“qafqazinfo.az” saytı öz yerində, bir müddətdir, səhərimi “ilkxeber.org” saytı ilə açıram. Aktual, problem yazılar verir, elmi-ictimai əhəmiyyətli, publisistika, dil məsələləri, siyasi polemika və müsahibələr… seçilmiş imzalar… doğru xəbərlər də öz yerində.
Dünən saytda “Yox belə bir Türkiyə…!” adlı müəllifsiz yazı oxudum. Sərlövhəni görən kimi elə bildim, mənim kimi hansısa bir futbol fanatı Türkiyə millisinin dünən Romada uduzması ilə bağlı hiddətini ifadə edib… Mövzu ayrı olsa da, mən də dünən “Avro-2020” oyunlarında uduzan belə bir “Türkiyə” istəmirəm! Yaraşmır! 0:3 hesabı sevdiyimiz Türkiyəyə yaraşmır!
Hisslərimi dediyim yazı üzərində yazmağa çalışıram. Çünki müəllif gözəl sözlər yazmış! “…Türkiyəyə də NATO blokunda olmaq çox mühümdür. Amma bu o demək deyil ki, bu qurumda kimsə ağa olacaq, Türkiyə də ona su daşıyacaq. Yox belə bir dünya, yox belə bir Türkiyə…””. Bax, belə!
“…Amerika anlamalıdır ki, Ərdoğanla hədə və təhdid dilində danışmaq mümkün deyil və faydasızdır – onunla ən doğru olan anlaşmaqdır”. Əcəb!
“…Türkiyə isə çoxdan o bildikləri ölkə deyil və xüsusilə, son illərdə siyasi çəkisi də, dünya siyasətindəki mövqeyi də əhəmiyyətlə dərəcədə artıb”. Qoy, daha da artsın!
“…fakt odur ki, Ankara və Moskvanın əməkdaşlığı yeni qanlar tökmək üçün deyil, axan qanı kəsmək üçündür”. Doğru! Amma dünya bunu görmək istəmirsə, nahaq!
“Müasir Türkiyə dedikdə əlbəttə ki, ölkəni son 19 ildə yönəldən Prezident Rəcəb Tayyib Ərdoğan başa düşülür. Türkiyədə iqtisadi, siyasi problemlər var, amma Ərdoğan iqtidarı ölkəni bu illər ərzində dünya çapında “aşağı liqadan” “yüksək liqaya” çıxarıb – bunu görməmək və qəbul etməmək mümkün deyil. (!) Bu futbol terminləri siyasətdə özünü doğruldub, amma futbolda… Təəssüf, əlacsız qalırıq! Türkiyədə 11 futbolçu tapılmır ki, bu fikri futbolun özündə reallaşdırsın… Qalmışıq əli qoynunda… Nahaq! Bu uğurcanlar, bu karamanlar, bu umutlar, buraklar, hakanlar, yılmazlar… niyə oynaya bilmir? Dünən onlar… ən azı, çox yorğun görünürdü… “Türk belə oynamaz!” – bir şüar da deyək.
p.s. Yazıda Türkiyə-Rusiya siyasi yaxınlaşmaları fonunda dünyada yaranan geosiyasi reallıqlara toxunulur və belə bir sual verilir: “…Suriyada atəşkəs, Qarabağda haqqın qələbəsi məgər dünyanın xeyrinə olmadımı?”. Mətnarası şəkillərin birində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müzəffər siması görünür. Azərbaycan Prezidenti, şübhəsiz, həm də poliqlotdur, Böyük Tərcüməçidir. Ali Baş Komandanımız iki böyük ölkə arasında balanslı xarici siyasət, Türkiyə və Rusiya prezidentləri arasında mahir tərcümə işi aparır. Futbol pərtliyim öz yerində, işim tərcümə olduğundan bu sonuncu cümləni xüsusilə vurğulayıram.