- Dil, Köşə

Fizzə HEYDƏROVA. Malagedəndən Vişnəxanıma atəşin salamlar



Dünyada qeyri-adi və bəzən unikal adlar getdikcə daha çox yayılır. Bu tendensiya mədəniyyətlərdə bəzi dəyişiklikləri əks etdirir. Son illər dünyanın müxtəlif yerlərində valideynlərin ad seçiminə hətta dövlət qarışmalı olur. Belə ki, Fransada Nutella adı, Böyük Britaniyada Sianid adları qadağan edilib, Yeni Zelandiyada isə valideynlərinin “Havay adalarında xulu rəqs edən Talula” adlı qızı məhkəmə öz himayəsinə götürüb və uşağa sadə ad seçilməsi ilə bağlı qərar verib.

Lester Universitetinin sosioloqu Ceyn Pilçer hesab edir ki, ad şəxsiyyətin əsasını təşkil edir. Həmçinin cinsimizi, etnik mənsubiyyətimizi və bir çox başqa şeyləri müəyyən edən  sosial-mədəni kimliyimizin bir hissəsidir. Lakin bu məqamlar bəzi valideynləri narahat etmir və onlar övladlarına nadir və qeyri-adlar seçməkdən çəkinmirlər. Kaliforniya Universistetinin psixologiya professoru Cin Tvenge 2010-cu ildə 1880-ci ildən 2007-ci ilə qədər anadan olan 325 milyon uşağın adını araşdıraraq belə nəticəyə gəlib ki, 20-ci əstin ortalarından ənənəvi adların populyarlığı sabit olaraq azalmağa başlayıb. Əgər 19-cu əsrin sonlarında hər il doğulan uşaqların 32%-ə qeyri-adi və ya yeni ad qoyulurdusa, 20-ci əsrin sonlarında doğulan uşaqların 77%-i unikal ad daşıyıcısı olub. Bu tendensiya nədən xəbər verir və gələcək nəsillər üçün hansı nəticəsi ola bilər?

Kütlədən seçilmə istəyi

Bu fenomeni öyrənən psixoloqlar və sosioloqlar olduqca qeyri-adi nəticələrə gəlib. İzahlardan biri orijinal adların fərdiyyətçiliyə doğru mədəni bir dəyişikliyi əks etdirməsidir. Araşdırıcıların gəldiyi nəticəyə görə, insanlar bu yolla kütlədən seçilməyə çalışır. Qeyri-adi adlarla kütlədən seçilənlərə dünyanın istənilən nöqtəsində rast gəlmək olar.

Məsələn, 19-cü əsrdə Fransada qeyri-adi soyadlı ailə yaşayıb. Bu ailənin soyadı sözdən yox, rəqəmdən ibarət olub – 1792. Ailənin dörd oğluna isə ayların adları qoyulub: Yanvar

1792, Fevral 1792, Mart 1792 və Aprel 1792. Bu qəribə nəslin sonuncu nümayəndəsi “cənab Mart 1792” 1904-cü ildə dünyasını dəyişib. Çikaqo ştatında yaşayan Ceksonlar ailəsi isə beş qızına xəstəlik adı qoyub: Meningit, Laringit, Appendisit, Peritonit, Tonzillit. Yeni Orleandan olan May ailəsi qızlarına Mu, Vu, Qu adları qoyub.

İki kilo düyünün hünəri

Hindistanda Kandxmal kəndində “Mən kartofu sevirəm” adlı oğlan yaşayır. Həmin kənddə “İki kilo düyü”, “Gümüş dollar” kimi adlara da rast gəlmək olar. Iki kiloqram düyü hökumətin hər doğulan uşağa görə verdiyi hədiyyədir və ad məhz bu hədiyyənin şərəfinə qoyulub.

Bu adları eşidəndən sonra 1998-ci ildə Ukraynanın Xarkov şəhərində uğaqlara qoyulan Şahzadə Diana və Hamlet adları o qədər də təəccüblü gəlməz. Hindistanlılar dünyanın bürüyən pandemiyadan da istifadə etməyi unutmayıblar. Belə ki, ötən il Raypur şəhərinfə doğulan əkizlərə Kovid və Korona adları verilib.  Rusiyanın Novokuznetsk şəhərində valideynləri yeni doğulan oğlana Kovid adı verib.

Qəribə sovet adları

Oktyabr inqilabından sonra hər hansı əlamətdar hadisəyə, yaxud hansısa şəxsə həsr edilən adlar az olmayıb. Bunlardan Lorierik (“Lenin, Oktyabrskaya Revolutsiya, İndistrializasiya, Elektrofikasiya i Komminizm” sözlərindən yaradılıb), Uryurvkos (“Ura, Yura v kosmose”), Kukutsapol (“Kukuruza tsaritsa poley”), Laqşmivara (“Laqer Şmidta v Arktike”), Dazdraperma (“Da zdravstvuyet pervoye maya”), Elektrifikasiya, Revolyusiya, Dekreta, Smıçka, Traktor, Algebrina, Turbina, Dizel, Drezina, Revdit (Ditya revolutsii”), Pofistal (“Pobeditel faşızma İosif Stalin”), hətta Pervosrak (“Pervaya kosmiçeskaya raketa”), Vladlen (qısaldılmış Vladimir Lenin), Ninel (Lenin adının tərsi), Kim (“Kommunistiçeskiy İnternasional Molodyoji”) adlarını göstərmək olar.

“Adın nədir?” “On dəqiqə gözləyəcəksən?”

1979-cu ildə ABŞ-ın Montana ştatında doğulan S.Ellen Corciananın adındakı ilk S 598 hərfdən ibarət olan və qısaldılan adın ilk hərfidir. Yaxınları onu Snoyoyl çağırır. Ancaq bu ad da Braxmatra soyadlı hindistanlının adının yanında qısa görünür. 1478 hərfdən ibarət dünyanın ən uzun adını oxumaq üçün 10 dəqiqə vaxt tələb olunur. Ad tarixli yerlər, məşhur diplomatların, teoloqların, alimlərin və s. adı özündə birləşdirir.

Havay adalarında adı və soyadı 102 hərfdən ibarət olan Nau-Amo-Xala-Ona-Ona -Aneka-Vexi-Vexi-Ona-Xivea-Nena-Vava-Kexo-Onka-Kaxe-Xea-Leke-Ea-Ona-Ney-Nana-Nia-Keko-Oa-Oqa-Van-İka-Vanao adlı qız yaşayır. Mənası “Dağların və vadilərin çoxsaylı gözəl çiçəkləri ətirləri ilə Havayı uzununa və eninə doldurmağa başlayır” olan adı müəllimlər məktəb jurnalına sala bilməyib. Məşhur rəssam Pablo Pikassonu hamı tanısa da, onun 93 hərfdən ibarət ad və soyadını bilməyənlər var – Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomukeno Krispin Krispiano de la Santisima Trinidad Ruiz va Pikasso.

Postsovet adları

2008-ci ildə Moskvada oğlanlara Sever, Delfin, Veter və Angel, qızlara isə Luna və Qalaviktoriya adları qoyulub. Ondan bir il əvvəl isə Rusiya paytaxtında Salat Latuk, Aviadispetçer, Prosto Geroy, Yaroslan-Lyutobor, Zarya-Zaryanitsa, Volya, Rossiya, Proxlada və Prvatizasiya adları qeydiyyat alınıb. Ən qəribə adları sırasına isə BOÇrVF 260602 (Bioloqoçeskiy obyekt Çeloveka roda Voroninıx-Frolovıx, rodivşiysa 26 iyuna 2002 qoda) adını daxil etmək olar.

1998-ci ildən Rusiyada qeydiyyata alınan qəribə adlar arasında Dmitri-Ametist, Matvey-Raduqa, Nikolay-Nikita-Nil, Qraf, Dar, İvan-Kolovrat, Merkuri, Kantoqor-Yeqor, Mart, Xristamrirados, Knyaz, Prints, Kosmos, İlya-Boqodar, Kasper Nenaqlyadnıy, Arxip-Ural, Yeremey-Pokrovitel, Kit, Kua-Sçastye, Sammerset, Ouşen, Monono-Nikita, Oqneslav, Budda-Aleksandr, Qospodin, Mir, Anikey, İon, Lukiliann, Xoan, Altair, Yason, qızlar arasında Kassandra, Zabava, Konsuella, Baqira, Uslada, Qoluba, Aprel, Vişnya, İndiya, Prinsessa Daniella, Rosiyana, Lyalya, Angel Mariya, Lunalika, Prinsessa Anjelina, Alyoşa-Kaprina, Okeana, Radost, Alyona-Svetoçek, Lisa, Rodastina, Sofiya-Solnışko adları da var. Son üç ildə Rusiyada Juja, Tulpan, Millionera adlarına da rast gəlinib. Həmçinin övladlarının Lütsifer, Lütsiy və Olivye adını daşımasını istəyənlər də tapılıb.

Bolqar Mançester Yunayted
ABŞ-da da uşaqlarına qəribə ad qoyanlar az deyil. Son illər Eros, Xarizma, Lanselot, Leksus, Fantaziya, hətta Messiya adları artıb. Belə ki, iki ildə min uşağa Messiya adı qoyulub.

Tanınmış şəxslər arasında da övladlarına qeyri-adı ad qoyanlar var. Məsələn, məşhur futbol ulduzu Devid Bekhem oğluna Nyu-Yorkun məşhur rayonun şərəfinə Bruklin adı qoyub.

2007-ci ildə isə İngiltərənin “Mançester Yunayted” klubunun bolqarıstanlı azarkeşi Marin Zdravkov adını və soyadını dəyişərək sevimli klubunun şərəfində Mançester Yunayted yazdırıb.

Malagedəndən Vişnəxanıma atəşin salamlar

Azərbaycanda da övladlarına qəribə adlar qoymaq istəyənlər yetərincədir. Son illər bəzi adların qoyulması qadağan edilsə də, yenə də qeyri-adi adlara meylli olanlar və bu adları qeydiyyata saldırmağı bacaranlar tapılır. Məsələn, 2020-ci ildə doğulan oğlanlara arasında Yoxdur, Fatih Sultanmehmet, Oren, Yuzarsif, Qalibiyyət, Yapon, Təbib, Allahpayı, Meydan, Kainat, Əlimöhkəm, Bağban, qızlar arasında isə Mimoza, Kinəvəs, Sələmə, Azra Melek, Azra Zumrud Antoinetle, Gün, Vəskinə, Nəhayət, Səviyyə, Yaraşıq, Siyasət, Hamar, Gilas, Qəşəng adlarına rast gəlinib. Lakin bu adların içində, bəlkə də, ən qəribəsi iki qıza qoyulan Məhəmməd adıdır.

Son illər uşaqlar arasında Bülbülxanım, Qartal, Toyxanım, Göygöz, Başxanım, Ramzes, Çaydagül, Ram, Şam, İstifa, Külək, Qələm, Kitabulla, Partizan, Məsməsə, Gülməmi, Qızılbaş, Jaket, Vişnəxanım, Dəmirbala, Dəzgah, Tarzan, Baltamoğlan, hətta Ronaldo və Messi adlarını daşıyanlar da var.  Qəribə adlar qadağan edilənə qədər də Azərbaycanda qeyri-ad daşıyıcılarının sayı yetərincə olub. Bunların arasında Otdelnıy, Mels (Marks, Engels, Lenin, Stalin), Tak-Tak, Dəftər, Məmiş, Pətiş, Xətkeş, Qədəşbala, Minnət, Yanvar, Petka, Saatxanım, Dəyirman, Kommunist, Kombayn, Kolxoz, Sovet, Şulu, Beykas, Valik, Salomon, Sülüyman, Türməxanım, Xalat, Ölfətəhər, Konfrans, Oğul, Çiçəktəkin, Güləmbər, Şaqli, Misgər, Raksil, Şoqu, Setka, Esanda, Şilləxanım, Telefon, Oktyabr, Maşdıbış, Canbığı, Qaytaran, Limonə, Sənsiz, Şapı, Verməzyar, İrzultat, Malagedən, Ördək adlarını yada salmaq olar.