- Köşə

Firidun AĞAZADƏ. “Məhəmməd” adının mənası


(Məmməd Arazın təvəllüd gününə kiçik bir esse)

 Tərifdən qorxuram, qorxuram yaman…

…Tərifin şirindil müsahib kimi

Yolçunu yolundan saxlamağı var… – desə də, anadan olanda adını “Tərifəlayiq” qoyublar.

Bir mənbə deyir ki, “Məhəmməd” adı Quranda dörd dəfə keçir və “tərifli, tərifə layiq, seçilmiş” mənasına gəlir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının dediyinə görə isə, Azərbaycanda “Mamed” və “Məmməd” adlarının vahid forması kimi “Məhəmməd” adı müəyyən olunub. Deməli, Məhəmməd Araz.

Buradaca statistikaya diqqəti çəkməklə bir haşiyə eləyim.

Böyük Britaniyanın Milli Statistika Xidmətinin məlumatına görə, İngiltərədə və Uelsdə yeni doğulan uşaqlara ən çox “Məhəmməd” adı qoyurlar. Bu ad hətta ən çox qoyulan ənənəvi Cek və Harri kimi məşhur adları belə üstələyib. 2020-ci ildə İngiltərə və Uelsdə körpələrə verilən adlar siyahısında “Məhəmməd” adı ilk onluğa düşüb, bu ad siyahıda 8-ci yeri tutub.

Bir mənbə də deyir ki, Böyük Britaniyanın “İndependent” nəşrinə istinadən, hazırda planetdə 150 milyon oğlan uşağı və kişi “Məhəmməd” adını daşıyır.

Müsəlman kişi adı olan “Məhəmməd” Avstriyanın paytaxtı Vyanada da yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub.

2020-ci ildə Əhməd Kadırov adına Çeçen İctimai Fondu “Məhəmməd” adlı uşaqlar üçün xüsusi vəsait ayırmaq qərarına gəlib. Uşağına belə ad qoyan valideynlərə 100 min rubl (təxminən 1400 dollar) veriləcək.

İndi dünyada  populyar olan bu ad, nəhayət, ABŞ-da da uşaqlar arasında ən çox yayılmış adlardan birinə çevrilib. 2019-cu ildə  Məhəmməd adı ABŞ-da yeni dünyaya gələn oğlanlara ən çox qoyulan adlar siyahısında ilk onluğa daxil olub. ABŞ-ın “BabyCenter” saytı yazır ki, İslam Peyğəmbərinin(s) adı oğlanlar üçün ən populyar 10 ad arasında qiymətləndirilib.

Mənbə onu da deyir ki, ötən il Belçikada yeni doğulan körpələrə ən çox “Məhəmməd” adı verilib – 718 dəfə.

Və nəhayət, nə qədər ciddi səslənir, deyə bilmərəm, amma Əfqanıstanın yeni hökumətinə də Molla Məhəmməd (Baş Nazir) başçılıq edəcək (2021).

***

İki il qabaq FB-da yazdığım bir statusla fikrimi  tamamlamaq istəyirəm.

Sözün əsli ərəbcə “Muhamməd”dir. “Tərif edilən, çox xoşa gələn, bəyənilmiş” deməkdir. Azərbaycan türkləri bunu “Məmməd” biçiminə salıb. Demək, SƏN belə imişsən, MƏMMƏD ARAZ! Tərif edilən! Xoşa gələn! “Bəyənilmiş”, yəni, “Seçilmiş”! “Seçilmiş olmaq asandırmı?” (İradə Tuncayın “Seçilmiş” essesindən).

Bizim düşüncəmizdə “Məhəmməd (Məmməd) adı “Seçilmiş” addır, “Bəyənilmiş” addır. Tarixə kiçik bir sorğu verdim: bütün Məhəmmədlər “Seçilmişlər”, “Bəyənilmiş”lərdir. Bir baxın:

Məhəmməd Peyğəmbər (s)

Məhəmməd Füzuli

Sultan Məhəmməd

Məhəmməd Hadi

Məhəmməd Hüseyn Şəhriyar

Məhəmməd Naxçıvani

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Xiyabanı

Ağa Məhəmməd şah Qacar

Keçəçioğlu Məhəmməd

Məmməd Arif (Məhəmməd Arif)

Məmməd Səid Ordubadi (Məhəmməd Səid Ordubadi)

Məmməd Cəfər (Məhəmməd Cəfər)

Məmməd Aslan (Məhəmməd Aslan)

Məmməd İsmayıl (Məhəmməd İsmayıl)…

Tez-tez məğrur şairimiz Məmməd Arazın məzarını ziyarət edirik. Bu il də gedəcəyik. “Məhəmməd” adını, yəqin ki, “Bəyənilmiş”lər, “Seçilmiş”lər daşıya bilərdi. Necə ki, Məmməd Araz daşıdı. Odur ki,

“Haqqı var yaşamağa” –
Bütün Məhəmmədlərin
Adaşı Məhəmməd Araz.
Gələcəkdə doğulan
Bütün Məhəmmədlərin
Yaşıdı Məhəmməd Araz!