- Köşə

Fizika qanunu və ya sevgi və zəhər

 

Gülyaz ƏLİYEVA

 

Orta məktəbdə oxuyarkən ən sevmədiyim fənn fizika fənni idi. Bunun da səbəbi vardı. Müəllimimin özü fizikanı heç sevmirdi və fənnini sevmədiyi hər an hiss olunurdu. Bu da bizə sirayət edirdi. Fənni candərdi öyrənirdik. Uşaqdır, deyib keçməyin. Uşaqlar qədər həqiqi sevgini hiss edən heç kəs ola bilməz. Bəzən uşaqlar bu barədə böyüklərdən çox bilir. Sevgi əgər ürəkdə varsa, o, hardasa özünü biruzə verəcək və qarşısındakına sirayət edəcək. Mütləq edəcək. Böyüklər bunu duymaya bilər, amma uşaqlar saf olduğundan bunu tez hiss edir və duyur. Sözümün canı bu deyildi. Nə qədər fizikanı sevməsəm də, fizika qanun və disturlarını, Nyutonun qanunlarını əzbər bilirdim. Səhv etmirəmsə , fizikada beə bir qanun vardı :”Təsir əks təsirə bərabərdir”. Bəzən biz bir adam və ya hadisə haqqında düşünərkən günahı yalnız qarşımızdakında axtarır, özümüzdə görmürük. Öz rəftarımıza, hərəkətlərimizə də deyil, qarşımızdakının davranışlarına və hərəkətlərinə diqqət yeturir, bu üzdən səhv nəticələrə gəlib çıxırıq. Əgər biz bunu özümüz görmürüksə , bir başqasının bu barədə bizə köməyinə ehtiyacımız olur. Odur ki, hər bir insanın həqiqi, dünyagörmüş, ağıllı bir dosta, bir yaxına, ona düz yol göstərəcək müdrik bir insana ehtiyacı var. Hansı yaşda olmasından asılı olmayaraq. Elə olarsa, insanlar sonrakı peşmançılıqdan, vicdan əzabından qurtulmuş olar. Əməllərinin pis nəticəsinə qatlaşmamışmazlar. Gəlin görək, biz hər zaman belə ola bilirikmi?! …

Deyir, uzaq Çində bir qız yaşayırmış. Qəbilənin başçınının da bir qızı varmış, onunla yaxın rəfiqə imişlər. Onlar çox mehriban və sevimli imişlər. Sonralar rəfiqələr arasında ədavət yaranır və davasız bir günləri keçmirmiş. Hətta qız qəbilə başçısına da təsir göstərərək onlara əziyyət verirmiş. Bir gün cana doyan qız atasının köhnə dostunun yanına gedərək ona dərduni danışır. Qızın atasının dostu olan dərmansatan qoca ona bir toz verərək deyir:

– Bu, dünyanın ən güclü zəhəridir. Amma bir dəfəyə versən, qız o an öləcək və hamı bunu sən etdiyini başa düşəcək.

Sən üç ay müddətinə bu zəhərdən onun yeməyinə az -az qat, başçının səndən şübhələnməməsi üçün onunla xoş rəftar elə, evinə çağır, gözəl yeməklər bişir, ver. Üç aydan sonra rəfiqən öləcək və bunu heç kəs səndən bilməyəcək.

Qız sevinc içində evə gəlir və qocanın dediklərinə bir-bir əməl edir. Qəbilə başçısının qızına qarşı xoş davranır, onu evlərinə qonaq çağırır, hər gün dadlı yeməklər bişirərək ona verir və içərisinə də qocanın verdiyi tozdan tökür. Rəfiqələr arasında artıq yenidən mehribanlıq yaranır. Bu xoş rəftarı, mehribanlığı görən başçı da ona öz qızı kimi baxır, köməklikləri dəyir.

Ayın sonuna az qalmış qız etdiyi əməldən çox peşman olur, vicdan əzabı çəkir. O, tez dərmansatan qocanın yanına gedərək yalvarır ki, elə etsin ki, rəfiqəsi ölməsin. Elə bir dərman düzəltsin ki, rəfiqəsinin qanındakı zəhəri yuyub aparsın.

Qoca gülümsəuərək deyir:

– Qızım, sənə verdiyim toz zəhər yox sadəcə, şəfaverici otların qarışığı idi. Əsl zəhər isə sənin ürəyində idi, amma sən qıza qarşı xoş davrandıqca qəlbindəki zəhər də təmizləndi və yerinə bir sevgi doldu.

Dünya yerindədir, sənsə yox…

Yağışı sevdiyini bilirdim,
Saatlarca çardaqda oturub yağışı seyr edirdin …

“Sıra-sıra, inci-inci” nur damlalara tamaşa edərdik!

İndi də yağış yağır.

Sırası pozulub,

Parıltısı itib ..

İndi də yağış yağır.

Yağış var, sən yoxsan ….

Çiçəkləri sevirdin, bilirdim,

Saatlarla çəməndə oturub çiçəkləri qoxlardın.

Torpaqdan ayırmadan, üzmədən.

“Torpaqdan ayrılan çiçək

Ətrin itirər”,- deyirdin.

İndi də çiçəklər açıb.

Əvvəlki ətri yox.

Çiçəklər yenə var, sən yox ..

Günəşi sevirdin,

Səhər tezdən yuxudan qalxıb,

Səhərin şipşirin yuxusuna haram qatıb,

Günəşin dənizdən möhtəşəm doğuşuna tamaşa edərdik.

İndi də günəş doğur,

Əvvəlki möhtəşımliyi yox …

Günəş var, sənsə yox …

Quşları çox sevərdin,

Göyərçinlərin vardı.

Onları qəfəsdə deyil,

Səmada seyr etməyi sevərdin.

Əngin səmada süzən göyərçinləri.

Səmada yenə göyərçinlər var.

Sən yoxsan!

Məni çox sevərdin,

Məni əzizləyərdin.

Məni dünyanın bütün pis gözlərindən qorumaq istərdin!

Mən varam,

Mən sağam,

Sənsə yox …