- Dil

Fazil MİRZƏYEV. Qarabağ dialektinə aid bəzi ifadələr və onların izahı

  • “Gecə boğazdır” – hələ bilmək olmaz sabah nə olacaq
  • “Qazıcan(x) da bilir, quzucan(x) da” – hər şeyi hamıdan yaxşı bilir
  • “Şəl-şəvəl” – qalın otluq, hündür alaq-ulaq
  • “Qırdı-qaçdı” – etibarsız, vədinə əməl etməyən, çatısı qırıq
  • “Baz vermədi” – məğlub olmadı, basılmadı, ondan geri qalmadı
  • “Gözü saqqız çitinə dönmək” – çox çətinlik çəkmək, əzab-əziyyətə qatlaşmaq
  • “Yampırını basa-basa” -yanlarını basa-basa, ördək yerişinə bənzər bir yerişlə (gəlmək)
  • “Qar yağıb ayaq üşütmək üçün” – hər işin öz mənfi nəticələri, özünəməxsus ağırlıqları olar, bu nəticələrə qatlanmaq və fəsadlarını aradan qaldırmağı bacarmaq lazımdır.
  • “Dədəmi öldürmüşəm ki, goruna and içim” – bu işi etmişəm ki, ondan az-çox  fayda görüm.
  • “Bilsəydim dədəm öləcək, qulağı dolusu darıya verərdim” – məhsulumun zay olacağını (yaxud, heyvanımın öləcəyini) bilsəydim, dəyər-dəyməzinə satardım.
  • “Dəvəni dəngiynən yeyir” – yəni, oğurlamaqda, yeyib-dağıtmaqda, mənimsəməkdə çox mahirdir, külli miqdarda oğurlayar, yeyib-dağıdar, heç kimin də xəbəri olmaz.
  • “Daldan atan aşığı vurar” – hər işə vaxtında, məqamında reaksiya vermək lazımdır. Vaxtı keçəndən sonra istədiyin nəticəni əldə edə bilməzsən.
  • “Kor-kora deyər, vay sənin bərki (bu tərəfdəki) gözün” – Öz eybini görməyib başqasının nöqsanını qabartmaq
  • “Qanını ağzına almaq” – ölümünü gözə alıb təhlükənin üstünə getmək, çox böyük riskə getmək
  • “Dovla vurmaq” – qazanc ,gəlir əldə etmək, , var-dövlət qazanmaq. Tənbəl adama, yatan şəxsə xitabən kinayə ilə işlənir: “Dovla vurmusan?”
  • “Şeytanın gözünə çöp uzatmaq” – ara qarışdırıb, dava-danışıq salmaq, qaşınmayan yerdən qan çıxarmaq
  • “Ərəsətdə qalmaq” – pis vəziyyətə düşmək; əlacız, köməksiz qalmaq (Qiyamətə, məhşər gününə işarədir.)