Bu gün Azərbaycanın dahi bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasından 99 il ötür.
“Report” xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri və ailə üzvləri I Fəxri xiyabanda görkəmli bəstəkarın məzarını ziyarət edib, abidəsi üstünə tər güllər düzüblər.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, F.Əmirovun yaradıcılığı Azərbaycan muğamıdır: “Onun yaratdığı bütün simfoniyalarda azərbaycançılıq var. İstərdim ki, hər zaman özümüzü onun varisləri hiss edək. Özümüzü onun baxışına və fikirlərinə uyğun tərbiyə edək. Mədəniyyətimizi yaşatmaq üçün Fikrət Əmirova dəyər verməliyik. Biz nəinki ənənəvi muğama sahibik, eyni zamanda onun sintezini yaradan sənətkarlara malikik. Elə etməliyik ki, Fikrət Əmirov məktəbi davam etsin”.
Mərhumun qızı Sevil Əmirova tədbir iştirakçılarına təşəkkür edib: “Fikrət Əmirova və onun yaradıcılığına göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm”.