Hərdən
Bu əsrdən
Elə bədgüman oluram,
Yaxşılara da yaman oluram.
Dünən yenə
Şah İsmayıla daş atırdı birisi,
Qan çəkmiş gözümlə boylandım ona,
Dedim bəlkə kirisin.
Biri də Babəkə “bəbək” dedi,
Ağzını əyə-əyə.
Dedim, abrınız tökülsün,
Bir ocaq başı qoymadız and içməyə…
Hər şeyi dəyişib baş-ayaq edirsiz,
Dilləri biri-birinə calaq edirsiz.
Qrammatikamı yaman günə qoymusuz,
Ayıb olsun, ayıb!
Sizin əlinizdən
İsmin heç halı qalmayıb…
Sifətdə sifət saxladız?..
Hər şeyi laxlatdız…
Saya – saymağa nə saxladız?..
Tariximizi daşlaya-daşlaya,
“dışlaya-dışlaya”
Yoxsa gərək hər şeyi sıfırdan başlayaq?
Təsirli-təsirsiz –
Feilin heç hərəkəti yoxdu –
Biganəliyə necə təsir etsin?
Naşı alimciyəzlər
“Ortaq! Ortaq!” deyə
hər gün burunlayır ana dilimi.
Tofiq Hacıyev hardadır? –
Məzardan qaldırsın əlini.
Əvəzlik nəyimizə kar?
Kim kimi əvəz eləyə bilər?
Düzdür, Məmməd Araz da var,
Amma
Səməd Vurğunu əvəz eləyən olmayacaq.
Ey digital dünya!
Necə sevək bu əsri? –
Kreslo quludu alimi, ədibi.
Bizlik deyil
Bu əsrin göbəkdən aşağı ədəbi.
Zərf nəyimizə gərək? –
Tərzimiz ala-bula.
Çıxmışıq bir yolsuz yola…
Zamanı qarışdırmışıq – səbəbsiz-filansız.
Sevgimiz – ümidsiz-gümansız…
Qoşmanı nəyə qoşaq rəvan getsin işimiz?
Bağlayıcı ilə heç nəyi bağlamaq olmur…
Ədatda təsir qüvvəsi yox –
Sözlərin başını saxlamaq olmur…
Modal sözlər də modallıqdan çıxıb,
Hər şey təəssüfdü, qeyri-müəyyəndi.
Cümləmiz axsayır,
Vallah, mən deyəndi.
Görüm, nidalıq nəyi var bu əsrin? –
Şeirimə bir nida gəzdim –
Yaxşı ki, Şuşa nidamız var!
Yoxsa bu əsri sevməzdim!