq  (1989-cu ilin dekabrın axırlarında) Pedaqoji İnstitutun vəziyyətini yoxlamaq üçün ozamankı mərkəzi komitə bizi bu şəhərə ezamiyəyə yollamışdı. Şuşada gəzərkən küçə və xiyabanlara ermənilərin adlarının qoyulduğuna təəccüb edəndə mərhum professor, folklorşünas N. Axundov ürəyi yana-yana danışırdı ki, bir azərbaycanlının adının bu şəhərin küçələrinə və prospektlərinə qoymaq mümkün deyildi? O zaman vilayət partiya komitəsindən güclü təzyiq göstərərək bildirirdilər ki, bura muxtar vilayətdir, ona görə də ad seçəndə ehtiyatlı olmaq lazım idi. Biz bütün bunları arayışda ətraflı şərh etdiyimizə görə Azərbaycan rəsmiləri bizi suyu bulandırmaqda, milli nifaq salmaqda günahlandırırdılar. İndi də dilimizin işlənməsində məkrli planın olmasını istisna etmək olmaz. Hər halda biz həmişə ayıq olmalıyıq. Vaxtilə bir nəfər başqa millətin nümayəndəsi olan tədbirdə, rəsmi yığıncaqlarda hamımız o bir nəfərin dilində danışmağı vacib sayırdıq. Mən bunun dəfələrlə şahidi olmuşam. Ancaq Tbilisidə Universitetin Elmi Şurasında german dilləri üzrə müdafiədə opponentlərin ikisi Moskvadan, Şura üzvlərindən mən və Suxumidən gələn professorun iştirak etdiyi iclas gürcü dilində aparılırdı.

– Sahə mütəxəssisləri deyir ki, linqvistk ekspansiyanın arxasında hər zaman mədəni və siyasi ekspansiya maraqları gizlənir. Sizcə, belə ola bilərmi?

– Mən Sizin bu sualınıza qismən də olsa yuxarıda cavab verdim. Amma daha ətraflı cavab üçün əsas olduğunun fərqindəyəm. Linqvistik imperializm həmişə var və bu gün də müşahidə olunmaqdadır. Fikir verin, sovet imperiyası dağıldı, ancaq o imperiyanın fəsadları hələ də qalmaqdadır. Bu, müxtəlif növ məhsulların adında, təbabətdə, elmdə, incəsətdə, bütövlükdə mədəniyyətdə özünü büruzə verir. Təkcə maşın təmiri sahəsində nə qədər rus sözlərinə rast gəlmək olur. Bu gün maşın bazarında yüzlərlə, bəlkə də minlərlə rus sözlərinə və ya rus deyim tərzlərinə rast gəlmək olur, hərçənd ki, bu gün maşın təsərrüfatında yeniləşmə gedir, yapon, alman, fransız və amerikan texnalogiyaları arası kəsilmədən Azərbaycana axıb gəlir. Bir dəfə bir jurnalist məndən soruşanda ki, avadanlıqların adları necə yaranır. Mən cavab vermişdim ki, ekspansiya öz yerində, ancaq malı və ya məhsulu istehsal edən xalq adı da özü verir. Misal gətirdim ki, bu gün Avropada geniş yayılmış türk mallarının adı da türk dilindədir. Məsələn, tavuq (toyuq) , süzmə, dönər, ayran və s. Almaniyada olanda məəttəl qaldım ki, bir şüşə (yarım litr) “Borjomi” 3 avroya idi. Dedim, ilahi, bizim “Sirab”, “Badamlı” və onlarca digər dadlı suyumuzu istehsal edib niyə yaymırıq Avropada? Biz də neftimizlə və qazımızla çətin başa gələn məhsulumuzla Avropaya yol tapırıq. İndi Rusiyanın torpaqlara qayıdışı bizim dilimizə qarşı ekspansiyanın genişlənməsinə gətirib çaxaracaqdır.

– Narahatlıqların son həddə çatması, təbii ki, bu sahədə konktet iş görülməməsinin nəticəsidir. İyul ayında məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində bir qrup ziyalı ilə görüş keçirilib. Görüşdə Dövlət Reklam Agentliyinin nümayəndəsi deyib ki, təkcə Bakıda 25 minə yaxın ticarət və xidmət obyekti var, onların işçilərini isə barmaqla saymaq olar. Sizcə, bu, nikbinlik üçün əsas verirmi?

– BŞİH dilimizin işlənməsi üçün birbaşa məsuliyyət daşıyır. Çünki onlar sahibkarlığa rəhbərlik edir, icazə verir, sənədləşməni həyata keçirir. Şəhər İcra Hakimiyyəti sahibkara rəsmi sənəd verəndə, müəssisə və təşkilata ad qoyanda tələb etməlidir ki, müəssisənin adı dilimizdə olsun. Guya sahibkarlar bəhanə gətirilər ki, ad xarici dildə olanda müştəriləri daha çox cəlb edirlər. Mənasız əsaslandırmadır. Əvvəla, restoran və kafelər az-az xarici müştərilərə xidmət göstərirlər. İkincisi, xarici qonaqlar Azərbaycanda milli yeməklərə həvəs göstərirlər. Üçüncüsü və əsası odur ki, bu da dilimizi və mədəniyyətimizi təbliğ etməkdə fürsəti əldən verməmək üçün əsasdır. Ötən ilin oktyabrında AFR-ə getmişdim. Tələbələrimdən ikisi mənə çox təkid etdilər ki, axşam onların qonağı olum. Mən imtina edə bilmədim. Onlar məni Berlində “Qarabağ” restoranına apardılar. Ora gedəndə gördüyümə inana bilmədim. Restoranın adı rusca yazılmışdı: „Karabag”. Soruşanda dedilər ki, sahibi burda yoxdur. Restoranın adının rusca yazılmasını onunla izah etdilər ki, ətrafda çoxlu erməni yaşayır. Onları cəlb etmək üçün bu addan istifadə edirlər. Soruşdum yeməyə nə var, dedilər ki, kabab və s. Dedim, bəs milli yeməklərdən nə var, dedilər ki, heç nə. Deməli, ticarət obyekti təkcə pul qazanmaq üçün deyil, həm də milli mədəniyyəti təbliğ etmək üçün vacibdir.

– Ədəbi dilimizin vəziyyəti ilə bağlı BŞİH-ə, 100-ə yaxın millət vəkilinə göndərilən müraciətə imza atanlardan biri də Sizsiniz. Hansısa nəticə olacağına inanırsınızmı?

– Sizin bu sualınıza cavab verməmək də olardı. Ancaq bir halda ki, sual vermisiniz, gərək cavab da verim. Milli Məclisdə ürəyi xalqla döyünən adamlar yox deyildir. Məsələn, deputat S. Rüstəmxanlı. Mən bu yaxınlarda onun bir müsahibəsini oxudum. Ürəyimdən tikan çıxdı. Orada hörmətli Sabir müəllim öz həmkarlarına müraciətlə bildirir ki, soyadlarındakı başqa millətin şəkilçisini çoxdan dəyişmək lazımdır. Bir deputat ki, təxminən 30 il ərzində başa düşməyibsə ki, başqa millətin soyad şəkilçisini dəyişmək lazımdır, onun milli təəssübkeşliyi haqqında nəsə bir şey demək olarmı? Məncə, olmaz! Ona görə də mən müəyyən dərəcədə bu məsələdə pessimist fikirdəyəm. Dilimizlə bağlı onu deməliyəm ki, ürəyi, canı millətinə bağlı olmayan, millətilə nəfəs almayan kim olursa-olsun, mənə görə, qoy məndən inciməsinlər, azərbaycanlı deyillər. Sonda Sizə uğurlar arzulayıram.

Gülyaz ƏLİYEVA