- Dil, Köşə

Fizzə HEYDƏROVA. “Bu it uşaqları gəlib bizi öldürdü, sonra da adımızı qoydular”

Bu və ya digər ölkəyə qonşu və ya uzaq ölkələrin yerli xalqın dediyindən fərqli adlandırması praktikası geniş yayılıb. Bəzənsə ölkəyə başqaları ad qoyur və ölkədən kənarda hər kəs onu o adla tanıyır. Sonradan yeni adı “təlimək” xeyli vaxt alır. Bütün bunlar bəzən qalmaqala belə səbəb olur.

2011-ci ildə ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klinton çox çətin vəziyyətə düşmüşdü. O, hərbi diktaturanın iyirmi ildir hakimiyyətdə olduğu Myanmaya rəsmi səfərə gəlmişdi. Ölkə artıq liberallaşma yoluna qədəm qoymuşdu. Klintonun səfəri tarixi əhəmiyyət kəsb edirdi – bu iki dövlətin yaxınlaşmasının başlanğıcı olmalı idi və islahatların aparılmasında ABŞ-ın dəstəyini ifadə edilirdi. Ancaq bir ciddi problem vardı: səfər zamanı Klinton çox diqqətli olmalı idi… Məsələ burasında idi ki, 1989-cu ilə qədər bütün dünya bu ölkəni Birma kimi tanıyırdı. Yeni ad tədricən dünyada yayılsa da, bir çox ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatları ən yüksək səviyyədə köhnə addan istifadə edirdi.

Klinton Birma desəydi, inciyəcəkdilər, Myanma da deyə bilməzdi, çünki bu adı ABŞ administrasiyası hələ qəbul etməmişdi. Klinton “bu ölkə” deməklə vəziyyətdən çıxır.

Rusiya ilə münasibətlərin pisləşməsi fonunda Gürcüstan hakimiyyəti Qruziya adından istifadəsinə etiraz etməyə başladı  Bir neçə il əvvəl bununla bağlı hətta Yaponiyaya etiraz notası göndərilib. Dünyanın bir çox ölkələri Gürcüstana Georgia deyir. Yerli xalqın dilində ölkənin adı Sakartvelodur. 2021-ci ilin yanvar ayında Litva rəsmi sənədlərdə Gürcüstanın yeni adını təsdiqlədi – Sakartvelo.

Ən çox ad dəyişən ölkələrdən biri Kambocadır. Müstəqillik qazandıqdan sonra ölkənin adı nə az, nə çox – düz 5 dəfə dəyişib: Kamboca – Kxmer Respublikası – Demokratik Kampuçiya – Kampuçiya Xalq Respublikası Kamboca Krallığı.

Belə “bioqrafiyası” olan ölkələr onlarladır. Zimbabve əvvəllər Cənubu Rodeziya adlanırdı, Mali bir vaxtlar Fransa Sudanı olub. Belizin əvvəlki adı Britaniya Hondurası idi, Burkina-Faso isə Yuxarı Volta adlanırdı.

Müstəmləkəçilik mirasından imtina böyük şəhərlərdən də yan keçməyib. 2001-ci ildə Hindistan Kəlküttənin adını benqal dilində toponimin səslənməsinə uyğun olaraq Kolkata qoydu. Bundan əvvəl Bombey Mumbai, Madras isə Çennai adlanmağa başlamışdı.

Artıq bir neçə ildir ki, Yeni Zelandiyada ölkənin avropalılar tərəfindən qoyulan adının yenisi – Aotearoa ilə əvəz edilməsi ilə bağlı ictimai müzakirə aparılır. Yerli əhali maorilərin dilində Aotearoa “uzun ağ bulud ölkəsi” mənası verir.

Ölkələrin adı heç də hər zaman yerli sakinlərin təşəbbüsü ilə dəyişdirilmir. Makedoniyanın yeni adı ilə bağlı Yunanıstanın etirazları ölkənin Yeni Makedoniya adlanması ilə nəticələndi. Bəlkə də, Yunanıstanın qonşularına təsir etmək üçün təsirli bir yolu olmasaydı, bu mübahisə sonsuza qədər davam edərdi: ölkə Makedoniyanın NATO və AB-yə üzv olmaq istəyini əngəllədi.

2018-ci ildə Afrika ölkəsi Svazilend “yoxa çıxdı”. Səbəb yerli kralın onu adını dəyişdirmək qərarı oldu. Nə üçün? Çünki Switzerland-ə, yəni İsveçrənin ingiliscə adına çox bənzəyirdi. “Xaricə getdiyimiz zaman insanlar İsveçrədən olduğumuzu düşünürlər” deyən monarx Msvati III incimişdi.

Ancaq kral üçün belə bir problemi həll etmək o qədər də çətin deyil: Svazilend artıq yoxdur, indi Esvatini var.

Növbəti kimdir? Bəlkə, bu ölkə Filippin oldu. Çünki 2019-cu ildə Filippin Prezidenti Rodriqo Duterte ölkənin adını dəyişdirməyi düşündüyünü söylədi. Ada dövlətinin yeni adı Maharlika Respublikası ola bilər.

Rodrigo Duterte düşünür ki, Filippinin öz köklərinə qayıtmasının vaxtı gəlib.

Potensial ad dəyişikliyinin səbəbləri ölkələrin əksəriyyətində eynidir: müstəmləkə keçmişindən ayrılmaq.

“Ölkəmizin adını səyahət xərcləri İspaniya kralı Filip tərəfindən ödənilən Magellan verib. Buna görə də o axmaq ölkəmizi onun adı ilə Filippin adlandırdı”, – deyə Duterte bildirib. “Bu it uşaqları bura gəldi, bizi öldürdü, azadlığımızı əlimizdən aldı. 400 il ərzində bizim Malay köklərimiz tədricən yox oldu. Amma eybi yoxdur, bir gün bu adı dəyişəcəyik.

Yazı İnternet materialları əsasında hazırlanıb.