Bu, cəmi min nəfərin danışdığı ölməkdə olan bir dil yox, bir nəfər üçün xüsusi olaraq yaradılmış, lakin milyonlarla insanın bildiyi bir dildir.
Bu vacib şəxs Tailandın ən sevimli və hörmətli sakini – onun kralıdır. Kral və ailəsi haqqında yalnız zərif “kral dili” mənası verən raçasap dilində danışmaq olar.
Tay dilinin digər növləri arasında məişət, ədəbi, ritorik (ictimai çıxış üçün) və dini (buddistlərlə ünsiyyətdə və ya rahiblərə müraciət edərkən) dil var. Tailandın əksər sakinləri bunların hamısında danışa bilər. Məktəblərdə raçasap dili öyrədilir və o, təxminən 700 ildir dəyişməyib.
Keçmişdə şairlər bu zərif dildən istifadə edərək qəhrəmanları tərənnüm edən şeirlər yazıblar. Raçasap bu məqsəd üçün mükəmməldir: “ayaqlar” (taylara görə bədənin ən çirkli hissəsi), “üz”, “gözlər” kimi gündəlik sözləri yoxdur. Bu dildə yalnız “lotos kimi ayaqlar”, “parlaq üz” və “gözəl gözlər” var. Gözəldir, elə deyilmi? (Yeri gəlmişkən, tay pulunun üstündə kralın şəkli var, ona görə heç vaxt onu tapdalamaq olmaz.
Deyirlər ki, kral ailəsinin üzvlərinə müraciət belə başlamalıdır “mən sənin ayağındakı tozdan başqa bir şey deyiləm”. Yerli mediada tanrıya bənzədilən Tailand kralı və onun ailəsi ilə bağlı bütün xəbərlər raçasap dilində yayımlanır. Rəsmi protokollar, mərasimlər bu dildə keçirilir. 700 ildən artıqdır mövcud olan bu kral dilində müxtəlif statuslu monarxlara müraciət etmək üçün müxtəlif əvəzliklər, isimlər və feillər nəzərdə tutulur və hətta yalnız krala münasibətdə işlənən ayrıca “sən” sözü var. Bu dildəki sözlərin əksəriyyəti kxmer və pali-sanskrit köklərinə malikdir.
Söhbət tay dilindən getdiyi üçün tay adlarından ayrıca danışmaq istərdik. Rəsmi tay adları sistemi Qərbdəki kimidir: addan sonra soyad gəlir. Yeri gəlmişkən, əvvəllər tailandlıların soyadları olmayıb. Onlardan rəsmi olaraq 1913-cü ildə kralın tapşırığı ilə istifadəyə başlanılıb. O, şəxsən öz təbəələri üçün soyadlar hazırlamışdı: Honqsavan (“səmavi qu quşu”), Vonqrat (“qiymətli daşlar ailəsi”), Rakponmuanq (“vətəndaşlara qayğı”) və minlərlə başqa soyadlar. Kral ailəsinin nəsilləri gözəl nəcib soyadlar yaratmaq üçün coğrafi adlara “na” sözönü əlavə edirlər (məsələn, Na Talanq, Na Ayutthaya).
Başqa bir maraqlı fakt: bütün tailandlıların iki adı var: əsl ad və ev adı. Tailandlılar əsl adın seçiminə çox ciddi yanaşırlar, çünki bütün həyatını onunla yaşamalısan, amma tay ev adını və ya ləqəblərini sonsuz sayda dəyişə bilər.
Son vaxtlar ingilis ləqəbləri taylar arasında məşhurlaşıb. Valideynlərinin meyli, marağı ilə bağlı ləqəblər var: Keyk (tort) Ays (buz), Soni, Nokia və ya Pepsi. Hətta əcnəbi sözlərin ixtisarları ləqəb kimi istifadə olunur: Tem (Je t’aime-dən – mən səni sevirəm), Lo (Marlboro-dan), Bo (Jumbo-dan – yöndəmsiz), Mainyu (“Mançester Yunayted”dən). Hətta ingilis əlifbasının hərfləri Tailand sakinləri üçün ləqəb ola bilər: A, B, C, J, O, M!
Beləliklə, kral dili raçasap Tailandın mədəniyyətinin və adət-ənənələrinin ayrılmaz hissəsidir. Bu krallığı turist broşürlərində tez-tez “təbəssüm ölkəsi” adlandırırlar, çünki taylar hər hansı fikir ayrılıqlarını və mübahisələrini təbəssümlə və “mai pen rai” (“fərqi yoxdur”) ifadəsi ilə həll etməyə alışırlar. Bundan əlavə, Tailand sakinləri inanırlar ki, həyat əyləncəli olmalıdır.
İnternet materialları əsasında hazırlanıb