On-on beş il qabaq bir xəbər agentliyi üçün İngiltərənin “Zaman” qəzetindən tez-tez məqalələr tərcümə edirdim. Məqalələrin birində dünyanı İslamın xilas edəcəyi haqqında fikirlər yer alırdı. Bu qeydlər qeyd dəftərcəmdə o vaxtdan qalıb. Bu gün də aktualdır deyə sayta təqdim edirəm.
Bir əxlaq ki, insanlar arasında haqq və ədalətin, qonşuluq və qardaşlığın, hörmət və mərifətin rəhnidir, o əxlaq məktəbi şan və şöhrətə, güc və qüdrətə çatacaq, yer üzündə insanlığı şərəfləndirəcəkdir. Bütün insanlığın əxlaqı ola biləcək belə bir əxlaq, axirətlə bu dünyanın körpüsü ola biləcək belə bir təlim İslam dini, İslam əxlaq və fəlsəfəsidir.
“Zaman” qəzetinin yazdığına görə İslam dininin bu güclü cəhətlərini nəzərə alan Böyük Britaniya krallığının vəliəhdi şahzadə Çarlz Londonda keçirilən bir konfransda belə bir fikri xüsusilə vurğulamışdır ki, müasir dünyada vəziyyəti normallaşdırmaq üçün güclü şəxsiyyətlər tələb olunur. “Belə şəxsiyyətlərə isə güclü maddi və mənəvi (oxu: əxlaqi) qaynaqları olan müsəlman ölkələrində rast gəlmək olar”.
Bəli, mister Qərb, naqis əxlaqla ləyaqətli qələbə qazanmaq olmaz. Güclü şəxsiyyət güclü əxlaq zəminində yetişir. İslam əxlaqına, İslam ruhuna meyl və maraq göstərən siyasi xadimləri başa düşmək olar. Cəmiyyətdəki saysız-hesabsız problemlərdən çaş-baş qalan Qərb dövlət rəhbərləri, ictimai-siyasi xadimlər, xristian dini mübəlliğləri Quranın elmi tədqiqinin vacibliyindən, Quranın ədəbi və tarixi xüsusiyyətlərinin araşdırılmasından, İslam əxlaqından faydalanmaqdan ağız dolusu danışırlar.
“Zaman” qəzeti İngiltərə mətbuatında İslamın öyrənilməsinin vacibliyindən bəhs edən bir sıra məqalələrin dərc olunduğunu bildirir.
Bəli, nicat İslamdadır!