I hissə
Çox savadlı adamların çox savadlı mülahizələri
ola bilər, amma ecazkar söz istedadlara məxsusdur.
Ənənəvi olaraq yazıları giriş sözü ilə başlayırlar, amma mən bu yazıda deyilmiş faktlardan qaçaraq birbaşa mətləbdən başlamaq fikrindəyəm. Fakt özü məni mətləbə çəkir. Klassik janrı ölməkdə olan yox, varlığı hər an önə çəkilməyən janr hesab edirəm. Amma…
Əlirza Xələfli “Dağlarda duman qaldı” kitabında klassik janrı nəinki önə çəkdi, hətta onu dimdik ayaq üstə oxucunun qarşısına qoydu. Oxumamaq, üsluba ehtiram etməmək mümkün deyil. Elə fəxriyyənin adında “Söz — doğrunun, düzündür” — deyən şair, sözün ecazkarlığını, qüdrətini, gözəlliyini mədh edir, onun insanı uca zirvələrə apara bilmə sehrindən danışır, sözün “əlindən tutub” bir çətin yola çıxır. Sözün fəxarət yolu səhralardan, dərələrdən, dağlardan, düzəngahlardan keçən daşlı-qayalı, palçıqlı, çamurlu, axar sulu, aylı, günəşli məqamlardan keçir. Bu yolun tufanına da düşürsən, boranına da. Bəzən söz baharında könlün elə açılır ki, yayın üzü payıza getiyi yada düşmür. Amma yox, bu çətin yolda o, tək deyil, şairin yanında onunla qoşa addımlayan bir Allahı var. Bu Allah hər an onunla yanaşıdır, izlərin sayı da bunu təsdiq edir.
Qum üstündə Allahın izini gördü yenə,
Qayıdıb Allahıyla üz-üzə durdu yenə.
Bu Allah Əlirza Zal oğlunun inamıdır, taa uzaqlardan — ulu tərəkəmə kökündən gələn özünəgüvənidir. Daim onunla qoşa addımlayır, birdən iz təklənir, amma güvən itmir, şair öz düşüncələrindən ayrı düşür, belə anlarda inam onu öz ağuşuna çəkir, burulğanlarda itməyə, dağılmağa, heçə varmağa qoymur. Xələfliyə görə söz özü bir ilahi qüvvədir, sözün öz daxilində bir Allah var və ona görə də sözdən həm ehtiyatla, həm də ehtiramla istifadə etməyə qadir olmaq vacibdir. Bünün üçün söz adamı təfəkkür və istedad sahibi olmalıdır. O, sözü təbiətin yenidən doğuşuna — bahara bənzədir. Dağların üzü güləndə könlündə bir bağ bar gətirməyə hazırlaşır, sözlər tumurcuqlayır, çiçək açır, bir yeni söz dünyası yaranır. Bax, bu dünya şairin sevimli yurdudur, onu ora sözün daxilindəki Allah, şairin qəlbindəki inam aparıb. Belə bir dünyanın sakini olan Əli Rza xoşbəxtliyi, ulilarla təması, həyatın ahəngini “yoxdan var olan” sözlərdə tapır. Bu “yoxdan var” olmağın özünün də fəlsəfəsi inamın Allaha istinadından doğur. Söz içində bir-biri ilə birləşən, könülləri — əslində insanlığı öz ecazkarlığı ilə heyran edən bir sökülməz körpü var, qüdrəti olan kəslər görə bilər o körpünü. Hər sevincdə, hər kədərdə söz var, sözlə ifadə var, həmin ifadənin aliliyidir sözü məlhəm edən.
Söz içində körpü var, yaxşı baxsan görərsən,
Bu yerdə şimşək olub göydə çaxsan görərsən.
Amma məqama şair asanlıqla ucalmayıb, bu yolda sözünü çəp dəyərləndirənlərlə ölüm-dirim mübarizəsindən sonlanan halalı yüz kərə ələyib haramdan ayırmağın qələbəsi ilə sıyrılıb o söz qılıncı. Xurafatı qamçılaylr, din pərdəsi altında söz yoluna çəpər olanları, düz sözü əyri yozanları, haram yeyib hiylə toru hörənləri düz yola — şeriyyətinin işığına səsləyir. Bu işıq Tanrıdan gələn nurdur, sönməz, məhv olmaz, yaddaşlara həkk olar, kitab-kitab yazılara çevrilər.
Nəhayət, sonda şair qərarının qətiliyini bəyan edir. Bu, Əli Rza Xələfli qələminin qılınc kimi sıyrılıb özünü təqdim etməsidir.
Allah mənim vicdanım, Tanrım ona hakimdi,
İnam mənim ruhuma təbib, loğman, həkimdi.
Fəxriyyə cəmiyyətdə ağır yollardan keçib gələn bir şəxsiyyət formalaşmasından xəbər verır. Söz ruhun coşmasına rəvac verir, şairin qələmi zəhmət təri ilə kağız üstündə onun doğrularını ifadə edir. Bu son deyil…
II hissə
Hər kitabın öz ətri var…
Əli Rza Xələflinin kitabında söz ətri var…
“Könlümə yol aradım” fəxriyyə — poema ədəbi nümunə formasının xüsusiyyətlərinə uyğun olaraq avtobioqrafik xarakter daşıyır. Amma fərqli bir özünütəqdimdir bu. Oxuduqca onun ətrafı görünür, əhatə dairəsi bəllənir. Təsəvvür sanki oxucunu kökü yerin əlçatmaz təkində əbədiləşmiş iri, şax gövdəli şam meşələrində gəzdirir. Ucu – bucağı görünməyən bu vüqarlılar dünyası fəxriyyədəki dostların rəmzi görünüşüdür. Onlar hamısı xalqımızın ədəbiyyat, mədəniyyət, elm aləminin dayaqlarıdır; ayaqları torpaqda, başları uca göylərdə. Onları cəmiyyət ziyalı kimi qəbul edib. Şair alimlə yanaşı elmin dərinliklərinə, şair dostlarla dağların ucalığına, publisist masasında mətbuat səhifələrinə səyahət edir. Elin dərdi, xalqın harayı, torpaqlarımızın nisgili bu yollarda araşdırılır. Bax, fəxriyyənin qəhrəmanı belə bir mühitdə, öz əqidəsinə, amalına uyğun yolları vüqarla addımlayır. Klassiklərdən — kökündən də ayrılmır, özünü qədim və böyük bir mənəvi dünyanın sakini hesab edir, heç vaxt təkliyi, mənəmliyi qəbul etmir. Şairin fəxriyyədə adını çəkdiyi insanların, dostların, qələm yoldaşlarının hamısının bir-biri ilə münasibəti olmaya bilər, amma hamısının Xələfli ilə qırılmaz ünsiyyəti var. Şair fəxriyyədə özünü yazdığı əsərlərlə öyürsə də, buna da öz qüdrəti kımı sahiblənmir. Bu yüksəkliyə Alaha inamı, kökündən qidalandığı nəsil-nəcabəti — milli mənsubiyyəti, sözə olan inamı ilə qalxa bilmişdir.
Nizami nəsihətləri, Füzuli poetikası həmişə Əli Rzanın addımlarına güc vermiş, onu büdrəməyə qoymamışdır. Misralar oxunduqca hər kəsin cəmiyyətdə tutduğu mövqe, xalqın, elin qəlbində yeri, saf, səmimi daxili aləmi axar çay kimi çözələnir, durulur, aydınlaşır. Bu aydınlıqdan ruhlanan şair daha da ucalarda bərqərar olur, kamillik fonunda daha da kamil görünür. Atalardan məsəl var: “Ətrafını göstər, kim olduğunu deyim.” Əli Rza Zal oğlu fəxriyyə janrının mahiyyətindən bir qədər kənara çıxaraq özünü tərif etmir, ətrafı ilə öyünür. Qəlbi ruhu ilə özünə yaxın hiss etdiyi elm adamlarını əsərində dəyərləndirir, əməlini, adını nəzmə çəkir, şərəfləndirir. Xələfli bu fonda daha işıqlı görünür.
Həsrət görmüş adam ayrılıqdan qorxar.Vətəndən, yurddan, eldən-obadan ayrılıq həsrətini yaşamış şair dostlarının əbədi gedişindən tüstülənir, amma sönmür, bu alovun içindən sıyrılıb çıxa bilir ki, xatirələri əbədiləşdirsin. Fəxriyyədə anılan adlar yaşayacaq, ən azı onların da ömrü bu fəxriyyənin ömrü qədər uzanacaq. Real bir təskinlik, dərddən dağılmamağın, yox olmamağın seçilmiş yolu! Yetmişə yaxın şəxs adı ilə şeriyyətə bəzək vumuş, bu adlara layiq sözlər seçıb onları nəzmə sığışdırmaq kimi bir məsuliyyətin öhdəsindən gəlmişdir.
Fəxriyyədə müəllif qırxa qədər əsərinin adını çəkir, Azərbaycan ədəbiyyatına verdiyi bu dəyərli töhfələrlə öyünür, bu töhfələrin xalqın azadlığının və müstəqilliyinin dayanıqlı olmasında, dövlətçiliyimizin qorunmasında, el adət-ənənələrinin gələcək nəsillərə ötürülməsində rolunu görür, onun iftixarı ilə yaşayır.
Şair öz məqamını, yerini əsərlərinin fövqündə, sözün, söz dünyasının yüksəkliyində təqdim edir. Amma o ictimai həyatın özündədir, Xocalıda dərisi soyulanın qeyrət ağırlığını çəkir, Azadlıq küçəsində yanan körpə qızla yanır, ağlayn şəhid anasının ayaqları altinakı cənnətə varvağa layiq olmaq istəyir, üzündən ətrafa bir ömürlük kədər yayılan köçgünün dərd yükünü çiyninə almağa tələsir. Ən çox tələsdiyi isə Vətən – Qarabağ torpağına qövuşmaq, bir ovuc torpağı qoxlamaq, öpmək, sinəsinə sıxmaq məqamıdır, bu istəyə çatmaq üçün könlünə yol arayır. Keçmişdən gələn yolların davamını gələcəyə getmək ücün bir işarət, bir özül kımı görür. Bu yola əli qələmli çıxmışdır, yazdıqca, mühitinin dumanını dağıtdıqca, vətənin coğrafiya bütövlüyünə vardıqca, soy kökünü, tarixini daha mükəmməl öyrəndikcə həqiqətləri əsərlərində daha aydın, işıqlı əks etdirməsi ilə iftixarlanır, bu fəxarəti gələcək nəsillərə çatdırmağa qabil olduğu ilə fərəh hissi keçirir.
Hər iki fəxriyyə bədii cəhətdən çox zəngin bir dilə, ifadə tərzinə malikdir. Şair heç vaxt söz üçün əlacsız qalmır, çünki ana dilimizin ədəbi dili ilə yanaşı dialektlərinə də yaxşı bələddir. Oxuduqca şairin sözü sanki qıyıq ucunda oynatdığının şahidi oluruq:
Pərim yandı Gəncədə, dərdi pəncə pəncədə.
Zalımlar ayrı saldı məni qoydu gencədə.
Qara keşışın əlindən dada gedən Qurbanının ruh pərisi Gəncədə yandı, onun dərdi isə zamanla, mühitlə, haqsızlıqla pəncələşməkdədir. İfadə tərzi – dərdi pəncə pəncədə! Hələ bu ifadəyə uyan qafiyə söz, məncə, ədəbiyyatımızda ilk olaraq işlənir: gencədə — yəni uzaqda, aralıda. Ayrı düşmək bir dərddir, gendə qalmaq daha ağır.
Misralar yaddaşlara həkk olunan ifadələrilə könül oxşayır. Xüsusilə, toponimlər elə təqdim edilir ki, “mənim” olduğu hiss olunur, milli qüruru olanların qəlbində silinməz izlər qoyur, duyğulara hakim kəsilir. Diri Dağdan Gəyənə, Xudafərindən Kəlbəcərə qədəm qoyanda iqlim dəyişir. Arazın suyu yanıqlara məlhəm olur. Ecazkarlıq odur ki, toponimlər sadalanmır, hər toponim öz gözəlliyi, gülü, çiçəyi, coğrafi və fiziki durumu ilə oxucunun qarşısına səyahətə gəlir. Bir şeirdə çox sayda toponim təqdim eləmək şairin ərazini tam tanıdığını göstərir, bu toponimlətin ilin dörd fəslindəki füsunkarlığının təsviri yazarın dərin məlumatlılığının, hər elin-obanın öz tanınmışı ilə təcəssümü isə bu dəyərlərin təsdiqinin faktıdır.
Fəxriyyədə vəznin müxtəlif ölçülərindən istifadə edilmişdir. Ölçüdən ölçüyə keçəndə də oxucu rəvanlığı itirmir, əksinə şairlə də, şeirlə də çox gözəl anlaşır. Bəzi məqamlarda danışıq dilindən qafiyə xatirinə gələn sözlər də əsərə bir şirinlik, doğmalıq — dil, ləhcə doğmalığı gətirir.
Aşağıdakı misralarda “söz qapısı açıxdı” və ya “hakimdi”, “həkimdi” – ismin xəbər şəkilçisində “d” görünmür, amma bu yoxluq həm şeirə oynaqlıq gətirir, həm də qafiyə uyğunluğunu şərtləndirir. Belə məqamlar fəxriyə kimi ağır, sanballı bir janrı xalq dilinə yaxınlaşdırır.
Dedi, gəlsin Xələfli, söz qapısı açıxdı,
Fikirlər daşdan keçdi, duyğular yaza çıxdı.
Sinonim sözlərin bir misrada işlənməsi nəinki yeknəsəklik yaradır, əksinə daha da axıcılığı artırır, mənanı dərinləşdirir. Məs.:
Allah mənim vicdanım, Tanrım ona hakimdi,
İnam mənim ruhuma təbib, loğman, həkimdi.
Allah – Tanrı, təbib – loğman – həkim kimi seçilmiş sinonimliklər şerin dil çalarını zənginləşdirir.
Fəxriyyələrdə bədii təsvir, bədii ifadə vasıtələri ən incə məgamları daha oynaq, daha şirin özünəməxsusluqla oxucuya təqdim edir. Bu, əlbəttə, ayrıca, daha geniş təhlilin mövzusudur.
Deyim gğzəlliyi, məna dərinliyi təkcə “Könlümə yol aradım” fəxriyyə poemaya deyil, Əlirza Xələflinin bütün yaradıcılığına xas xüsusiyyətdir.
“Qar altından boy göstərən novruzgülü, nərgizi var.” — Hara boylanır o nərgizgülü, sevdiyi, vüsalına tələsdiyi Günəşə doğrumu? Şairin öz qəlbi, öz sevən ürəyidir o novruzgülü, eşqinə, məhəbbətinə, sevimli Günəşinə — ucalığına doğru boylanır: cism ruha aşağıdan yuxarı baxır, qovuşmağa tələsir. Ruh və cism – vətən və Əlirza Xələfli! Vətən həsrətində qovrulan şair!
Vüsalın yaradıcılığınızın daimi sakini olması ümidi ilə…
Nümunələr “Dağlarda duman qaldı” kitabından götürülmüşdür.
“Gənclik” nəşriyyatı 2022.
Sima Cəfərova,
tədqiqatçı filoloq