FİFA bəzi ölkələrin hökumətlərinə Əfqanıstandan bir sıra qadın futbolçuların təcili təxliyyəsi ilə bağlı məktub göndərib.
Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.
Məlumata görə, qadın futbolçular ölkədə hakimiyyət dəyişikliyindən sonra öz həyatları üçün təhlükədən ehtiyat edirlər. FİFA-da bildiriblər ki, Əfqanıstanda vəziyyət əvvəlki kimi qeyri-sabit və son dərəcə gərgin olaraq qalır.
Xatırladaq ki, radikal hərəkatın döyüşçüləri avqustun 15-də Kabilə daxil olaraq, Əfqanıstanda “müharibənin başa çatdığını”, ölkənin “azad olduğunu” bildiriblər. Hərəkatın nümayəndələri qeyd ediblər ki, tezliklə İslam əmirliyinin yaradılmasını elan edəcəklər. “Taliban” həmçinin xarici qoşunların ölkədən çıxarılmasını tələb edib.
Budan əvvəl Əfqanıstanın futbol üzrə qadın yığmasının kapitanı olmuş Xalidə Popal ölkədə hakimiyyətin dəyişməsindən sonra qadınların üzləşdiyi dəhşətlərdən danışıb.