- Dil

Fazil MİRZƏYEV. Tərəkəmə deyimləri

Tərəkəmələr qış otlağına xüsusi diqqət edərdilər. Mədəni yemlərin olmadığı bir vaxtda otlağın rolu çox böyük idi, çünki heyvanlar təbii otlaqların ümidinə qalırdılar. Gərək elə yer seçəydin ki, qış bərk gələndə, qalın qar yağanda da heyvanlar ac qalmayaydı.

Zonalardan asılı olaraq qarağan, çərən, cəngiz, quşotu olan otlaqlar umuddu (ümidverən) otlaqlar sayılardı. Qarağan olan yerdə aclıq olmazdı. Nəmişlikdə qarağanın islanmış toxumlarını qoyun-keçi xımır-xımır yeyərdi. Həm də yağıntı olardısa dibinə göy gələrdi. Ağ şoranlıq yerdə bitən çərən qarda-yağışda kara gələrdi. Bir topa söksökü (saksaul) bir sürünü hovlayardı[1]. Şaqqıldaqlı biyan, pullu sirkan da öz yerində. Sarıbaş, cəngiz kimi çoxillik otlar həzmi asanlaşdırar, heyvanın yerini nəm saxlar, bununla da parazitlərin yaranmasına imkan verməzdi. Quşotu adlanan birillik yağlı toxumları olan ot şaxtalar düşəndən sonra şorun töküb şirinləşər və mal-qoyun üçün əsil sərvət sayılardı. Tarğın adlanan çoxillik ot qoyunu qıpqırmızı saxlayardı. Qırtış(c) adlanan soğanaqlı ot yağış görən kimi bir gecədə bitər, yaşıl xalı kimi yerin üzünü örtərdi. Onu da deyim ki, qırtışla kökələn heyvana heyvan çatmazdı. Yaxtikan[2] (saxtikan) və çayır isə heyvanların mədə-bağırsağında və yerində quruluq, püş[3] yaradar və bit-birənin əmələ gəlməsinə səbəb olar.

Tərəkəmələr də otların bu xüsusiyyətlərinə görə bəzi deyimlər söyləyiblər. Onlardan bir neçəsinə baxaq:

Yerində var qarağan – ağzında var ağaran (süd-qatıq).

Yerində var yovşan – qoyunun olubdu dovşan.

Yerində var yaxtikan – evin yıxılıb vaxtikən.

Yerində var quşotu – yerini dəyiş, diş otu (dinc otur).

Yerində var tarğın – sürün görməz qırğın.

[1] Ehtiyacını ödəmək

[2] Dəvətikanı

[3] Narın qoyun peyini