- Köşə

Fazil MİRZƏYEV. Mən ruzimi buxarının başında istəyirəm

Bu məsəlin yaranması bir əhvalatla bağlıdır. Bir varlı hacının sürü-sürü qoyunu, 15 nəfər də çobanı var idi. Bir il qış bərk gəldi, qoyunlar qırılıb tələf oldu, cəmi 300 başadək qoyun qaldı. Hər gün növbə ilə bir çoban qoyun otarmağa gedirdi. Qalanları boş-bikar qalmışdılar. Çobanların yeməyi üçün hər gün bir qoyun kəsilirdi. İş yox, xərc çox. İşi belə görən sərkar (Sərkar -işləri idarə edən, çobanların böyüyü) Hacının yanına gəlib dedi:
– Ay Hacı, bir bölük qoyun qalıb, onu otarmağa bircə nəfər lazımdır. Bu işin öhdəsindən təkcə mən özüm də gələrəm. Bu qədər çobanı saxlamağa dəyməz, gündə də bir qoyun yeyirlər. İcazə ver, onları yola salım getsinlər. Bu işin öhdəsindən təkcə mən özüm də gələrəm. Ev işləri üçün də bir nökərimiz var, bəsdir. Hacı gördü ağıllı məsləhətdir, razılıq verdi. Sərkar da çobanları işdən azad edib, özü çobanlıq etməyə başladı. Əlqərəz, elə birinci gün sürünü aparıb otardı, axşam qapıya gələndə saydı ki, qoyunun biri yoxdur. Sabah yenə belə. Bİri gün də eyni hal. Dördüncü gün sərkar öz-özünə dedi: “Necə olsa, bu gün bu işin axırına çıxmalıyam, görüm, bu itən qoyunlar hara yox olur?” Bu yuğur (beləcə, bu cür) o, sürünü buraxıb kənardan güdməyə başladı. Bir də nə görsə yaxşıdır?. Bİr qoyun sürüdən ayrılıb qobunun içi ilə getməyə başladı.

Sərkar da sürünü buraxıb bu qoyunun dalınca düşdü. Gethaget, qoyun gedib bir kahaya (zağa, mağara) girdi. Kahada ocaq yerində bir gözləri tutulmuş qoca qurd yatmışdı. Qoyun qurda yaxınlaşıb onu iylədi, sonra burnuyla onu hələ bir dümsüklədi də. Qurd ayıldı, elə yatdığı yerdə qoyunu boğazlayıb boğdu. Yavaş-yavaş yeməyə başladı. Sərkar gördü əvvəl itən qoyunların da baratası (yeyinti, heyvan qalıqları) burdadır. O, işi belə görüb kirimişcə geri qayıtdı. Axşam gördüklərini ağasına danışdı. Bu söhbəti eşidən ağa çox təəccübləndi, başa düşdü ki, hər gün çobanlara kəsilən bir qoyun indi də  bu kor canavarın ruzisidir. Hacı əllərini göyə açıb belə bir dua elədi:
–Ey yeri-göyü yaradan, bizi xəlq edən Allah. Sən kor canavarın ruzisini kahada, yatılı halda yetirirsən. Mən də ruzimi səndən evimdə, bax bu buxarının başında istəyirəm.

Bundan bir neçə gün ötdü. Hacı bir gün yaxındakı kalafaya su başına getmişdi. Qalxanda əlin atıb divardakı bi biyan kökündən yapışdı. Divardan bir lay torpaq qopdu. Hacı gördü burda bir küpə var. Ağzın açıb baxdı, içi dolu qızıl sikkələri idi. Ancaq götürmədi, üstünü torpaqlayıb örtdü. Öz-özünə dedi: “Allahla mənim danışığım buxarının başınadır. Kişinin sözü bir olar. Bunu burda götürə bilmərəm”.

Hacıdan sonra ora vacib iş üçün nökər gəldi. Bu təzə eşələnmiş yer nökərin gözünə dəyəndə əli farağat durmadı. Qurdalayıb küpəni tapdı. Fikirləşdi ki, bunu burda qoymaq olmaz, ələ keçər. Aparım, bir yerdə gizləyim, evə gedəndə apararam. Nökər küpəni götürdü, gətirib buxarının bacasında gizlətdi ki, ta yazın günüdür, bundan sonra buxarı qalanmaz. Bundan etibarlı yermi tapacaqdı?

Bir-iki gün keçdi, hava soyudu, möhkəm bir yağış yağdı.  Buna görə də Hacının xanımı odun gətirib buxarını odladı.  Buxarının istisi necə vurdusa küpə parçalanıb dağıldı. Qızıl sikkələri axıb buxarının içindəki axçalanmış közün üstünə töküldü. Bunu görən Hacı bığaltı gülümsünüb dedi:
– Hə Allahım, bu başqa məsələ. Mən səndən buxarının başında istəmişdim, sən də kor qurdun ruzisini kahada verdiyin kimi mənim ruzimi də buxarının başında verdin. Sənə inanmayana lənət!