Fəxrəddin VEYSƏLLİ
AMEA Dilçilik İnstitunun sabiq direktoru, professor
Eşitdim ki, Azərbaycanda yeni ictimai qurum – Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi yaranıb. Bu, məni bir dilçi kimi çox sevindirdi. Çünki doğrusu bu işin öhdəsindən gəlməli olan AMEA-nın Dilçilik İnstitutu plan işlərinin içərisində itib-batıb. Həm də bu institutda hər zaman tənqid etmək o qədər də asan iş deyil.
Amma FADMM öz işini tənqid üzərində qurarsa, o zaman söylənilən fikir və mülahizələrə vaxtında reaksiya veriləcəyinə əminəm. FADMM öz işini elə qurmalıdır ki, onun hər bir sözü yetərli, obyektiv və qərəzsiz olmalıdır. Bizim dədə- babalardan qalma sözümüz var. Deyirlər ki, məni tərifləyən məni sevmir, çünki mən özümün nəyə layiq olduğumu yaxşı bilirəm. Nöqsanımı görüb deyən şəxsə son dərəcə minnətdar oilaram ki, məndə olan nöqsanlar bir daha təkrar olunmasın. Mən elə hesab edirəm ki, bu yeni ayaq açan qurum məhz belə hərəkət etsə, onun ayağı uyarlı və sayalı olacaq. Mən bu çətin və şərəfli işdə bu qurumu düşünüb təşkil edən hər kəsə minnətdar olmalıyam. Dilimizin işlənməsində reklamlardan tutmuş rəsmi sənədlərə qədər Azərbaycanda böyük yayınmalar var. Bunları səbrlə görüb aradan qaldırmaq bütün xalqın işidir.
Bu işin uğurla həyata keçəcəyinə əminəm. Bu işi görənlərə qabaqcadan uğurlar arzulayıram.