- Dil

Fe`li birləşmələr

Qəzənfər KAZIMOV, professor

Fe`li birləşmələrin əsas tərəfi ikili xüsusiyyətə malik olan fe`li sifət, fe`li bağlama və məsdərlə ifadə olunur; məsələn: elləri dolaşan, tarixi vərəqləyən, insanı düşündürən; şəhəri gəzdikcə, yaşıllığı seyr etdikcə, göylərə baxdıqca; tələbəni dinləmək, uşağı dindirmək, körpəni güldürmək və s.

Əsas tərəfi – tabe edən sözü fe`llərdən (fe`li sifət, fe`li bağlama və ya məsdərdən) ibarət olan birləşmələrə f e’l i b i r l ə ş m ə l ə r deyilir.

Fe`li birləşmələrin sadə şəkli iki müstəqil sözün birləşməsindən ibarət olur; məs.: teatra baxdıqca, mahnını dinlədikdə; ucadan oxuyan, həmişə işləyən; danışdıqca coşmaq, tez-tez danışmaq və s.

 Q e y d. Bu cür fe`li birləşmələrlə söhbət edəndə, qulaq asanda, parça-parça olmaq, pərt eləmək, diqqət eləyən və s. tipli mürəkkəb fe`llər arasında yaxınlıq vardır. Hər ikisi iki komponentdən ibarətdir; hər ikisində tərəflərdən biri ad, digəri fe`ldir. Lakin bunların mühüm fərqləri də vardır: fe`li birləşmələrin tərəfləri mə`na müstəqilliyinə malik olduğu, müstəqil suala cavab verdiyi halda, mürəkkəb fe`llərin tərəfləri birlikdə bir suala cavab verir, bir mə`na, bir məfhum ifadə edir, ona görə də çox zaman bu sonuncuların mə`nasını bir sözlə də ifadə etmək olur; məsələn: söhbət edəndə – danışanda, qulaq asanda – dinləyəndə, parça-parça olmaq – dağılmaq və s. Fe`li birləşmələr nitq prosesində sintaktik əlaqələrlə qurulur, mürəkkəb fe`llər isə dildə hazır şəkildədir və tərəfləri arasında sintaktik əlaqələr öz əhəmiyyətini itirmişdir.

 Sadə quruluşlu fe`li birləşmələrin asılı tərəfində qoşmalar da iştirak edə bilir; məsələn: quş kimi uçmaq, ilan kimi süründükcə, su kimi axan, qar kimi ağaran və s.

Mürəkkəb quruluşlu fe`li birləşmələr üç və daha çox müstəqil sözün birləşməsindən əmələ gəlir; məsələn: çiçəkləri evə gətirmək, gülləri güldana qoymaq, bayram günü dostunu təbrik etmək, qonaqları hörmətlə məclisə də`vət etmək və s.

Əsas tərəfin ifadə vasitələrinə görə fe`li birləşmələr üç qrupa ayrılır:

a) əsas tərəf f e ‘ l i s i f ə t d ə n ibarət olur: evə gedən, danışanı dinləyən, tarlada çalışan, işdən qayıdan və s.

b) əsas tərəf f e’ l i b a ğ l a m a d a n ibarət olur: teatra baxdıqca, məktubu oxuyanda, fabrikdə işləyəndə, məktublara baxmadan və s.

v) əsas tərəf m ə s d ə r d ə n ibarət olur: musiqini dinləmək, kitablara nəzər salmaq, çəməni seyr etmək, yaylaqda istirahət etmək və s.

Aid olduğu nitq hissəsinin – fe`lin bir sıra mühüm xüsusiyyətlərini (tə`sirlik, növ, inkarlıq və s. ) saxlamaqla yanaşı, fe`li sifətlərdə sifət, fe`li bağlamalarda zərf, məsdərlərdə isim xüsusiyyətləri də olur. Bu cəhətlərə əsasən fe`li sifətlər fe`lin a d y e k t i v, fe`li bağlamalar fe`lin adverbial, məsdərlər isə fe`lin s u b s t a n t i v forması hesab olunur. Ona görə də fe`li birləşmələr adyektiv, adverbial və substantiv olmaqla üç qrupa ayrılır. Adyektiv birləşmələr cümlədə tə`yin, adverbial birləşmələr zərflik, substantiv birləşmələr mübtəda və tamamlıq vəzifələrində işlənir; məsələn: O tayda quzu otaran çoban hələ heç yerdə eşitmədiyi bu təranəni ləzzətlə dinləməyə başladı. (Ş.Həsənoğlu) Saray gözlərini açdıqda əllərini qəmər atlı oğlanın əlində gördü. (Ş.Həsənoğlu) O sözləri Əjdərin şe`rlə yazmağına Sərvər qətiyyən təəccüblənmədi. (Ə.Əylisli) – cümlələrində əsas tərəfi fe`li sifətdən ibarət olan birləşmələr (o tayda quzu otaran, hələ heç yerdə eşitmədiyi) tə`yin, fe`li bağlamadan ibarət olan birləşmə (gözlərini açdıqda) zaman zərfliyi, məsdərdən ibarət olan birləşmə (o sözləri Əjdərin şe’rlə yazmağına) tamamlıq vəzifəsində işlənmişdir.

Mə’lumat üçün.Fe’li birləşmələrin əsas tərəfi fe’lin şəxssiz (qeyri-təsrif) formaları ilə – fe’li sifət, fe’li bağlama və məsdərlə ifadə olunduğu üçün bu cür birləşmələr “fe’li sifət birləşməsi”, “fe’li bağlama birləşməsi”, “məsdər birləşməsi” və ya “fe’li sifət tərkibi”, “fe’li bağlama tərkibi”, “məsdər tərkibi” adları altında öyrənilməkdədir. ”Fe’li birləşmə” və “tərkib” terminləri müəyyən qədər fərqli terminlər olsa da, çox zaman bunlar sinonim kimi işlədilir və fe’li birləşmələrin cümlə daxilində tərkib şəklində fəaliyyət göstərdiyi qeyd edilir (tərkiblər haqqında səh. -ə bax). “Tə’yini söz birləşmələri” terminindən fərqli olaraq, bu terminlər fe’li birləşmələri tam əhatə etdiyindən onların tədrisdə və elmi araşdırmalarda saxlanması faydalıdır.

Fe`li sifət, fe`li bağlama və məsdər birləşmələrinin asılı tərəfi müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Asılı tərəf adlardan, fe’llərdən, zərflərdən, ismi və fe’li birləşmələrdən ibarət olur.

Tərəflər arasında sintaktik əlaqə üsullarına görə fe’li birləşmələri üç qrupa ayırmaq olar:

1. Koordinativ fe’li birləşmələr. Bu qrupa daxil olan fe’li birləşmələrin asılı tərəfi adlıq halda olur və əsas tərəflə prosodik vasitələrin və söz sırasının köməyi ilə əlaqələnir. Fe’li birləşmələrin bu qrupu subyekt əlaqəli birləşmələri əhatə edir; məsələn: sən alan (kitab): biz deyən (məsələ); sən gələndə, yağış başlayanda; mən deməklə, sən görməklə və s.

2. Yanaşma əlaqəli fe’li birləşmələr. Bu qrupa daxil olan fe’li birləşmələrin asılı tərəfi qeyri-müəyyən tə’sirlik halda olan isim və isimləşmiş sözlərdən (kitab vərəqləmək, ulduz düzəltmək, yer qazanda, “ə’la” alan, qırmızı satan və s.), şəxssiz fe’llərdən (qaçanda yıxılan, uzananda dincələn, görüşəndə soruşmaq və s.) və bə’zi zərflərdən ibarət olur (tez-tez əsəbiləşən, asta addımlayan, cəld tullanaraq, indi soruşmaq və s.) Yanaşma əlaqəli fe’li birləşmələrin asılı tərəfi qoşmalı sözlərlə də ifadə olunur; qoşmalar isim və fe’llərə, söz birləşmələrinə qoşularaq onları fe’li sifət, fe’li bağlama və məsdərlə əlaqələndirir: daş kimi yatan, şir kimi vuruşduqca, ağaclara qədər getmək, evə sarı yollanmaq; danışan kimi əsəbiləşən, dağ havası kimi saflaşmaq, ali məktəbdə oxumaq üçün (şəhərə) gələndə və s.

3. İdarə əlaqəli fe’li birləşmələr. İsmin yönlük, tə’sirlik, yerlik və çıxışlıq hallarında olan adlar, fe’li sifətlər, məsdərlər və bə’zi zərflər fe’li sifət, fe’li bağlama və məsdərlərlə əlaqələnərək idarə əlaqəli fe’li birləşmələr əmələ gətirir; məsələn: dağlara qalxanda, qırmızını xoşlayan, dərədə otlayan, meşədən qayıdan, oxumağa getmək, dərs deməyi arzulamaq, çalışanları mükafatlandırmaq, danışanları dinləmək, irəliyə baxmaq, geriyə dönmək və s.

Fe’li birləşmələri asılı tərəfə görə də bir neçə qrupa ayırmaq olar:

a) asılı tərəf a d l a r d a n ibarət olur: həyəti təmizləmək, yaxşıya yaxşı demək, xeyli danışmaq, onu axtarmaq, evə gələndə, yollara baxanda, mənə qulaq asan, bizi qarşılayan və s.

Fe`llər adları yönlük, tə`sirlik, yerlik və çıxışlıq hallarında tələb etməklə yanaşı, adlıq halla da əlaqələnir. Bu cəhətdən fe`li birləşmələr aşağıdakı növlərə ayrılır:

Adlıq hallı fe`li birləşmələr. Birləşmənin tərkibində adlıq halda söz olduqda subyekt əlaqəsi yaranmış olur. Bir sıra dilçilər subyekt əlaqəsinə ona görə daha ciddi yanaşırlar ki, subyekt bildirən sözü birləşmənin mübtədası saymaqla fe`li birləşməni budaq cümlə hesab edirlər; məs.: sən gələndə (mən yatmışdım), onlar işlədikcə, biz oxuyan (kitab), ot bitməyən (çöllər), Əhməd danışmaqla, biz зalışmaqla (nə olacaq?) və s. -ıb,-ib, ub,-üb və -araq,-ərək şəkilçili fe’li bağlamalardan başqa, bütün fe’li bağlama şəkilçiləri subyekt əlaqəli birləşmələr əmələ gətirə bilir. Subyekt əlaqəsi həm tə’sirli, həm də tə’sirsiz fe’llərlə əmələ gəlir.

Yönlük hallı fe`li birləşmələr. Fe`li sifət, fe`li bağlama və məsdərlər adları yönlük halda tələb etməklə obyekt və relyativ əlaqəli birləşmələrin yaranmasına səbəb olur. Obyekt əlaqəsi: sənə dedikcə, bizə müraciət edəndə, Əhmədə qulaq asan, atasına güvənən; relyativ əlaqə: evə gedəndə, sizə gələndə, şəhərə qayıtmaq, tarlaya çıxan və s.

 Q e y d. Obyekt əlaqəsi daha çox tə’sirlik hallı fe’li birləşmələrə aiddir: “Bu birləşmələrdə hərəkət obyekti bütünlüklə əhatə edir. Yönlük hallı fe’li birləşmələrdə isə (eləcə də yerlik və çıxışlıq hallı birləşmələrdə – Q. K. ) hərəkət obyekti əhatə edə bilmir; burada sadəcə olaraq, obyektə doğru meyl, istiqamət ifadə olunur. Birləşmələrin birinci tərəfinin ifadə etdiyi məkan sahəsi kiçildikcə, onun əhatəsi daraldıqca məkan mə’nasından obyektə doğru meyl əmələ gəlir və bu, nəhayət, məkan çalarına malik olan obyektə çevrilir; məsələn: kitabda yazılan, elmdə yüksələn, işdə fərqlənən və s”.58

 Tə`sirlik hallı fe`li birləşmələr. Tə`sirlik halda olan sözlər (və birləşmələr) fe`li sifət, fe`li bağlama və məsdərlərin tələbi ilə işlənərək müstəqim obyekt kimi çıxış edir; məs.: məktubu oxuyan, sizi dinləyən, Əsməri soruşanda, uşağı səsləyəndə, yeri şumlamaq, kitabı oxumaq və s. Tə’sirlik hallı fe’li birləşmələrin əsas tərəfi tə’sirli fe’llərdən ibarət olur. Az hallarda əsas tərəf tə’sirsiz fe’llərlə də ifadə oluna bilir; məs.:yolu getmək, küçəni keçmək, ölünü ağlamaq, dağı dolanmaq və s.

Azərbaycan dilində bir sıra fe’llər bə’zi sözləri həm tə’sirlik, həm də yönlük halda tələb edə bilir; məsələn: dərsi başlamaq – dərsə başlamaq, dağı qalxmaq – dağa qalxmaq, atı minmək – ata minmək, işi başlamaq – işə başlamaq, danışmağı başlamaq – danışmağa başlamaq və s. Bu cür birləşmələrin tə’sirlik hal formasının tədricən geriləməkdə olduğu hiss olunur.

Yerlik hallı fe`li birləşmələr. Fe`li sifət, fe`li bağlama və məsdərlər yerlik halda olan sözlərlə əlaqələnərək, obyekt və relyativ əlaqəli birləşmələr yaradır. Obyekt əlaqəsi: ağacda gedən (çürümə), Əhəddə bildiyim (cəhət), məndə yaşayan (duyğular), dildə təzahür tapan (fikirlər); relyativ əlaqə: məktəbdə oxuyan, dənizdə üzdükcə, sahədə çalışmaq, evdə işləmək və s.

Çıxışlıq hallı fe`li birləşmələr. Fe`li sifət, fe`li bağlama və məsdərlər çıxışlıq halda sözlər tələb etməklə də obyekt və relyativ əlaqəli birləşmələr yaradır. Obyekt əlaqəsi: ağacdan düzəldilmiş, məndən soruşan, kərpicdən tikilmiş; relyativ əlaqə: evdən gələn, mərkəzdən qayıdanda, səhradan keçəndə və s.

Çıxışlıq hallı fe’li birləşmələrlə yerlik hallı birləşmələr arasında yaxınlıq vardır. Ona görə də bə’zən eyni mə’nanın ifadəsi üçün hər iki formadan (yerlik və ya çıxışlıq halından) istifadə etmək olur; məsələn: dərədə axan (çay) – dərədən axan (çay), çayda (balıq) tutmaq – çaydan (balıq) tutmaq, döşündə (gül) dərdiyimiz (yamaclar) – döşündən (gül) dərdiyimiz (yamaclar) və s.59

Yönlük. yerlik və çıxışlıq hallı fe’li birləşmələrin əsas tərəfi həm tə’sirli. həm də tə’sirsiz fe’llərlə ifadə olunur.

 Q e y d. Məsdərlər isim xüsusiyyətinə malik olduğu, fe`li sifətlər isə isimləşdiyi üçün mənsubiyyət şəkilçisi qəbul edir və ismin yiyəlik halı ilə əlaqələnərək ismi birləşmələr əmələ gətirir: tələbənin oxumağı, tələbənin oxuyanı, işin düzəlməyi, işin düzələni və s.

 b) asılı tərəf f e` l l ə r d ə n (fe’li sifət, fe’li bağlama və məsdərdən) ibarət olur: danışanda dinləmək, qaçanda yıxılan, oxumağa sə`y etdikcə və s. Fe’li bağlamalar aid olduğu fe’llə yalnız yanaşma əlaqəsində olur; məsələn: ayrılanda xudahafizləşmək, rastlaşarkən salamlaşmaq, gülə-gülə danışan, (məktubu) oxuya-oxuya şadlanan, (yerindən) durmadan cavab vermək və s. Məsdərlər fe’llərlə yanaşma və idarə əlaqələrində olur; məsələn: yatmaq istəyən: işləmək istəməyən, oxumağa gedən, kənddən (məktub) alan və s. Fe’li sifətlər isimləşərək əksərən idarə, bə’zən koordinasiya yolu ilə fe’llərlə əlaqələnir; məsələn: deyilənə baxmaq, yazılana əməl etmək, lazım olanları hazırlamaq; oxuyan alqışlananda: işləyən mükafatlandırılanda və s.

v) asılı tərəf z ə r f l ə r d ə n ibarət olur; zərflərin əksəriyyəti fe’li sifət, fe’li bağlama və məsdərlə yanaşma əlaqəsində olur: tez-tez danışan, asta-asta cavab verən, birdən ayağa duranda, indi getmək, xeyli gözləmək və s.; bir qismi idarə əlaqəsi ilə bağlanır: irəliyə gedən, geriyə baxanda, yuxarıdan səsləyən və s.

q) asılı tərəf q o ş m a l ı sözlərdən və birləşmələrdən ibarət olur; məsələn: at kimi qaçan, pişik kimi dırmanmaq, dincəlmək üçün oturanda, kitab vərəqi kimi açılan, qılınc tiyəsi kimi parıldamaq və s. Misallardan göründüyü kimi, qoşma ilə onun qoşulduğu söz birləşmənin asılı tərəfini, fe’li sifət, fe’li bağlama və məsdər əsas tərəfi təşkil edir.

Qoşmaların iştirakı ilə yaranan fe’li birləşmələrlə eyni sözlərin qoşmasız birləşməsində mə’na fərqi olur. Məsələn: evə getmək – evə tərəf getmək, dağa baxmaq – dağa sarı baxmaq, söz danışmaq – söz haqda danışmaq, qapı düzəltmək – qapı üçün (açar) düzəltmək, maşın aparmaq – maşınla aparmaq və s.

Qoşmalar adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə və birləşmələrə qoşulur: yel kimi getmək, ev üçün darıxmaq, səninlə işləyən, sizin kimi düşünən, onun barəsində söhbət salan, səhərə qədər yatmayan, axşama kimi çalışan, məndən əvvəl çıxış edən, sizdən ötrü əlləşən və s. Qoşmaların qrammatik semantikasından asılı olaraq birləşmələrin də mə’nasında fərq əmələ gəlir; məs.: maşın kimi getmək, maşın ilə getmək, maşın üçün getmək. Tərəflər arasında mə’na əlaqələri qoşmanın qoşulduğu sözün mə’nasından da asılıdır: evə qədər getmək – səhərə qədər getmək, səhərəcən yüyürmək – şəhərəcən yüyürmək. Qoşmanın qoşulduğu sözün müxtəlif hallarda işlənməsi də mə’na fərqinə səbəb olur: maşın kimi getmək – maşına kimi getmək, dağ qədər ucalmaq – dağa qədər ucalmaq. Sinonim qoşmalar birləşmələrin tərəfləri arasında eyni mə’na əlaqəsi yaradır: meşəyə qədər qaçmaq – meşəyə kimi qaçmaq – meşəyəcən qaçmaq, onun barəsində danışmaq – onun haqqında danışmaq.

ğ) asılı tərəf ismi və ya fe`li birləşmələrdən ibarət olur: kitabın cildini hazırlamaq, qapının cəftəsini keçirmək, məqalənin ardını yazanda; evə gələndə soruşmaq, qapıya çatanda dayanmaq, məktub alanda sevinən və s.

Fe’li birləşmələrin tərəfləri arasında mə’na əlaqələri daha zəngindir. İsmi birləşmələrdə atributiv əlaqə əsasdırsa, fe’li birləşmələr subyekt əlaqəsi, obyekt əlaqəsi və relyativ əlaqələr əsasında qurulur.

Subyekt əlaqəsi yalnız fe’li birləşmələrə aiddir. Asılı tərəf adlıq halda isim (isimləşmiş sözlər) və əvəzliklərlə, əsas tərəf fe`li sifət, fe`li bağlama və məsdərlə ifadə olunur; məs: sən gələndə, biz oxuyan (vaxt), dərs qurtaranda, sən başlayan (iş), biz getməklə (düzəlməz), mən danışmaqla (qurtarmaz), “ə’la” alınanda, qırmızılar (satılıb) qurtaranda və s. Bu cür birləşmələrdə hərəkətlə onun subyekti arasındakı əlaqə və münasibət ifadə olunur. Tərəflər arasında sintaktik əlaqə hazırkı tabelilik əlaqələri əsasında izah edilə bilmir. Adlıq halda subyekt bildirən sözlər mübtəda hesab edilmədiyindən fe`li birləşmə budaq cümlə sayılmır. Bunun əsas səbəbi fe`li sifət, fe`li bağlama və məsdərin şəxslər üzrə dəyişməməsi, təsriflənməməsidir. Bu cür birləşmələrdə hərəkətlə subyekt arasındakı əlaqə analitik yolla, söz sırası və intonasiya ilə tənzimlənir.

Subyekt əlaqəli birləşmələr cümlənin bir mürəkkəb üzvü olur; məs.: Körpə güldü. Həsrət qonan gözlərindən uçdu qəm (Ə. Cəmil)-cümlələrindən ikincisində həsrət qonan birləşməsi tamamlığın tə’yinidir.

Fe’li birləşmələrdə obyekt əlaqəsi özünü daha güclü göstərir. “Obyekt” dedikdə, həm fe’llərlə birbaşa – bilavasitə əlaqələnən, tə`sirlik halda olub, tə’sirli fe’llə bağlanan, həm də fe’llərlə zəif əlaqələnən (yönlük, yerlik və çıxışlıq hallarında olan, qoşmaların iştirakı ilə əlaqəyə girən) sözlər nəzərdə tutulur. Birləşmənin əsas tərəfi fe’li sifət, fe’li bağlama və ya məsdərdən ibarət olur; məs.: torpağı belləmək, pəncərəni açmaq, uşağı başa salmaq, səndən soruşmaq, mənə danışmaq, qələmlə yazmaq, bıçaqla kəsmək və s. Obyekt əlaqəli birləşmələr cümlənin mürəkkəb üzvü olur; məs.: Suallara cavab vermək sizin borcunuzdur.

Zərfi (relyativ) əlaqə də özünü geniş şəkildə fe’li birləşmələrdə göstərir. Əsas tərəfi fe’li sifət, fe’li bağlama və məsdərdən ibarət olan bu birləşmələrdə fe’llər müxtəlif cəhətdən səciyyələndirilir. Ona görə relyativ əlaqəli fe’li birləşmələrin özlərini də bir neçə qrupa ayırmaq lazım gəlir:

a) asılı tərəf əsas tərəfi zamanca izah edir: səhərəcən gözləmək, bayaqdan dinləmək, əvvəldən soruşmaq, indi işləyən, axşamdan yatan və s.

b) asılı tərəf əsas tərəflə ifadə olunan hərəkətin tərzini bildirir: tez-tez dillənən, asta yeriyən, ucadan danışan, sür`ətlə qaçanda, dalbadal çıxış edən və s.

v) asılı tərəf əsas tərəflə ifadə olunan işi məkanca izah edir: kənddə işləyən, tarlada çalışan, şəhərdən gələndə, evdən çıxanda və s.

q) asılı tərəf əsas tərəflə ifadə olunan hərəkətin səbəbini bildirir: qorxudan əsmək, yorğunluqdan göz aça bilməmək, sevincindən ağlamaq, gülməkdən ölmək və s.

ğ) asılı tərəf əsas tərəflə ifadə olunan hərəkətin məqsədini bildirir: oxumağa getmək, dincəlmək üçün oturmaq, yaşamaq üçün çalışmaq, qorunmaq üçün vuruşmaq və s.

d) asılı tərəf əsas tərəflə ifadə olunan hərəkəti kəmiyyətcə izah edir: xeyli oturmaq, bir qədər dincəlmək, birə-beş artırmaq, on dəfə təkrar etmək və s.

e) asılı tərəf əsas tərəflə ifadə olunan işin, hərəkətin dərəcəsini bildirir: son dərəcə şad olmaq, artıq dərəcədə kədərlənmək, olduqca xoşhal olmaq və s.

Q e y d.Dərəcə bildirən sözlər sifət və zərflərə də aid olur; məs.: son dərəcə gözəl (insan) hədsiz dərəcədə çirkin (əməllər), yüksək dərəcədə sür’ətlə (qaçan) və s.

ə) asılı tərəf əsas tərəflə ifadə olunan işin, hərəkətin şərtini bildirir: bu şərtlə işləmək, o şərtlə (oyuna) başlamaq, həmin şərtlə (kağıza) qol qoymaq və s.

Obyekt əlaqəsində olduğu kimi, relyativ əlaqədə də asılı tərəf əsas tərəfə yanaşma və idarə üsulları ilə tabe olur.