(İkinci yazı)
44 günlük Vətən Müharibəsindəki qələbəmizi təmin edən Azərbaycan Ruhu, bu Ruhu silaha sarılmağa çağıran Ali Baş Komandanın dəmir iradəsi (“Dəmir yumruq”) münəvvər düşüncələrə qanad verir. Qələbəmizi qiyas etməyə hünər və cəsarət axtaranda çeçenlərin qəzavatı yada düşür.
Çeçenlərin mücahid ruhu, rəşadəti haqqında çox deyilib, çeçen fenomeni barədə də az yazılmayıb. Çeçenistanın azadlıq, müstəqillik uğrunda mübarizəsində bu RUH heç vaxt yenilməyib. Mənbə deyir ki, “1995-ci ilin fevralında Qroznını ələ keçirən rus hərbçiləri qarşılarında məşhur çeçen müğənnisi, gitarası ilə vətənpərvərlik nəğmələri oxuyan İmam Alimsultanovu görürlər. Əlində gitara hərbçilərin qarşısına çıxan müğənni deyir: “Mən də çeçenəm. Məni də öldürün. Siz, axı, bizi öldürməyə gəlmisiniz. Amma heç olmasa deyin, nəyə görə? Neçə vaxt qardaş kimi yaşayıb, oxuyub, vuruşub, son tikəni də aramızda bölüşmüşük. İndi isə kiminsə əmri ilə bir-birimizi öldürürük”.
Odur ki, heç bir lirik ricətə uymadan məlum bir fikri bir qədər başqa şəkildə təkrar etməkdən vaz keçə bilmirəm: “Çeçen – qürurla səslənir bu söz!” Və keçənlərdə bu mövzuda yazdığım bir yazını oxucularımıza təqdim edirəm.
Bugünkü Rusiyanın hoqqalarını gördükcə on illərlə xalqlar dostluğundan dəm vura-vura necə riyakar bir yaşayışa məhkum olunduğumuzu bir daha başa düşürük. Çarizm olsun ya bugünkü Rusiya – özünün sümükləşmiş, qart milli müstəmləkə siyasətindən əl çəkmək istəmir. Dünənki yermolovlar, vorontsovlar bugünkü yazovlar, qraçovlardır. “Tatarlar üçün mədəniləşdirici rol oynayan” (Engels) Rusiyanın zaman-zaman yalnız bir devizi olub: mən nə qədər istəyirəm, sən o qədər mədəni ol, mən nə qədər istəyirəm, sən o qədər savadlı ol, mən nə qədər istəyirəm, sənə o qədər azadlıq və demokratiya verirəm. Özüm istəyən qədər! Artıq olmaz!
Hələ görək “Sənə azadlıq və demokratiya verirəm” sözləri nə deməkdir. Hürr və azad yaşamaq Allah-Taalanın insan övladına verdiyi ən ilkin hüquqdur. Sən güclüsən deyə mənim hüququmu əlimdən alırsan, sonra da onu “zərrə-zərrə, qram-qram” mənə qaytarırsan – hər dəfə də qanımı tökərək?!
Sən güclüsən, fəqət haqlı deyilsən, ey Rusiya!
Amma çeçenlər haqlıdır!
Həm də güclüdür çeçenlər!
Bu gün yenidən imperiya maraqları Dağıstan aullarında daşa çırpılan rus mürtəce siyasətini yüz əlli il bundan əvvəl qırmanclayan Lev Tolstoy buna şəhadət verir. Hərçənd yazıçının “Hacı Murad” povestini oxuduqca adama elə gəlir ki, Lev Nikolayeviç bu əsəri yazmaqla, deyəsən, tövbə edir, günahını yuyur. Məlumdur ki, Lev Tolstoy rus ordusunda artilleriya ştabs-kapitanı olub və bir çox yürüşlərdə iştirak edib. Olsun ki, Krımda ya haradasa müsəlman qanı töküb…
Haman Lev Tolstoyun şəhadətinə görə, bu qart, qanlı irticanın yüz əlli il əvvəlki icraçılarından biri, Tiflisdə oturan Qafqaz canişini M.S. Vorontsov 1852-ci ilin dekabrında Peterburqa, hərbiyyə naziri Çernışova yazırdı: “… Zati-aliləri!.. Şuşa qəzasının (taleyin Şuşa ilə çoxmu qəzası, qovğası olacaq hələ?) rəisi podpolkovnik knyaz Tarxanov bu günlərdə yanımdaydı. O deyirdi ki, Hacı Murad heç vaxt Şamilin yanına qayıtmaz (Hacı Murad Şamilin qan düşməni idi. – F.A.). Çünki yaxşı bilir ki, imam onu bağışlamaz… Amma bizi təşvişə salan yeganə bir şey varsa o da Hacı Muradın öz dininə həddindən artıq sadiq olmasıdır. Knyaz Tarxanov müsəlmanlara yaxşı bələd olduğundan etiraf edir ki, Şamil ona yalnız bu yolla təsir edə bilər – Hacı Muradın dini hisslərini qızışdırıb geri qaytara bilər… Müsəlmanda bu hiss çox güclüdür” (!)
Çeçenistanın bugünkü mətanəti rusların qorxduğu həmin bu müsəlman etiqadından su içmirmi? Eşq olsun bu hissə ki, Şamil müridlərini başına çalma qoydurub qəzavata səslədi. Yüz əlli il qabaq gavura öz dəsti-xəttini göstərən çeçen öz qocasıyla, çavanıyla, qadınıyla, uşağıyla, dağı-daşıyla bu gün düşmən qabağında sipərdir. Qafqaz sipəri.
Müsəlman çeçen xalqının bu dəyanəti İslamın beşinci sütunu sayılan cihad əzmindən, din savaşından xəbər verir. “Müsəlmanda dini hiss güclüdür.” Hər şeydən keçilər, dindən keçilməz! Nicat din birliyindədir. Müsəlmanın bu hissi “Mənim ümmətimin başlıca yürüşü Tanrı yolunda savaşdır” deyən Həzrət Peyğəmbərimizin (S) bu ulu kəlamına söykənir. H-z Peyğəmbər (S) başqa bir kəlamında buyurur: “Hər bir ümmətin bir cür rahibliyi vardır: mənim ümmətimin rahibliyi də düşmənlərin hücumu gözlənilən tərəfdə dayanıb keşik çəkməkdir”.
Heyhat! Bu ulu kəlamı unutmuşuq biz. Azərbaycan müsəlman xalqı, Mühəmməd (S) ümməti olan bizlər ayıq-sayıq durub düşmənin gözlənilən hücumu qarşısında vaxtında sipər çəkmədik… Yağı tapdağına döndü torpağımız. Hamanca rus süngüsünün gücüylə.
SƏN HAQLI DEYİLSƏN, EY RUS!
AMMA ÇEÇEN HAQLIDIR!
Həzrət Məhəmməd (S) başqa bir gözəl kəlamında buyurur: “İnamın ən yüksək dərəcəsi xalqın sənə inanması, savaşın ən yüksək dərəcəsi Allah yolunda sənin də, mindiyin atın da qurban getməsidir. Savaşın ən üstünü Tanrı yolunda savaşdır”.
Allah yolunda, din və azadlıq yolunda mübarizə aparan çeçen xalqının qəhrəmanlığı bu günlər bir daha dünyaya bəyan oldu. Çünki haqq savaşı yenilməz olur. Çünki müsəlman hər şeydən keçər, dinindən keçməz. Yenə də hamanca Lev Tolstoyun şəhadətinə görə, “Şeyx Şamilin birinci sərkərdəsi ” Hacı Murad etiraf edir: “… Şamilin müridlərindən birini vurub öldürdüm. Ona yanaşıb silahını götürmək istəyəndə gördüm ki, hələ sağdır. Gözləri açıqdı, mənə baxırdı. Dedi: “Sən məni öldürdün. Nə olar, qanımı sənə halal eləyirəm. Ancaq müsəlmansan, cavansan, qolunda qüvvət var, qəzavata qoşul. Allahın bizə əmri belədir”.
Bu gün Çeçenistan fenomeninin sirri budur: çeçen xalqında bir qəzavat ruhu hakimdir. İgid Şamilin ruhu çeçen xalqını qəvi bir düşmənlə, işğalçı ilə ölüm-dirim müharibəsinə səfərbər etmişdir. Amansız döyüşlər gedir. Lakin nə dünya ölkələrinin riyakar biganəliyi, nə də qorxunc silahlar bütöv bir xalqı məhv etməyə qadir deyil. Adamın üstündə Allah var!
Ona görə də sən haqlı deyilsən, ey Rusiya!
Amma çeçenlər haqlıdır!
Əgər bu gün rusun şair oğlu Yevgeni Yevtuşenko rus ordusunun Çeçenistanda törətdiyi qırğınlara etiraz əlaməti olaraq “Xalqlar dostluğu” ordenindən imtina edirsə, sən haqlı deyilsən, ey Rusiya!
Amma çeçenlər haqlıdır!
Həm də güclüdür çeçenlər!