- Cəmiyyət, Manşet

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin rüblük  hesabatı

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi rüblük (aprel, may, iyun) hesabatını açıqlayıb. Hesabatda deyilir:

“Mərkəz əsasən, Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi, yeni orfoqrafiya və orfoepiya normaları, yeni Orfoqrafiya lüğətli, reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi hallarını aşkar etmək üzrə monitorinqlərini aprel,  may, iyun  aylarında da davam etdirib. Bu aylar ərzində diqqət daha çox Bakı şəhərinin reklam və müəssisə adlarının əcnəbicə yazılmasına və yeni  nəşr olunmuş orfoqrafiya  lüğətindəki və yeni təsdiq olunmuş orfoepiya normalarındakı nöqsanlara yönəldilib. Aprel – iyun ayları ərzində reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması ilə əlaqədar  FADMM-in təşəbbüsü və rəhbərliyi ilə ziyalılar iki dəfə  Prezident Administrasiyasına müraciət ediblər.

Bir dəfə aprel ayının 14-də Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, iyun ayının 1-də isə Prezident Administrasiyasının rəhbərinə müraciət olunub. Bu ilin fevral ayında  ziyalılar Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevadan Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməyi xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilsə də, yaradılan komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər.

Aprel ayının 23-də «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi» İctimai Birliyinin dövlət dilinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, bu sahədə mövqeyini və mövcud çatışmazlıqlarla bağlı narahatlığını təqdirəlayiq hesab edirik», —  deyə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri Aydın İbadovdan müraciətə cavab gəlib.

İyun ayının 1-də isə ziyalılar məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbərinə müraciət ediblər. Bunun nəticəsi olaraq iyunun 24-də Bakı Şəhəri Reklam İdarəsində (BŞRİ) paytaxtın əcnəbi dillər tərəfindən “işğalı”na etiraz edən ziyalıların nümayəndələri ilə BŞRİ rəhbərliyinin təşəbbüsü ilə görüş keçirilib. Yaradılan komissiyanın sədri, Bakı Şəhəri Reklam İdarəsinin rəis müavini Mehdi Ağayev görülən işlər barədə hesabat vermək istədiklərini bildirib. Görüşdə Bakı Dövlət Universitetinin professoru Aida Qasımova və Mərkəzin sədri Vasif Sadıqlı iştirak edib.

Mərkəzin sədrinin sözlərinə görə, müraciətdəki qaldırılan məsələlərlə bağlı yaradılan komissiyanın sədri Mehdi Ağayev Bakıda reklam və lövhələrdə dövlət dilindən istifadə ilə bağlı mövcud mənzərədən narahat olduqlarını və fəaliyyətlərini FADMM-lə koordinasiya etmək istədiklərini bildirib, təkliflər gözlədiyini deyib.FADMM bununla əlaqədar  hələlik üç təklif təqdim edib.

Bəzən fikir ayrılıqlarının da olduğunu bildirən V.Sadıqlı görüşün ümidverici notlarla bitdiyini deyib: “Görüşün sonunda M.Ağayev yaxın günlərdə BŞRİ-nin fəaliyyətinin intensivləşəcəyini və bunun nəticələrini hər kəsin görəcəyini deyib.

Onu da qeyd edək ki, bir ildən çoxdur, yüzlərlə ziyalı paytaxtın əcnəbi dillərin “işğalı”ndan azad edilməsi tələbi ilə müxtəlif qurumlara müraciət edibsə də,  hələlik nəzərəçarpan nəticə əldə edilməyib. Lakin bunun olacağına ümid edirik.

Bundan əlavə, problemin ictimailəşdirilməsi üçün Mərkəzin əməkdaşları rüb ərzində tanınmış ziyalılardan müsahibə götürərək müxtəlif saytlarda dərc etdirmiş və sosial şəbəkələrdə yaymışlar: Aprel ayında  Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı: «Ana dilini bilmədən bu torpağı duymaq və sevmək hər adamın işi deyil»

(Sima Cəfərova), Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva: «Özünə hörmət qoymayana başqaları da hörmət qoymaz» adlı müsahibəni isə Gülyaz Əliyeva təqdim edib. Həmçinin, Mərkəzin sədri Vasif Sadıqlının «Reklam Agentliyi, Frina və kazuistika», Mərkəzin üzvü Sima Cəfərovanın: “Söz kamillikdir» adlı yazıları, may ayında Mərkəzin sədri Vasif Sadıqlınin: “Hörmətli Fərəh xanımın məktubu ADRA-ya göndərməsi və Agentlik təmsilçisinin təkəbbürlü “izahına” dair”, “ADRA-ya cavab”, “Apostrof-əl Ərəbi…”, “Yeni orfoqrafiya normalarına və orfoqrafiya lüğətinin 7-ci nəşrinə ötəri baxış” və “Dekameron”dakı süjet və ya şeytanın bir deputata vəsvəsə verməsi”, Mərkəzin əməkdaşı Gülyaz Əliyeva: “Aaa, nədən ziyalılar şikayətçidilər? və ya: “əmiləy, ay əmiləy, bəlkə…”, “Qələmin – klaviaturanın müqəddəs vəzifəsi”, professor Fəxrəddin Veysəlli: “Dilimizin təmizliyini qoruyaq” yazılarını  yazmış, iyun ayında: Vasif Sadıqlı:nın “Ziyalılar bu dəfə Prezident Administrasiyasının rəhbərinə müraciət etdilər: “Dövlət dilinə qarşı hörmətsizliyə son”, “Kim Bilir: “Qəminist Xoxanverdinin xatirəsinə…”, “Kim bilir: “O gerizəkalı ölən kimi çıxaracaqlar…”, “Kim bilir: “İki göz hambalın nəyinı lazımdır?…”, “Kim bilir: ” Bir də görürsən bir söz o birinə deyir: “A bajın ölsün…”

“Ey yari-bivəfa Dövlət Reklam Agentliyi”

“Öküzlər vegeterianlara hücum etmir?”

“Özünə hörmət edənlərin Batumisi, etməyənlərin Bakısı və Gəncəsi”

“Təkliflərimizi yazdıq, vəd verdilər…”

“Orfoqrafiya lüğətinin 7-ci nəşrinə ikinci ötəri baxış” yazıları elektron mətbuatda: “ilkxəbər. org”, “dəlidağ”, “təzadlar”, “türküstan”, “musavat.com”, “turaz.az”,” iklim.az” rupor.az”, “moderator.az,” “kulis.az “,  «kamilinfo.net” saytlarında dərc edilib və və sosial şəbəkələrdə yayılıb.

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin mətbuat xidməti