Ehsan yeri Keçəldağ
Ehsan yeri adlanan ərazi Qararxac yaylağında Keçəldağın yaxınlığında Yuat gölünün aşağı tərəfində, El yolunun üstündə yerləşir. Uşaq olanda atamdan bu yerin niyə bu cür adlanmağının səbəbini soruşmuşdum. Dediyinə görə, keçmiş vaxtlarda Təhlə camaatı (burda söhbət Bərdədə yaşayan Xan Təhləsindən gedir) yaylaq yerini tirələr[1] arasında böləndə köç yolunun kənarında olan bu ərazini boş saxlayıblar ki, Sarıyerə − yuxarı yaylaqlara gedən köçlər burada dayanıb dincəlsinlər, gecələsinlər, heyvanlarını otarsınlar. Təbii ki, bu yaxşılıqdan faydalanan insanlar əməl sahiblərinin dünyadan köçənlərinə rəhmət oxuyacaqlar. Bu səbəbdən də həmin yer Ehsan yeri adlanır.
Yeri gəlmişkən, Keçəldağ toponiminə də aydınlıq gətirmək istəyirəm. Bu dağın baş tərəfində xeyli hissədə ot bitmədiyinə görə dağ belə adlanır. Həmin ərazi xalq arasında qarğaduzu adlanan yüksək akustik keyfiyyətə malik ağ qumluqdan ibarətdir. Keçən əsrin 60-70-ci illərində həmin material xüsusi binaların suvağında işlənmək üçün yük maşınları ilə Bakıya daşınırdı. Sonralar bu iş dayandı.
Yuat gölü
Kəlbəcər rayonunun Qararxac yaylağında Keçəldağın yaxınlığında bir göl var. Bu göl Yuat (yuyad) gölü adlanır. Bu söz yumaq feilindən yaranıb. Yuyad sözü ən çox cənazənin yuyulduğu yer mənasında işlənsə də, bu sözdən başqa bir məqamda da istifadə edirlər. Bu söz heyvanların yuyulduğu − yəni, çimizdirildiyi yer mənasında da işlədilir. Qararxac yaylağındakı gölün bu cür adlandırılmağına səbəb yaylaqda qırxımqabağı qırxılacaq qoyun-quzunun bu göldə çimizdirilməsi olub. Adətən bizim elatlar yaydan bir ay gedəndə quzunu, ondan 15 gün sonra isə qoyunların güzəm yununu qırxardılar. Qırxılmamışdan əvvəl heyvanları bu göldə çimizdirərdilər ki, yunu yuyulub təmizlənsin və qırxımdan sonra qız-gəlin yunu yumaq əziyyətinə qatlaşmasın. Bütün ətraf obalar heyvanlarını gətirib bu göldə yuduğu üçün də göl Yuat gölü adını alıb.
[1] Tayfa qolu, bir böyük nəsil