- Köşə

Fazil MİRZƏYEV. Azərbaycan dilində işlənən bir sıra məsəllərin izahı

HƏMŞƏRI QAYA ARASINDADI

Bu məsəl bizim Qarabağ bölgəsində geniş yayılıb. Biri özünü əlçatmaz, gücyetməz, arxalı hesab edəndə, özündən çox müştəbeh olanda bu məsəli çəkirlər. Adətən çox vaxt bu halın əksi olur. Məlum məsəlin yaranma tarixçəsi haqqında belə deyirlər:  Güney Azərbaycanın Ərdəbil şəhərindən olan bir soydaşımız qənd-şəkər alveri edərmiş. Ərdəbildən şəkəri alıb qatırına yükləyər, gətirib Arazın bu tayında kənd-kənd, oba-oba gəzib satarmış. Onu hər yerdə tanıyar, adına eləcə Şəkərçi həmşəri deyərmişlər. Bizdə bu ifadə çox vaxt ümumi işlənir və mənasını bilməyənlər bunu təhqiramiz ifadə zənn edirlər. Halbuki bu, güneyli soydaşlarımızın şirin ləhcəsindən, tez-tez işlətdikləri “həmşərim” ifadəsindən doğan bir sözdür. Həmşəri – həmşəhərli, həmyerli deməkdir (Bütün güneyli qardaşlarımıza salam olsun.)

Keçək hekayətimizə. Bir dəfə bu şəkərçi qardaş qatırını burnuna qədər yükləyib yaylaqlara çıxıb. Üz tutub tərəkəmə obalarına. Axşamın da qaranlıq qarışan vaxtı imiş. Şəkərçi çalışırmış ki, qaranlıq qatılaşmamış tez özünü bir obaya çatdırıb yerbəyer olsun. Elə bu dəmdə elə bir dağ yağışı başlayıb ki, gəl görəsən. Nərilti-gurultu, sanki dağ başına uçacaq. Gurultudan qatır hürküb yükü aşırıb. Çovğun da imkan vermir ki, göz açasan. Şəkərçi əl huyuna bir qaya ovuğu tapıb özün təpib ora. Görüb ki, bura əməlli-başlı mağaradır. Yerin rahatlayıb təzəcə oturubmuş ki, ildırım çaxıb, şümşürük (şimşək) oynamağa başlayıb. Dalbadal bir neçə dəfə şimşək çaxıb. Bunu görən şəkərçi üzünü göyə tutub deyib:

– Damcıladın, şəkərimi islatdın. Şaqqıldadın, qatırımı hürkütdün. İndi də nə çaxmaq çaleysan? Tapa bilməzsən, həmşəri qaya arasındadı!

SƏN BƏYLIYINI ALMISAN

Qarabağda bu məsəl “mənim köməyim olmadan işini aşırmısan, məqsədinə çatmısan” anlamında işlənir.

Belə rəvayət edirlər ki, Kollu Qaya* adlı dağ kəndinin adamları yaxşı ovçu imişlər. Həsən* adlı cavan da sərrast güllə atmağıyla tay-tuşları arasında seçilərmiş. Bir gün Həsən dostları ilə dağ keçisi ovuna gedirlər. Həsən özü bərədə gizlənir,  sürəkçi yoldaşları isə keçi dəstəsini ona tərəf sürürlər. Bir daşın üstünə uzanan Həsənin gözünə mamır-şibyə basmış daşın üzərində dördkünc xətt dəyir. Xəncərini çıxarıb xətti təmizləyir, görür ki, bu, daş qapaqdır. Qapağı qaldıranda gözlərinə inanmır. Daşın içində oyulmuş yuva qızıl sikkələrlə dolu idi. Ətrafa boylanıb heç kimin görmədiyindən əmin olduqdan sonra qapağı ehmalca yerinə oturdur. Amma, baxır ki, artıq keçi dəstəsi aralaşıb, güllə mənzilini keçib. Tüfəngini götürüb yoldaşlarının yanına qayıdır. Onlar da təəccüb içində sorğu-sual edirlər ki, bəs niyə vurmadın, keçiləri əldən buraxdın? Həsən “Gülləm açılmadı” deyib canını qurtarır.

Bir-iki gündən sonra gəlir, qızılı ata yükləyib aparır. Varlanmış Həsən bəylik eşqinə düşür. O vaxtlar bəylik şəhadətnəməsi verən komissiya Bərdədə yerləşirdi. Əslində şəhadətnaməni verən komissiyanın sədri idi. O, keçmiş bəyləri və onların  nəsillərimi yaxşı tanıyırdı. Yanına gələnləri əliboş qaytarmazdı. Bəy nəslindən olmayanlardan da puldan-paradan alıb yalandan isbat edərdi ki, filankəs filan bəyin nəslindəndir. Xülasə, Həsən geyinib-kecinir, atlanıb gəlir Bərdəyə, düz o kişinin qapısına. Görür ki, qapıda böyüyü 7-8 yaşlarında bir oğlan, digəri də ondan kiçik qız olan iki uşaq oynayır. Uşaqlardan axtardığı adamı soruşur, “atamızdır” deyə cavab alır. Həsən eləmir tənbəllik, cibindən iki qızıl onluq çıxarıb verir uşaqlara.

– Atanıza deyin ki, səni görmək istəyən var.

Uşaqlar əllərində qızıl onluq içəri girən kimi qışqırıb xəbər verirlər:

– Ata, bir bəy gəlib, səni görmək istəyir!

Ev yiyəsi qapıya çıxıb ehtiramla qonağı qarşılayır, nə üçün gəldiyini xəbər alır. Həsən bəylik məsələsinə görə gəldiyini deyib, ondan kömək etməsini xahiş edir. Kişi də arif adam idi. Gülə-gülə deyir:

– Ay bala, sən artıq bəyliyini almısan.

– Mənə bəyliyi kim verib?

– Bayaq burda gördüyün uşaqlar.  Mənə dedilər ki, səni bir bəy axtarır. Daha bundan sonra mən nəkarəyəm ki, sənə bəylik verməyəm?

Həə, Həsən, bax beləcə bəy olur, “sən bəyliyini almısan” ifadəsi də o vaxtdan məsəl olub dillərə düşür.

Haşiyə: Həsən – Xosrov bəy Sultanovun qardaşı laçınlı Sultan bəydir.

Kollu Qaya*– şərti addır.