Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti dünyaca məşhur Mariinski Teatrında nümayiş olunacaq.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, baleti Mariinski Teatrında səfərdə olan teatrın Primorski səhnəsinin balet truppası təqdim edəcək.
Mariinski Teatrının Primorsk səhnəsinin baş baletmeysteri, Rusiyanın Əməkdar incəsənət xadimi, həmyerlimiz Eldar Əliyev jurnalistlərə deyib ki, Mariinski Teatrı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan bu görkəmli bəstəkarın yubileyinə öz tamaşalarını həsr edən ilk sənət ocağıdır. O əlavə edib ki, yanvarın 23-də nümayiş olunacaq tamaşada Azərbaycandan gələn nümayəndə heyətinin də iştirakı gözlənilir.
Yubiley çərçivəsində Bakıdan dəvət olunmuş Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin dirijorluğu ilə 3 tamaşa nümayiş olunacaq. Vladivostoklu solistlərə Sankt-Peterburqdan olan gənc həmkarları Renata Şakirova, Yekaterina Çebikina və Nikita Korneyev də qoşulacaq.